PDF Oxu

Sosial

  • 15

Salyan yeni inkişaf mərhələsində

Salyan yeni inkişaf mərhələsində

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, respublikamızın bütün bölgələrində olduğu kimi, Kürün sahilində yerləşən Salyan rayonunda da böyük nailiyyətlər əldə olunub. Elə bunun nəticəsidir ki, rayon əhalisinin sosial-iqtisadi vəziyyətləri xeyli yaxşılaşıb, yeni iş yerləri açılıb, böyük sənaye potensialı yaradılıb. Qeyd edək ki, Salyan rayonu Azərbaycanın ən qədim tarixə malik rayonlarındandır. Rayon əhalisinin əsas məşğuliyyəti olan maldarlıq və əkinçilik geniş inkişaf edib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində yeni yaşayış massivi tikilib

Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Bu siyasətin reallaşdırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu uşaq evlərinin, internat məktəblərin, səhiyyə, təhsil ocaqlarının bərpası və tikintisi, eləcə də əlil, aztəminatlı və yeni ailə qurmuş şəxslərin mənzillə təmin olunması baxımından mühüm sosialyönümlü tədbirlər həyata keçirir. Salyan şəhərində istifadəyə verilən şəhərcik də Heydər Əliyev Fondunun növbəti sosialyönümlü layihələri çərçivəsində inşa edilibdir. RİH-dən verilən məlumatına görə, ötən il dekabrın 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış yeni yaşayış massivinin açılışı olub. 8 hektar ərazidə salınan yeni yaşayış massivində birmərtəbəli 167 ev inşa olunubdur ki, bunlardan 6-sı dördotaqlı, 29-u üçotaqlı, 131-i ikiotaqlı, biri isə birotaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda daxili yollar asfaltlanıb, şəhərcik daxilində 3 min 755 metr qaz və 2 min metr içməli su xətti çəkilib, 49 müasir işıqlandırma dirəyi quraşdırılıbdır. Qəsəbə tam şəkildə mavi yanacaq və elektrik enerjisi ilə təmin olunmuş, sayğaclaşdırma işləri başa çatdırılıbdır. Ümumilikdə, 5 min 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, 12 min ağac və bəzək kolları əkilmişdir. Onu da vurğulayaq ki, şəhərcikdə inşa olunan evlər əsasən Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr üçün nəzərdə tutulubdur.
RİH-in məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində hər biri 200 yerlik olan 5 xeyir-şər evi də inşa edilir.

Kür-Araz çaylarının mühafizəsi sahəsində uğurlu işlər aparılıb

Ötən ilin yazında Kür və Araz çaylarının şıltaqlığı nəticəsində yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması sahəsində rayonda böyük işlər görülür. Belə ki, evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün rayonun Kürqaraqaşlı bələdiyyəsinin ehtiyat fondundan 19 hektar torpaq sahəsi ayrılmış, qısa müddətdə həmin ərazidə və rayonun kəndlərində 80 fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, 183 nəfərə əmlaklarına dəymiş ziyana görə kompensasiyalar ödənilmişdir. Elə bu uğurlu işlərin nəticəsidir ki, ötən il noyabrın 1-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə təbii fəlakətdən ziyan çəkmiş ailələrə inşa edilmiş 80 fərdi yaşayış evlərinin açarları təqdim edildi.
Hazırda isə, Fövqəladə Hallar Nazirliyinin xətti ilə əlavə olaraq şəhər ərazisində 47, Qaraçala qəsəbəsində 2, Çuxanlı kəndində 3, Beştalı kəndində 1, Qarabağlı kəndində 2, Pambıqkən kəndində 4, ümumilikdə, 59 evin tikintisi davam etdirilir.

Salyanda ötən il 141 milyon 274 min manat həcmində məhsul istehsal olunub

Respublikamızın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı"na uyğun olaraq xeyli işlər görülübdür. Belə ki, ötən il Salyanda məhsul buraxılışının həcmi 141 milyon 274 min manata yüksəlmişdir. Rayonda sənaye məhsulunun həcmi 6,6 faiz, pərakəndə ticarət dövriyyəsi 11,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 8,9 faiz, nəqliyyat xidmətinin həcmi 11,1 faiz, tikinti işlərinin həcmi 9,3 artmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 21 milyon 814 min manata qədər yüksəlibdir. Bir nəfərə düşən orta aylıq əmək haqqı isə 189,3 manat təşkil edibdir.

Təhsil və səhiyyədə uğurlu nəticələrlə mövcuddur

Salyan rayon təhsilinin uğurları haqqında danışmamaq olmaz. Ona görə ki, bu torpağın çox böyük ziyalıları- Əlövsət Quliyev, Xəlil Rza Ulutürk, Həsən Məmmədov, Əliağa Kürçaylı, Qulu Əsgərov və digərləri bu torpağın övladlarıdır. Təhsilə böyük diqqətin nəticəsidir ki, ötən il 340 nəfər abituriyent respublikanın ali məktəblərinə daxil olubdur. 18 nəfər salyanlı məzun isə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Ötən illərdə rayonda 13 məktəbin tikintisi və 33 sinif otağının əsaslı təmiri təhsilə göstərilən diqqətin nəticəsidir.
Rayonun 6650 hektar ərazisi olan Qaraçalada 2 tam orta məktəb, 2 əsas orta məktəb, 2 uşaq bağçası fəaliyyət göstərir. Ötən il Xurşud kənd orta məktəbi üçün isə 200 yerlik bina inşa edilib, rayon incəsənət məktəbi, Yenikənd kənd musiqi məktəbi, rayon tarix-diyarşünaslıq muzeyi təmir edilibdir. Hazırda rayon mədəniyyət evi təmir edilir, şəhər cümə məscidi bərpa olunur, uşaq texniki yaradıcılıq mərkəzi və uşaq kitabxanası üçün yeni bina tikilir.
Salyan tibb sahəsində öz tarixi, öz yeri olan rayonlardandır. Hələ XVIII əsrdə Salyanda müxtəlif dərman preparatları olan dükan-aptek fəaliyyət göstərmişdir. Bu gün də həmin ənənə davam etdiyindən, Salyan rayon səhiyyəsinə ətraf rayonlardan müraciət edənlər kifayət qədərdir. Rayon mərkəzi xəstəxanası yeni təmir edilərək, ən müasir avadanlıqlarla təhciz edilibdir. 6 kənddə həkim məntəqəsi, 2 kəndə isə tibb məntəqəsi inşa edilərək, sakinlərin ixtiyarına verilib, bir sıra tibb ocaqları əsaslı təmirdən sonra müasir görkəmə salınıbdır.
Ümumiyyətlə, Salyan rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq, dəstəkləyir və müdafiə edirlər.

Digər xəbərlər