Qars müqaviləsi qüvvəyə minə bilər
Dağlıq Qarabağda müharibə başlayarsa, Türkiyənin Azərbaycana, Qars müqaviləsinin tələbinə uyğun olaraq, hərbi dəstək göstərməsi nə dərəcədə realdır? Rusiyanın Ermənistanla hərbi müqaviləsi mövcuddur. Bu mənada, Rusiyanın da, Dağlıq Qarabağ müharibəsinə qoşulması mümkündürmü? Bu suallarla politoloq Elşad Mirbəşiroğluna müraciət etdikdə, o, bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də Türkiyənin Azərbaycanın yanında olacağına əmin olduğunu bildirdi:
- Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlar bir nəticə verməzsə, bu halda, Azərbaycan hərbi gücünə əl atacaqdır. O ki qaldı Türkiyənin Azərbaycana hərbi dəstək verməsi məsələsinə, bəli, Azərbaycanla Türkiyə arasında Qars müqaviləsi var. Sadəcə olaraq, bu məsələnin hüquqi tərəfləridir. Burada Qars müqaviləsi, Azərbaycan Demokratik Respublikası ilə, Türkiyə Cümhuriyyəti arasında bağlanmışdır. Yəni hansı məqamlar bizə imkan verirsə, ondan da yararlanacağıq. Hər şeydən öncə isə hazırkı Azərbaycan Respublikası, özünü Azərbaycan Demokratik Respublikasının varisi kimi elan etmişdir. Bu istiqamətdə işlər aparılarsa, iki dövlət arasında məsələ ilə bağlı mövqelərə aydınlıq gətirilərsə və bu məqam dəqiqləşdirilərsə, bəli, Türkiyə tam hüquqlarla Azərbaycana hərbi dəstək verə bilər. Yəni bunun üçün hüquqi əsaslar var.
Politoloq Elman Nəsirov isə regionda münaqişə ocaqlarının hər an alovlana biləcəyini istisina etmədiyini söylədi: - Ermənistan heç bir halda konstruktiv mövqe nümayiş etdirməzsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları danışıqlar naminə və vaxtı uzatmaq naminə apararsa, bu müharibənin başlanmasını labüd edər. Müharibə başlayarsa, heç şübəsiz ki, bu cür fikirlər səslənir ki, burada Azərbaycanın müttəfiqi kim olacaq? Yəni bu müharibədə hansı dövlət Azərbaycanın yanında olacaq. Bildiyiniz kimi, dünyada Azərbaycana ən yaxın strateji tərəfdaş məhz Türkiyədir. Türkiyə ilə Azərbaycan arasında Qars müqaviləsi var. Burada Qars müqaviləsi daha çox Naxçıvanın müdafiəsilə bağlıdır. Yəni əgər Ermənistanın Naxçıvana qarşı təcavüzü baş verərsə, bu halda, Qars müqaviləsinə görə, Türkiyə məhz Naxçıvanın təhlükəsizliyinin təminatçısı kimi həmin müharibəyə qoşula bilər və buna hüquqi əsası var. Bildiyiniz kimi, artıq həm Azərbaycan parlamentində, həm də Türkiyə parlamentində Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin inkişafı ilə bağlı müqavilə imzalanıb. Burada isə Azərbaycanın ərazisinə müdaxilə olduğu təqdirdə, Azərbaycan hərbi təcavüz obyektinə çevrildiyi təqdirdə, həm də hərbi sahədə əməkdaşlıq məsələləri öz əksini tapıb. Yəni əgər indi Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Türkiyə 2010-cu ildə imzalamış müvafiq müqaviləyə əsasən, Azərbaycana hərbi sahədə dəstək vermək hüququnu özündə saxlayır. Əgər Rusiya Ermənistanın tərəfindən, Türkiyə də Azərbaycan tərəfindən müharibəyə qatılarsa, onda unutmaq olmaz ki, Türkiyə də NATO ölkəsidir. Yəni, NATO nizamnaməsinin 5-ci maddəsinə görə, NATO üzvlərindən biri hərbi müdaxilə və hərbi müharibə vəziyyətindədirsə, belə olan təqdirdə, digərləri də onun müdafiəsinə qalxmalıdır. Yəni, nəticə etibarilə, Türkiyənin və Rusiyanın potensial Ermənistan-Azərbaycan müharibəsinə qatılması, regionda böyük bir müharibənin yaranmasına səbəb ola bilər. Çünki burada söhbət NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Bu da baş verməsin deyə, bu arada daha çox kənardan təzyiqlər ola bilər. Yəni bu dövlətlər, nə Türkiyə, nə də Rusiya birbaşa həmin o potensial müharibənin iştirakçısı olmaq istəməz.