Abşeron rayonunda Yeni Azərbaycan Pariyası üzvlərinin sayı 6 mini keçmişdir
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının ümdə vəzifələrindən biri də xalqa xidmətdən etmək, ümummilli maraqlardan və dövlətçilik ənənələrindən çıxış etməkdir. YAP-ın yaranması və Azərbaycan cəmiyyəti daxilində özünə böyük dayaqlar yaratması xalqın Ulu Öndər Heydər Əliyevə olan dərin məhəbbətindən, millətin öz liderinə olan sədaqətindən irəli gəlir.
Bu və digər məsələlərlə bağlı qəzetimizə açıqlama verən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev xatırlatdı ki, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı 1993-cü ilin fevral ayında yaranmışdır. Həmin ayda rayon təşkilatının birinci təsis yığıncağı keçirilmişdir və rayonun ictimai-siyasi fəalları, ictimaiyyət nümayəndələri Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının yaranması ideyasını yekdilliklə dəstəkləmişdir: "Həmin dövrlər respublikada cərəyan edən hadisələr, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün qeyri-demokratik addımları təzyiqlərlə müşahidə olunurdu. Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunurdu. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu".
B.Vəliyev qeyd etdi ki, o dövrlər bir sıra təzyiqlərlə də üzləşdik, lakin bütün bunlara rəğmən biz təşkilatın yaranmasının və fəaliyyət prinsipinin genişləndirilməsinə nail olduq. "Təşkilatlanma məsələsində ilk işimiz ictimaiyyəti, xalqı bu partiyanın göstərəcəyi fəaliyyəti və nizamnaməsi ilə tanış etmək idi. Eyni zamanda, bizim sayımız o zamanlar 30-40 nəfəri təşkil edirdi. Artıq bundan sonra partiyamıza gələnlərin sayı tədricən artmağa başladı və əhatə dairəsi genişləndi. Məhz bunun nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyasının sıraları davamlı olaraq artmaqdadır".
Hazırda ümumi olaraq, Yeni Azərbaycan Partiyasında 530 mindən çox vətəndaşın təmsil olunduğunu xatırladan YAP Abşeron rayon təşkilatının sədri vurğuladı ki, Abşeronda partiya üzvlərinin sayı 6 mini keçmişdir, bunun 52 faizini gənclər, 50 faizə qədərini isə qadın üzvlərimiz təşkil edir. Eyni zamanda, təkcə 10 gün ərzində Abşeron rayonunda partiya sıralarına 208 nəfər üzv qəbul olunmuşdur. Yeni Azərbaycan Partiyası üzvlərinin əksər çoxluğu təhsil, səhiyyə və digər ictimai sahələrin nümayəndələridir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə də hazırlaşdıqlarını deyən B.Vəliyev vurğuladı ki, bütün kəndlərdə və qəsəbələrdə tədbirlər planı hazırlanıb: "Həmin tədbirlər planına görə, artıq vaxt da təyin edilib. Bilavasitə YAP Abşeron rayon təşkilatı da bu mühüm tədbirin keçirilməsi üçün fəaliyyət planını həyata keçirəcək. Artıq ayın 20-dən bu tədbirlərin həyata keçirilməsinə başlamışıq. O cümlədən, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Məktəblərdə və digər təhsil müəssisələrində isə ədəbi-bədii kompazisiyalar nümayiş olunacaq".
Ölkə başçısı, Prezident İlham Əliyevin gördüyü abadlıq və quruculuq işlərinin əhəmiyyətinə də toxunan YAP Abşeron rayon təşkilatının sədri qeyd etdi ki, bu gün ölkəmizin inkişafı və tərəqqisi istiqamətində reallaşan işlərin hər biri dövlət başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır: "Cənab Prezidentin regionlara ardıcıl səfərləri, bölgələrdə abadlıq və quruculuq işlərinin geniş vüsət alması bütün bu deyilənləri yetərincə təsdiqləyir. Vurğulamaq istərdim ki, Abşeron rayonunda, eyni zamanda, Xırdalan şəhərində də abadlıq və quruculuq işləri davam etməkdədir. Xüsusilə, məhəllədaxili yolların, qəsəbələrin modernləşməsi, yeniləşməsi istiqamətində görülən işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Onlar cənab Prezidentə gördüyü nəhəng quruculuq işlərində daim uğurlar diləyir, Ona minnətdarlıqlarını bildirirlər. Təbii ki, bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqına olan diqqəti və qayğısıdır. Təkcə Xırdalan şəhərində və ətrafında onlarla yeni məktəblər tikilmiş, ya da yenidən əsaslı təmir olunmuş, yeni səhiyyə ocaqları istifadəyə verilmişdir. Bütün bu həqiqətlər, təbii ki, millətin və xalqın gözünün qabağında baş verən bir gerçəklikdir, bir reallıqdır".