Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda mətbuat konfransı keçirib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə və bu məsələ ətrafında cərəyan edən bir sıra digər məsələlərə toxunulub. Münaqişənin həlli prosesində fəallığın olduğunu bildirən M.Əhmədoğlu bildirib ki, bu fəallıqda hər hansı konkret istiqamət mövcud deyil: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin səsləndirdikləri son bəyanatlar ciddi hadisədir. Həmsədlər münaqişənin Madrid prinsipləri ilə həllinin vacibliyini təsdiq ediblər: Son bir ildəki bəyanatlar münaqişənin tənzimlənməsi prinsiplərinə uyğun gəlmirdi, ancaq bu bəyanat münaqişənin nizamlanması üçün əsas prinsipləri özündə ehtiva edir. Bu dəfə güclü Azərbaycan Ordusu diplomatik proseslərə böyük təsir göstərdi. Azərbaycan aviasiyasının təlimləri ATƏT-in Minsk qrupunun həmsədrlərini belə bir bəyanat verməyə vadar etdi".
Politoloq işğalçı Ermənistanın mövqeyində iki istiqamətin olduğunu hesab edərək, qeyd edib ki, bu istiqamətlərin hər ikisi məntiqsizdir. Birinci istiqamət odur ki, prezident Serj Sarkisyan sərbəst yerdəyişmə hüququnun Avropanın açar hüququ olduğunu deyir:" O, hesab edir ki, Azərbaycan mülki təyyarələrin Yerevandan Xankəndə uçmasına mane olmaqla bu hüququ pozur. Ermənistan belə bir hüququ erməni əhalisi üçün tələb etdiyi halda, işğal olunmuş ərazilərdən didərgin düşən insanlar niyə evlərinə qayıda bilməsinlər. İkinci istiqamət isə odur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində insan hüquqlarına söykənməsini istəyir. Fikirləşirlər ki, ermənilərin hüquqlarını müdafiə etməklə münaqişəni həll etmək olar. Məgər azərbaycanlı qaçqınların hüquqları yoxdur?".
SİTM-in rəhbəri Madrid prinsiplərinin qəbulu ilə Ermənistanın iflasa uğrayacağını da reallıqla uyğunlaşdığını deyib. O, qeyd edib ki, Qərb və Rusiya bundan ciddi ehtiyat edir. Yəni onlar qorxurlar ki, Ermənistan iflasa uğrasa, bu ölkə hər şeyi açıq deyəcək:"Ermənistan deyəcək ki, Azərbaycanın torpaqlarını təklikdə işğal etməmişəm".
Eyni zamanda, "Böyük səkkizlər"in Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişin əldə oluna biləcəyinin, mümkünlüyünü də istina etməyən M.Əhmədoğlu vurğulayıb ki, sözügedən sammit Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm məkan ola bilər və həmin sammitə Azərbaycan- Ermənistan prezidentləri çağırıla və yenilənmiş Madrid prinsipləri ilə bağlı sənəd imzalana bilər. Ermənistan ilə yanaşı, İranın da Dağlıq Qarabağ münaqişəsinin həllində dekonstruktiv mövqe tutduğunu deyən politoloq bildirib ki, bu, həm də İranın Azərbaycanın inkişafını aşkar şəkildə istəməməsi ilə əlaqəlidir:"İran və Ermənistanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi müştərəkdir və Dağlıq Qarabağ yeganə problemdir ki, bununla bağlı İran rəhbərliyində fikir ayrılığı mövcud deyil".