PDF Oxu

Sosial

  • 16

"Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibedilməz dəlillərlə ifşası"

"Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibedilməz dəlillərlə ifşası"
Dünən Media Mərkəzində "Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət" Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibedilməz dəlillərlə ifşası" layihəsi çərçivəsində "Tarix erməni iddialarını təkzib edir" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən layihə rəhbəri Elman Cəfərli ideyanın hazırkı dövr üçün olduqca aktual olduğunu bildirdi.
E.Cəfərlinin sözlərinə görə, erməni tarixçilərinin əsərlərində belə bir nəzər-nöqtəsi hakimdir ki, Albaniyanın Kür-Araz ovalığının bir hissəsi, o cümlədən, Dağlıq Qarabağ ərazisi e.ə. II əsrdən başlayaraq, 387-ci ilədək Böyük Ərməniyyənin tərkib hissəsi olub və göstərilən tarixdən sonra albanlara keçib. Həmçinin, hesab edilir ki, Albaniyanın bu hissəsində əzəldən ermənilər yaşamışlar və ya yerli əhali 600 il ərzində erməniləşmişdir. "Erməni ekstremistlərinin son illərdə Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları da əsasən bununla bağlıdır. Təkcə Qarabağın deyil, eləcə də, Zəngəzurun tarixən albanlara, başqa sözlə, Qafqaz Albaniyasına məxsusluğunu Qərbi Azərbaycanın Sisian rayonunun Urud kəndindən tapılan və haqqında Məşhədixanım Nemətovanın məlumat verdiyi iki alban qəbri açıq-aydın sübut etməkdədir. Bu barədə Azərbaycan elmi ədəbiyyatında kifayət qədər yazılıb və ölkəmizin elmi ictimaiyyəti içində bu faktdan xəbəri olmayan, demək olar ki, yoxdur" deyən layihə rəhbəri son dövrlərdə müstəqil tədqiqatçıların bu məsələrlə bağlı konkret faktlarla çıxış etdiklərini də diqqətə çatdırdı.
Dəyirmi masanın digər çıxışçısı, tarixçi alim Bəxtiyar Tuncay bildirdi ki, sovet dövründə türk xalqlarının böyük əksəriyyətini Qafqazdan Sibirə sürgün ediblər. "Mehseti, Ahıska türklərini, eləcə də, Qaraçaylar, Balkarları və azərbaycanlıları sürgün ediblər. Həmin dövrdə türkləri Qafqazdan təmizləmə siyasəti həyata keçirilirdi. Bunun üçün də elmi ideoloji əsas yaradırdılar ki, bu gün türklər altaylardan gəlmədilər, onların irəli sürdüyü ideyaya görə, ümumilikdə, türklər Qafqazlarda yaşamayıb" deyə B.Tuncay əlavə edib. Bildirib ki, albanların tarixi də saxtalaşdırılan tarixlər sırasındadır. "Uzun müddət belə hesab olunurdu ki, guya Albanlar Qəbələdə və Oğuzda yaşayan udinlər olublar. Onlar udin dilində yaşayıblar. Bu elmdə aksiom kimi qəbul olunmuşdu. Nədənsə alimlərin hamısı bu faktı desələr də, bir məsələyə diqqət vermirdilər. Bütün tarixi mənbələrdə Metrob Maştops adlı suriyalı maarifçinin Ermənistana, ardınca Albaniyaya gəlib, bu iki xalqa əlifba yaratmasından bəhs edən əsəri var" deyən B.Tuncay albanların əlifbası Qarqar xalqının dili əsasında yaradıldığın dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədr müavini, tarixçi Rəşad İbrahimov da çıxışında Qafqaz Albaniyasının tarixinin dərindən öyrənilməsinin vacibliyini vurğuladı. R.İbrahimov təkcə ermənilər deyil, bəzi gürcü şovinistlərinin də Azərbaycan torpaqlarına iddia ilə çıxış etdiklərini söylədi. Azərbaycan tarixi dərsliklərində də bəzi ziddiyyətli məqamların olduğunu bildirən tarixçi bunlardan da ermənilərin sui-istifadə etdiyini diqqətə çatdırdı.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi əsasında yekunlaşdı.

Digər xəbərlər