Latviyanın daxili işlər naziri Dövlət Miqrasiya Xidmətində olub
Dünən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, "bir pəncərə" prinsipinin tətbiqi barədə məlumat verib. Arzu Rəhimov qısa müddət ərzində Xidmətin strukturunun formalaşdırıldığını, 5 regional idarənin fəaliyyət göstərdiyini, 2 qanunsuz miqrantların saxlanma mərkəzinin istifadəyə hazır olduğunu, gələcəkdə digər idarələrin də inşasının nəzərdə tutulduğunu bildirib. Səmimi qəbula görə təşəkkür edən qonaq iki dost ölkənin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyini bildirib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində qısa müddət ərzində miqrasiya sahəsində əldə olunan nəticələrin sevindirici hal olduğunu vurğulayıb. Xanım Linda Murniese Xidmət rəisi Arzu Rəhimovu Latviya Respublikasına dəvət edib.