"Tolişi sədo"nun hansı mənsəbə qulluq etdiyi üzə çıxır
Ölkəmizin dünya xəritəsində yeri və rolu daha da artdıqca, bəzi anti-Azərbaycan mövqeli qüvvələrin narahatçılığı da üzə çıxmış olur. Daima Azərbaycanın zəifləməsini, onun iqtisadi-siyasi qüdrətinin sarsılmasını arzulayan bəzi bədnam yerli və xarici qüvvələr zaman-zaman öz riyakarlıqlarını göstərmək üçün müəyyən təxribatlara əl atıblar. Yaxın tariximizdə, yəni 1990-cı illərdə baş verənlər Azərbaycan xalqının yaddaşından silinməyib. O dövr ölkəmizdə mövcud olan hakimiyyətsizlikdən istifadə edən düşmən ünsürlər öz riyakar planlarını həyata keçirmək üçün bir sıra pozuculuq aktları həyata keçirməkdən çəkinməmişlər. Azərbaycanın şimal bölgəsində "Sadvalçılar"ın, Qərb bölgəsində bir qrup cinayətkar ünsürlərin, silahlı birləşmələrinin, eyni zamanada, Cənubda "Talış-Muğan Respublikası" kimi qondarma təxribatçı ideyaların ortaya çıxması parçalanmaya, düşmən xislətinə uyğun "məsələlər"in reallaşmasına xidmət edirdi. Amma heç bir vaxt özünün milli kimliyini istənilən formada təxribatçıların və riyakar ünsürlərin məkrli niyyətinə qurban verməyən Azərbaycan xalqı bu sınaqdan da üzüağ çıxaraq, bədnam ünsürlərə öz layiqli cavabını vermiş oldu.
Bu gün də, ölkəmizin qüdrətlənməsindən, milli maraqlarımızın beynəlxalq arenada özünə layiqli yer tapmasından narahatçılıq keçirən bəzi düşmən qüvvələr ölkə daxilində özlərini müəyyən vasitələrlə göstərməyə və yaramaz xislətlərini nümayiş etdirməyə çalışırlar. Bu mənada "Tolişi sədo" qəzetinin və onu kimlərin sifarişli təxribatçılıq, milli ayrıseçkilik yaratmaq cəhdlərinə əl atdığını açıq söyləmək kifayət edər. Çünki bu kimi "mətbu orqanlar" vasitəsi ilə xaricdə əyləşmiş müəyyən qüvvələr konkret olaraq, Holandiyada qaranlıq işlərlə məşğul olan və hələ də, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan şəxslər öz bəd əməllərini xəstə xislətlərini büruzə verməyə çalışırlar. Fəaliyyəti dövründə Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmağı qarşısına bir məqsəd kimi qoymuş bu "Tolişi sədo" "qəzet"in səhifələrində daha çox ayrıseçkilik, az qala irqçilik kimi abstrakt ideyalar yer alır. Eyni zamanda, Azərbaycanın dünyada tolerant bir ölkə imicinə zərbə vurmağa çalışan "Tolişi sədo" qəzeti məhz müxtəlif qaranlıq qüvvələrin diqtəsi ilə ikrah doğuracaq məqamlardan çıxış edir. "Qəzet"in maliyyə və ideoloji mənbəyinin sırf xarici ölkələrdəki anti-Azərbaycan meyilli qüvvələrdən olması onun düşmən dəyirmanına su tökməsinə imkan verir. Çünki "Tolişi sədo" kimi riyakarlığa, müəyyən qüvvələrin fitnəsinə xidmət edənlər, hələ də, öz vətənlərinə, milli maraqlarımıza xəyanət etdiklərinin, deyəsən, fərqində deyillər? Bunu dərk etdikdə isə artıq gec olacaq. Necə ki, keçmiş baş redaktoru və qəzetin əməkdaşı vətənə xəyanət maddəsilə azadlıqdan məhrum olunublar. Hesab edirəm ki, vətənə xəyanət edənlər heç cür bağışlanmaz. Onların cəzasını məhkəmələrin verməsi azdır. Tarixin özü də onları cəzasız buraxmayacağı şübhəsizdir.