PDF Oxu

Sosial

  • 14

Dağlıq Qarabağda törədilən erməni qətliamları...

Dağlıq Qarabağda törədilən erməni qətliamları...

9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi faciəsin Azərbaycan mətbuatı tərəfindən dünya KİV-lərinə yetərli qədər çatdırıla bilirmi? Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında Azərbaycan mətbuatı dünyanın aparıcı mətbu orqanları ilə əməkdaşlığı mümkündürmü? Bunun üçün nə etməli? Bu suallara aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:

- 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi çox kədərli bir hadisədir. Baş verən hadisə ilə bağlı ölkə mətbuatında kifayət qədər informasiya dərc olunub. Bu kədərli hadisədən indiyə qədər Azərbaycan KİV-lərində, müxtəlif dövlət strukturlarının nümayəndələrinin, deputatların və QHT-lərin fəaliyyətində bu faktın beynəlxalq təşkilatlara çatdırılması istiqamətində lazımi qədər addımlar atılıb. Düşünürəm ki, kədərli hadisənin beynəlxalq tribunalara çatdırılması məsələsində Azərbaycan özündən asılı olan hər şeyi edib. İndi isə qalır həmin beynəlxalq təşkilatların bu məsələyə reaksiyasına.
Bu və digər məsələlər barədə Azərbaycan mətbuatının dünyanın aparıcı mətbu orqanları ilə əməkdaşlığı mümkündür. Amma çox təəssüflər olsun ki, biz bunu, hələ ki, tam şəkildə reallaşdıra bilməmişik. Bir sözlə, bu əməkdaşlığı həyata keçirməyə çox böyük ehtiyac var. Xüsusilə də, Azərbaycanda müxtəlif dillərdə informasiya yayan agentliklərin, qəzetlərin və digər KİV-lərin bu istiqamətdə fəaliyyətinin genişləndirilməsinə ciddi ehtiyac var. Amma təəssüf ki, bizim ciddi problemlərimizdən biri də məhz bununla bağlıdır ki, indiyə kimi nə dövlət KİV-ləri, nə də ki, özəl KİV-lər səviyyəsində bizim beynəlxalq əlaqələrimiz lazımi səviyyədə qurulmayıb. Faktdı ki, dünyanın çox görkəmli və hətta milyardlardan ibarət olan tamaşaçı, dinləyici və oxucu tribunasına təsir göstərmək gücündə olan, informasiya vasitələri ilə bizim elə bir əlaqələrmiz qurulmayıb. Son vaxtlar "Trend" agentliyinin və başqa bir neçə qurumun bu istiqamətdə müəyyən uğurlu addımlar atması, müqavilələr imzalaması çox sevindirici bir haldır. Arzu edərdim ki, yaxın gələcəkdə bütün informasiya agentliklərinin, o cümlədən, artıq özünə müəyyən bir nüfuz toplaya bilmiş "Səs" informasiya agentliyinin özünün də dünyanın müxtəlif görkəmli informasiya agentlikləri və tribunaları ilə sıx əməkdaşlığı olsun.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi faciəsini dünya mətbuatına kifayət qədər çatdıra bilmirik. Milli Məclis bu məsələni ortaya qoyaraq müzakirə etdi. Çox güman ki, baş verən bu hadisə Avropa Şurasında da müzakirə ediləcəkdir. Bu məsələnin təbliğində və dünyaya çatdırılmasında elə qəzetlər və agentliklər var ki, birbaşa olaraq dünya ictimaiyyəti ilə əlaqələri var. Amma siyasi nəşrlər deyil. Yəni bilinmir ki, kim oxuyar, kim oxumaz. Lakin bu millət vəkillərinin, dövlət qurumlarının, Avropa Şurasının birbaşa olaraq, bu məsələni siyasiləşdirməsi və gündəmə çıxarması daha vacibdir. Bir sözlə, onların bu hadisə ilə bağlı fikirləri də yerli mətbuat üçün, dövlət respublika əhəmiyyətli qəzetlər üçün daha vacibdir. Çünki onların vasitəsilə onlara, həm də ictimai rəyi yaratmaqda birbaşa kömək edir. Düşünürəm ki, bu baxımdan yetərli olmasa da, hər halda müəyyən addımlar var. Millət vəkilləri təkcə Avropa Şurasında yox, eyni zamanda, bir çox ölkələrdə bu məsələ ortaya qoyulub. Burada da KİV-lərin xidməti kifayət qədərdir.
Burada qəzetlərin və yaxud da informasiya agentliklərinin əməkdaşlığından söhbət gedə bilər. Təbii ki, burada Azərbaycan həqiqətlərinin dünya KİV-lərinə geniş şəkildə çatdırmaq üçün ölkədə fəaliyyət göstərən qəzetlər və internet saytları vasitəsilə yayırıq. Amma bu məsələlər ilə bağlı daha aktiv olmaq lazımdır.

Digər xəbərlər