PDF Oxu

Sosial

  • 11

Taxtakörpü su anbarının tikintisi tezliklə yekunlaşacaq

Taxtakörpü su anbarının tikintisi tezliklə yekunlaşacaq
Ölkəmizdə aparılan tikinti və quruculuq işlərinin genişləndirilməsi, paytaxt Bakıda və regionlarda sosial yönümlü, eyni zamanda, digər sahələrdə infrastrukturların yeniləşdirilməsi artıq nəhəng layihələrlə öz təsdiqini tapmaqdadır. Buna misal kimi, Şabran rayonunun Taxtakörpü adlanan ərazisində tikilən yeni su anbarını da göstərmək mümkündür.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi üzrə işçi qrupunun təhkim olunduğu bu sahədə tikintinin yekunu üzrə tamamlanma işləri aparılmaqdadır. Bu barədə qəzetimizə açıqlama verən işçi qrupunun layihə mütəxəssisi Aftandil Teyyubov qeyd etdi ki, bu tikinti bilavasitə ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir: "Məlum olduğu kimi, Taxtakörpü su anbarının tikintisi ölkə başçısı cənab İlham Əliyevin xüsusi tapşırığı və göstərişi ilə reallaşdırılmaqdadır. Tikinti yeddi ildir ki, davam etməkdədir. Tikinti bitdikdən sonra Samur-Abşeron su kanalı ilə paralel olaraq, şimal bölgələrimiz də içməli su ilə təchiz olunacaq. Tikintinin iki il ərzində başa çatdırılması planlaşdırılır".
Layihə mütəxəssisi daha bir məsələyə də - su anbarının paytaxt Bakının su təchizatı ilə təmin olunmasında əhəmiyyəti və roluna toxunaraq bildirdi ki, layihənin tikintisi başa çatdıqdan sonra bu, su anbarının istifadəyə verilməsi vətəndaşların içməli su ilə təminatında mükəmməl rol oynayan obyekt kimi daha geniş fəaliyyət spektrinə sahib olacaq. Eyni zamanda, A.Teyyubov Taxtakörpü su anbarının tikintisi ətrafında gəzən əsassız şayiələrə və söz-söhbətlərə də aydınlıq gətirdi. Daha dəqiq desək, bu ərazidə guya sakinlərin köçürüləcəyi barədə hər hansı bir qərar mövcuddur. Bizimlə söhbətində bunun heç bir həqiqətə söykənmədiyini deyən layihə mütəxəssisi qətiyyətlə, rəsmi şəkildə bildirdi ki, burada sakinlərin köçürülməsi prosedurundan söhbət gedə bilməz: "Tikinti ərazisində yaşayan sakinlərin köçürülməsi barədə gəzən söz-söhbətlər əsassızdır. Tam məsuliyyətlə bildirirəm ki, ərazidə köçürmə prosesi olmayacaq və ola da bilməz. Biz artıq yeddinci ildir orada tikinti aparırıq və o ərazini azad etməmiş, orada tikinti apara bilməzdik. Tikinti başlamazdan əvvəl nəzərdə tutulan bütün köçürmələr həyata keçirilib qurtarılıb. Yəni hansı sahələrin köçürülməsi nəzərdə tutulurdusa, onlar da köçürülüb.Orada yaşayan insanların evlərindən köçürülməsi barədə deyilənlər, şayiədən başqa bir şey deyil".

Digər xəbərlər