Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının seminarı keçirilib
Bakı şəhərindəki BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin icrası üzrə Avro-Atlantik Tərəfdaşlıq Şurasının seminarı keçirilib. SİA-nın xəbərinə görə, seminar ümumilikdə "Kütləvi qırğın silahlarının yayılması ilə mübarizədə, kütləvi qırğın silahlarının, ikili təyinatlı malların və texnologiyaların qaçaqmalçılığının qarşısının alınmasında əməkdaşlıq" mövzusuna həsr edilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinin (NATO) rəhbəri Yaçek Bıliça və digər rəsmi şəxslər iştirak ediblər. Seminarın ilk iş günündə tədbir iştirakçılarına - ikili təyinatlı mallar və texnologiyalar üzrə ixraca nəzarət rejiminin fəaliyyəti, aşkarlama və risklərin idarə olunması, kimyəvi, bioloji, radioloji və nüvə (CBRN) silahlarının yayılması və terrorizminə qarşı icra Proqramı (İPACT), eləcə də BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin icrasına dəstəklə əlaqədar BMT-nin Tərksilah Məsələləri üzrə İdarəsinin fəaliyyət dairələri, ikili təyinatlı mallar üzrə ixraca nəzarət sahəsində Avropa İttifaqının Yardım və Təbliğat Proqramı, BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin milli səviyyədə icrasının əlaqələndirilməsi məqsədilə hökumət qurumlarının yaradılması - regional strategiyaların və mövcud təcrübələrin nəzərdən keçirilməsi, Azərbaycan Respublikası ixraca nəzarət sistemi və müvafiq qanunvericilik bazası mövzularında məruzələr təqdim edilib.