"Müstəqilliyimizi qoruyaq"
Dünən YAP Yevlax rayon təşkilatında "Müstəqilliyimizi qoruyaq" mövzusunda rayon gənclərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev müstəqil Azərbaycanımızın keşməkeşli tarixindən, dövlətə, dövlətçiliyə sədaqətdən ətraflı söz açıb. Natiq vurğulayıb ki, bu gün hər bir Azərbaycan gənci dinindən, siyasi mənşəyindən asılı olmayaraq, dərk etməlidir ki, o, müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır: "Bu gün ölkəmiz müharibə şəraitindədir. Vətənimizin işğal altında olan torpaqlarını azad etmək üçün dövlətimizin inkişafı, müstəqilliyimizin qorunması üçün sağlam gəncliyə ehtiyacımız var. Ancaq təəssüflər olsun ki, bu gün bədnam müxalifətin səviyyəsiz rəhbərləri bir neçə nəfər Azərbaycan gəncini öz cəfəngiyyat fikirləri ilə yoldan çıxarır. Bax, bu gün ölkənin ən güclü hakim partiyası olan Yeni Azərbaycan Partiyasının gəncləri qəti surətdə bu yolda mübarizə aparmalıdır. Bütün gənclərə aşılamalıyıq ki, haqq yolu yalnız ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizi qorumaq yoludur".
Tədbirdə YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov, partiya fəalı Etibar Məmmədov və başqaları gəncləri ölkədə müxalifətin qeyri-qanuni aksiya və mitinqlərinə öz etirazlarını bildirmələrini vurğulayıblar. Çıxış edənlər, həmçinin, AXCP (i) sədri Əli Kərimovun satqınçılıq üzərində qurulmuş dırnaqarası siyasətini, antidövlətçilik xislətini pisləyən, bu addımları xəyanət kimi qiymətləndirən fikirlər də bildiriblər: "Əziz gənclər, gəlin torpaqlarımızın azad olunması uğrunda birləşək, imkan verməyək ki, gündəlik gəlir məqsədilə xaricdən maliyyələşən Əli Kərimov, İsa Qəmbərov kimi qüvvələr sizi yolunuzdan çıxara bilsin".
Sonda YAP Yevlax rayon təşkilatı tərəfindən 10 nəfər intellektli, fəal, gənc partiya üzvlərindən ibarət qlobal internet şəbəkələrində ölkəmizin uğurlu siyasəti haqqında informasiyaları yerləşdirmək və şəbəkələrdə baş verən digər hadisələri izləmək üçün qrup yaradılıb.