PDF Oxu

Sosial

  • 12

Müxalifət məhvə məhkumdur

Müxalifət məhvə məhkumdur
Radikal müxalifətin qanunsuz aksiyalar keçirməsi və bu aksiyalar vasitəsi ilə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd etmələri, ictimaiyyət tərəfindən hiddət və ikrah hissləri ilə qarşılanır. Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən tanınmış ictimaiyyət nümayəndələri ziyalılar, partiya yetkililəri radikal müxalifətin pozucu hərəkətlərini son anda "saman çöpündən yapışması" kimi qiymətləndirməklə yanaşı, ölkədəki inkişafın geniş xarakter aldığı bir məqamda belə aksiyaların keçirilməsini dövlətçilik maraqlarına qarşı yönələn addım kimi qiymətləndiriblər. YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov məsələ ilə əlaqədar verdiyi açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası demokratik inkişaf yolunda sürətlə və davamlı şəkildə uğurlu nəticələrə, irimiqyaslı layihələrə imza atan bir ölkədir. Demokratik qanunları özündə ehtiva edən və bu qanunları qoruyan Konstitutsiyamız mövcuddur. Hər bir vətəndaşın borcudur ki, ali qanunumuza, anayasamıza əməl etsin, ona hörmətlə yanaşsın. Bu gün firəvan yaşadığımız bir ölkədə kimliyindən asılı olmayaraq, heç bir kəsin bu qanunu pozmağa haqqı yoxdur. Azərbaycan inkişaf etmiş ölkədir. Son illər ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfə artmışdır. Eləcə də, ehtiyat vəsaitlərimiz 17 milyarddan çoxdur. Ölkəyə ötən il 9,4 milyard manatdan çox investisiya qoyulub və onun 70 faizi daxili investisiyalardır. Qazanılan müstəqillik baxımından yaşı az olan bir ölkə üçün bu, çox böyük və nəhəng göstəricidir. Digər bir məsələyə də toxunan Aydın Hüseynov bildirdi ki, əgər Azərbaycanda hansısa siyasi partiya fəaliyyət göstərirsə, həmin partiya xarici qüvvələr tərəfindən maliyyələşməməlidir: "Bunun özü bir cinayətdir. Belə partiyalar haqqında araşdırmalar aparılmalı, onları cinayət məsuliyyətinə çəkməlidirlər. Çünki həmin xarici qüvvələr Ə.Kərimov, İ.Qəmbərov kimi adamlardan istifadə edərək, maliyyələşdirir və ölkədə ictimai-sabitliyi pozmağa cəhd göstərirlər." "Yurddaş" Partiyasının sədri Mais Səfərli də Azərbaycan Respublikasının demokratik dövlət olduğunu, bu demokratiyanın xalq tərəfindən dəstəkləndiyini və qorunduğunu bildirdi: "Azərbaycan demokratik bir dövlətdir. İnsan hüquqları, insan azadlıqları bizim dövlətimizin əsas prioritetlərindən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyamızda da bu məsələlər öz əksini tapmışdır. Bu gün Azərbaycan inkişaf etmiş sivil lider ölkələr sırasında olduğu bir zamanda, həm də ölkəmizin vətəndaşlarını sosial rifah halının ilbəil yüksək səviyyəyə qalxdığı bir zamanda bu cür pozuculuğa xidmət edən aksiyaların keçirilməsinə səbəb nədir? Bəllidir ki, onlar hansı səbəbdən bu aksiyanı keçirirlər. Digər bir məsələyə də toxunmaq istərdim ki, aksiyaların keçirilməsi ilə bağlı radikal müxalifətin müraciətinə cavab olaraq, yerlər müəyyən edilib. Lakin bu adamlar öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə təyin olunmuş yerlərdə deyil, əhalinin çoxluq təşkil edən yerlərdə aksiyalar keçirməyə cəhd göstərirlər. Görünür, müxalifət kütləvi aksiyaları keçirməklə hansısa iğtişaş yaratmaq məqsədi güdür. Lakin bir həqiqəti anlamırlar ki, Azərbaycan yeniləşən və inkişaf edən uğurlu bir yoldadır və bu gün belə bir aksiya keçirməyə ehtiyac varmı? Bu qüvvələrgörəsən, aksiyalar keçirməklə nəyə etiraz etmək istəyirlər? Respublikamızın regionlarının, Bakı və Bakıətrafı qəsəbələrin inkişafına, abadlıq və quruculuğunamı? Və yaxud da yoxsulluğun 47 faizdən 13 faizə enməsinəmi? Eyni zamanda, son 7 il ərzində 950 minə yaxın iş yerlərinin açılmasınamı? Bu gün Azərbaycan inkişaf yolundadır. Bu gün 5-10 nəfər gənci yolundan çıxaran dağıdıcı müxalifətin çağırışına Azərbaycan xalqı hansı münasibəti bəsləməlidir? Bu gün onsuz da özlərini müxalifət adlandıranlar cəmiyyət tərəfindən artıq birdəfəlik tarixin arxivinə atılıb". "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov isə öz münasibətini açıqlayarkən qeyd etdi ki, vurğulanan fikirlərlə tamamilə razıdır: "Deyilən fikirlərlə mən də tamamilə razıyam. Çünki bu adamlar artıq 20 ildir ki, belə çirkin işlərlə məşğuldurlar. Görünür, 2-3 radikal müxalifət "lideri" öz son günlərini yaşadıqları üçün artıq gənclərin qüvvəsindən sui-istifadə etmək, bunu şəxsi məqsədlərinə yönəltmək istəyirlər. Lakin inanmıram ki, 5-10 nəfər belə alçaq və dağıdıcı müxalifət liderlərinin çirkin oyunlarına atılmaqla nəyəsə nail olarlar. Belə bir söz var: "taylı tayını tapar". Bu yolu tutan 5-10 nəfər gənc elə İsa Qəmbərov və Əli Kərimov kimilərin tayıdır. Bu gün bu adamların mitinqlər, aksiyalar keçirmələrinin məqsədi bəllidir. Çünki Azərbaycan inkişaf etməklə, dünya dövlətləri arasında lider dövlət kimi öncüllük təşkil edən ölkələrdəndir. Azərbaycanın elə güclü, cəsarətli, istedadlı və səviyyəli gəncləri var ki, onların səsi dünyanın hər yerindən gəlir. Gənclərimizin səsi həm də parlamentin tribunasından və dövlətin idarəetmə strukturlarından gəlməkdədir.

Digər xəbərlər