PDF Oxu

Sosial

  • 14

Faktaraşdırıcı missiyanın hesabatı münaqişənin həlli üçün qənaətbəxş deyil

Faktaraşdırıcı missiyanın hesabatı münaqişənin həlli üçün qənaətbəxş deyil
Martın 23-də ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov Vyanada ATƏT-in baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair faktaraşdırıcı missiyasının hesabatını təqdim ediblər.
Qeyd edək ki, ötən ilin noyabr ayının 7-dən 12-nə kimi ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə işğal olunmuş ərazilərimizdə aparılmış müşahidələr danışıqların gələcək perspektivini müəyyənləşdirmək və mövcud vəziyyəti qiymətləndirmək məqsədilə həyata keçirilmişdi. Həmsədrlərə ATƏT-in sədrinin şəxsi nümayəndəsi və onun maddi-texniki dəstək göstərən komandası, BMT-nin Ali Komissarlığı qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü qoşulmuşdu. Bu, 2005-ci ildən bəri beynalxalq ictimaiyyətin bu ərazilərə ilk missiyası və BMT-nin üzvlərinin 18 il ərzində ilk səfəridir.
Missiyanın hesabatının təqdim edilməsinin daha qısa müddətdə baş tutması gözlənilsə də, bu, yalnız mart ayına təsadüf etdi. Hətta hesabatın gecikdirilməsi ilə bağlı bir neçə dəfə Azərbaycan tərəfindən narahatlıq da ifadə edilmiş və bu halın münaqişənin tənzimlənməsinə mane olduğu bildirilmişdi.
ATƏT-in baş katibi Mark Perren de Brişambonun da iştirak etdiyi Vyana görüşündə təqdim edilən bəyanatda həmsədrlərin məruzəsinin perspektivə doğru istiqamətlənməsi və münaqişə tərəflərinə bu ərazilərin necə sülhə və inkişafa yardım ola biləcəyi nümayiş etdirilmişdir.
Həmsədrlər prezidentlərin Soçi görüşündə əldə olunmüş müsbət impulsa əsaslanıb, əsas prinsiplərin müzakirəsini davam etdirmək üçün regiona yaxın zamanda birgə səfər edəcəklər. Onlar həm də tərəflərlə Soçidə atəşkəsin pozulmasını araşdırmağa dair vədlərin yerinə yetirilməsi üçün dəqiq vasitələrini hazırlayacaqlar.
Bəyanatda bildirilir ki, həmsədrlər, həm danışıqlarda, həm rəsmi bəyanatlarda təmkinliyin qorunmasının vacibliyini qeyd ediblər, və istənilən güc istifadəsini və ya təhdidi yolverilməz sayır. Onlar təmas xətti boyunca son zamanlar baş vermiş ölüm hadisələrini qəti pisləyiblər. Həmsədrlər yenidən öz köhnə mövqeyini təsdiqləyiblər və tərəfləri öz əhalisini müharibəyə yox, sülhə hazırlaşdırmasına çağırıblar.
Bəyanatda deyilir ki, 1000 km-dən çox məsafəni qət edəndən sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəli nəticələrinin və sülhün əldə olunmamasının danılmaz sübutların şahidi olublar.
"Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər tərk və viran ediliblər. Kəlbəcər və Laçın rayonlarında yerləşən şəhərciklərdə və yaşayış məntəqələrində 14000-ə yaxın adam yaşayır, halbuki bu barədə dəqiq məlumat yoxdur." - xülasədə deyilib.
Həmsədrlərin qiymətinə görə, 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin artımı müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Azərbaycanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar çox ağır şəraitdə, inkişaf olunmamış iqtisadiyyat və infrastrukturla yaşayır. Çoxunun şəxsiyyəti təsdiq edən sənədi yoxdur. Bu ərazilərdə olan ağır reallıq status-kvonun uyğun olmaması və ancaq sülh nizamlanması məqsədilə dinc yolla münaqişənin həll olunmasına dair həmsədrlərin fikrini möhkəmləndirib. Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməsinə çağırıblar. Onlar qəbiristanlıqların qorunmasını və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusu müəyyən etməsini məsləhət görüblər.
Həmsədrlər növbəti missiyaları Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş başqa rayonlarda aparmaq niyyətindədilər və bu missiyalara müvafiq beynalxalq təşkilatlardan dinc nizamlanmada iştirak edə biləcək mütəxəssisləri daxil etmək fikrindədilər.
Hesabatın məzmunundan da göründüyü kimi, burada birbaşa da olmasa, dolayı yolla Ermənistanın işğalçı olması faktı və onun işğal edilmiş ərazilərdə törətdiyi vəhşiliklər, qeyri-qanuni əməllər göstərilmişdir. Lakin nədənsə nə hesabatda, nə də həmsədrlər bəyanatlarında bütün baş vermiş hadisələrdə Ermənistanın birbaşa günahkar olmasını etiraf etməkdən çəkinirlər. Onlar baş vermiş neqativ halları göstərsə də burada günahkar olan tərəfin adını çəkmək istəmirlər. Bu isə münaqişənin nizamlanmasına, heç şübhəsiz ki, öz mənfi təsirini göstərəcəkdir.
Son hesabatda göstərilən faktlar əvvəlcədən də məlum idi və bir sıra sənədlərdə də öz əksini tapmışdı. Burada hansısa bir yeniliyin olması barədə fikir yürütmək mümkün deyil. Lakin missiyanın hesabatından gözləntilər tamam başqa idi. Bunun yüksək səviyyədə tərtib olunacağı və münaqişənin həllinə öz müsbət təsirini göstərəcəyi ehtimal olunurdu. Gözlənilənlərin əksinə olaraq, Minsk Qrupu adi bir statistik rəqəmlərə əsaslanan hesabatla çıxış etdi. Belə olduğu təqdirdə isə, hesabatın heç bir irəliləyişə səbəb olmayacağı bəllidir. Həmsədrlər bir daha öz mövqelərini nümayiş etdirərək, münaqişənin həllinə heç bir təkan vermək fikrində olmadıqlarını və məsələni yalnız münaqişə tərəflərinin öhdəsinə buraxdıqlarını göstərmiş oldular. Qeyd edək ki, bundan bir müddət öncə erməni snayperlərinin cəbhə xəttində açdığı atəş nəticəsində azyaşlı uşağın ölümü ilə bağlı bəyanatda da həmsədrlər bunun günahının hər iki tərəfdə olduğunu bildirmiş və tərəflərə snayperləri ön xətdən geri çəkməyə çağırmışdılar. Hərçənd ki, bu məqamda tam haqlı olaraq Ermənistan tərəfini ittiham etmək və buna görə ona qarşı xüsusi bir sanksiya ilə çıxış etmək də mümkün idi.

Digər xəbərlər