PDF Oxu

Sosial

  • 12

“Milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək peşəkarlıq göstərir"

“Milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək peşəkarlıq göstərir"
"Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında, milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək peşəkarlıq göstərir". Bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi, polkovnik Məmməd Cəfərli Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu" mövzusunda keçirilən konfransda çıxışında bildirib. MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, idarə rəisi milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan ətraflı danışıb. O, çıxışında qeyd edib ki, nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasıdır. İşğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Ölkə ərazisində terrorculuq aksiyalarının törədilməsi cəhdlərinin qarşısı alınıb, bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan bir sıra silahlı birləşmələr və ekstremist qruplar zərərsizləşdirilib. M. Cəfərli daha sonra qeyd edib ki, ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində də uğurlu əməliyyatlar həyata keçirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanmış və cinayət məsuliyyətinə cəlb olunublar: "Ümumiyyətlə, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi xalqımızın milli maraqlarını, o cümlədən genofondunun gələcəyini təhlükə altına aldığından onunla mübarizədə hər kəsin - ölkənin sadə vətəndaşından aidiyyəti dövlət qurumlarınadək hamının öz qüvvəsini səfərbər etməsi vacibdir". MTN-in beynəlxalq əlaqələri barədə məlumat verən M.Cəfərli deyib ki, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır.

Digər xəbərlər