“Azərbaycan-Ermənistan- Türkiyə. Barışmamış ziddiyyətlər" adlı seminar keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, İsveçin paytaxtı Stokholmda "Azərbaycan Federasyonu İsveç" və "İsveçdəki Türk Federasyonlar Biriliyi"nin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan- Türkiyə. Barışmamış ziddiyyətlər" adlı seminar keçirilib.
Seminarın qonağı və əsas məruzəçisi bir çox hərbi əməliyyatları izləmiş məşhur kanadalı jurnalist cənab Scott Taylor olub. Seminarın başlanğıcında ilk olaraq Scott Taylorun İraq, Əfqanıstan, Yuqoslaviya və Afrikada çəkdiyi bəlgəsəl filmlərdən 10 dəqiqə göstərilib.
Filmin ardınca "Azərbaycan - Ermənistan və Türkiyə. Barışmamış ziddiyyətlər" adlı kitab barədə geniş məlumat verilib. Bu kitabı yazdığına görə müxtəlif çətinliklərlə üzləşdiyini söyləyən Scott Taylor erməni soyqırımı ifadəsini işlətmədiyindən erməni icmalarının qəzəbləndiyini və onu təhdid etdiklərini bildirib. Kanadalı jurnalistin sözlərinə görə, onun ailəsini belə təhdid etməkdən çəkinməyən erməni icması onu işdən çıxartdırmaq, daha sonra isə ölümlə hədələyib.
Scott Taylor Kanada və İsveç parlamentlərinin erməni soyqırımını tanımalarının daxili siyasət amilləri ilə bağlı olduğunu və bunun başqa izahı olmadığını bildirib.
"Bir haldakı Kanadanın fransız əhalisi 1837-ci ildə ingilislər tərəfindən soyqırımına məruz qalmışdır, minlərlə günahsız insan qətlə yetirilmişdir və bu soyqırımı ilə bağlı Kanadada ingilis ədəbiyyatı və mənbələrində senzura tətbiq edilir və ondan söz açmaq qadağandır, necə olur ki, bu ölkənin parlamenti 95 il əvvəl baş verməsi hələ də təsdiq olunmayan və bir çox alimin nəzərində şübhəli qalan qondarma erməni soyqırımı məsələsini gündəmə gətirir və təsdiq edir? Bu ikili standartdır və qəbul edilə bilməz" deyə Scott Taylor bildirib. Seminarın sonunda Scott Taylor iştirakçıların suallarını cavablandırıb.