PDF Oxu

Sosial

  • 18

Radikal müxalifətin zəhərli "gənclər siyasəti" və ya sosial şəbəkələrdəki yalanlar tüğyanı

Radikal müxalifətin zəhərli "gənclər siyasəti" və ya sosial şəbəkələrdəki yalanlar tüğyanı

Son zamanlar radikal müxalifət düşərgəsinə mənsub informasiya portallarında, sosial şəbəkələrində, eləcə də, yazılı mətbuat orqanlarında ölkədəki gənclərin guya təzyiqlərə məruz qalması istiqamətində tədbirlər görüldüyü barədə yanlış fikirlər yayılmaqdadır. Qeyd edək ki, istər "İctimai Palata" adlanan, istərsə də, bu kimi digər qondarma qurumlarda "fəaliyyət göstərən müxalifət partiya liderləri, siyasiləşmiş QHT rəhbərləri bu işdə "xüsusi aktivlik" nümayiş etdirirlər. Nəzərə alsaq ki, dövlət tərəfindən yürüdülən və bir çox dünya ölkələrinə örnək olan gənclər siyasətinə kölgə salmaq istəyən radikalların bu davranışları sağlam ruhda böyüyən gənclərə qarşı başladılmış xəyanət aksiyasıdır.
Ölkənin sabitliyinə, asayişinə müxtəlif cür hərəkətləri ilə kölgə salmağa cəhd edən radikallar bu əməlləri ilə iğtişaş və xaos yaradacaqlarını düşünürlər. Amma bu, nə dərəcədə həqiqətə uyğundur? Ölkə gəncləri radikal müxalifətin onlara məxsus olan sosial şəbəkələrdəki yalan tüğyanına necə münasibət bəsləyir?
Bizimlə həmsöhbət olan paytaxt gənclərinə bu suallarla müraciət edərək, onların fikirlərini öyrənməyə çalışdıq.

Kərimova Ceyran, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsi:
- Biz gənclər son vaxtlar ölkədəki sabitliyə kölgə salmaq istəyən radikal müxalifətçilərə qarşı etiraz səslərimizi ucaldacağıq. Çünki bizim onların sosial şəbəkələrindəki fikirlərinə münasibətimiz, birmənalı olaraq, mənfidir. Ona görə də, hər bir halda bu cür halların baş verməsinin qarşısı alınmalıdır.

Abbasov Fərid, 25 yaşlı işçi gənc:
- Mən heç bir halda, ümumi olaraq, gənclərin adından danışmağı, müxalifətin bundan sui-istifadə etməsini qəbul edə bilmərəm və buna qarşı lazım olsa, mübarizə də aparmağa hazıram. Çünki dövlətimizin, iqtisadiyyatımızın inkişafı, ölkədə aparılan uğurlu islahatlar, eləcə də, gənclər siyasətinin inkişafı ən yüksək həddə olmağına rəğmən müxalifətçilərin bunlara göz yumması, iğtişaşlara çağırışlar etməsi qətiyyən yolverilməzdir.

Sofa Əhmədova, 21 yaş, jurnalist:
- Axı nəyə görə, müxalifət heç zaman reallıqları görməzlikdən gəlir? Mən belə düşünürəm ki, özlərini müxalifətçi sayan insanlar xarici dövlətlər qarşısında, eləcə də, həmin dövlətlərin maliyyə fondları qarşısında ermənipərəst qüvvələrdən yararlanmağa səy göstərirlər. Artıq mətbuatdan da öyrəndiyimiz kimi, həmin adamlar bir sıra öhdəliklər götürərək, ölkədəki daxili sabitliyi pozmaq kimi addımlar atırlar. Bu isə, təbii ki, qəbuledilməzdir və mən, sən, o, ümumiyyətlə, sağlam düşüncəli hər bir gənc buna öz etirazını, hiddətini bildirməlidir.

Əhmədov Ehtiram, 30 yaş, bank işçisi:
- Mən hər səhər rahat şəkildə işə gedir, iş vaxtı bitdikdən sonra isə ya evimə gedir, ya da vaxtımı səmərəli keçirmək üçün dostlarımla, yoldaşlarımla görüşürəm. Lakin böyüklərimizin bizə etdikləri 90-cı illərə aid söhbətləri bunu deməyə əsas verir ki, bu gün həmin illərdə yaşanan xaos, anarxiya, özbaşınalıq və səriştəsiz siyasət yürütmə halları qətiyyən yoxdur. Çünki bugünkü dövlət quruculuğu, dinamik inkişaf və uğurlu siyasət üzərində qurulub. Ancaq 90-cı illərin əvvəllərində insanların, vətəndaşların həyatı daim təhlükə altında idi. Hazırda ölkədə qarmaqarışıqlıq salmaq istəyən müxalifət deyilən həmin kəslər də o zamanldarın səriştəsiz rəhbərləridir. Mən bir gənc olaraq onların bu kimi addımlarını qətiyyətlə pisləyirəm.

Suğra Əmirova, 19 yaş, Qızlar Gimnaziyasının 3-cü kurs tələbəsi:

- Maraqlıdır ki, biz gənclər tez-tez sosial şəbəkələrə müraciət etdiyimiz zaman qeyri-ciddi çağırışların şahidlərinə çevrilirik. Bu çağırışlarda özlərini müxalifətçi qismində təqdim edən kəslər ölkə gənclərini hansısa aksiyalara qoşulmağa çağırırlar. Başa düşə bilmirəm ki, bu aksiyaların keçirilməsində onlar hansı məqsədi daşıyırlar. Bu gün ölkəmizdə hər bir gənc dövlət qayğısı ilə əhatə olunmaqdadır. Əgər, dövlət qayğısı, diqqət varsa gənclik deyilən amalda da inkişaf mövcuddur. Məncə, istər "Facebook"da, istərsə də, "Twitter"də yayımlanan bu cür fikirlərin ictimaiyyətləşdirilməsi bilavasitə cinayət xarakteri daşıyır. Hər halda, inanırıq ki, bu cür halların qarşısını alınması üçün ciddi tədbirlər görüləcək və sabitliyi pozmağa cəhd edənlər qanun qarşısında cavab verəcəklər.

Niyazi Məmmədov, 18 yaş, tələbə:
- Hesab edirəm ki, "Tələbə hərəkatı" adı altında ölkəmizdə hökm sürən daxili sabitliyi pozmağa cəhd edənlər birbaşa ermənilərlə əlbir olan şəxslərdir. Əgər belə olmasaydı, bu zaman sosial şəbəkələrdə erməni gənclərinin də yazdıqları işıqlandırılmazdı. Bu, bir daha onu təsdiq edir ki, özlərini "xalq", "millət", "azadlıq aşiqi" kimi göstərməyə cəhd edənlər hazırda radikal müxalifətin başında dayanan qondarma liderlərdir. Məncə, onlar bu cür hərəkətləri ilə olmayan nüfuzlarını tamamilə yox etdilər. Çünki Azərbaycan gəncliyi yalnız və yalnız inkişaf və tərəqqi yolunu tutub, tutacaqdır.

Sevinc Əhmədova, 26 yaş, laborant:
- Mən bu cür halların baş verməsinin qatı əleyhdarıyam. Məsələ ondadır ki, gənclərin yüksəliş dövründə onları öz tərəflərinə çəkib zəhərləyən radikal müxalifətçilərin bunu etməyə heç bir haqları yoxdur. Yaxın tarixə müraciət etsək, görərik ki, bir zamanlar hakimiyyətdə oturmuş bu insanlar yenə də hakimiyyətə gəlmək yanğısı ilə alışıb-yanırlar. Bunun üçün demokratik, sivil yolu qoyub dağıdıcılıq prinsipləri ilə arzularını reallaşdırmaq istəyənlər təəssüflər olsun ki, gənclərdən istifadə etməyi düşünürlər. Ancaq onların bu arzuları da ürəklərində qalacaqdır. Çünki Azərbaycan gənci formalaşmış, dövlətçilik prinsipləri ilə aşılanmış gəncdir. Belə gənclərin isə hər hansı bir qeyri-sivil yollara əl atması qətiyyən inandırıcı görünmür.

Asif Abdulvahabov, 24 yaş, idman ustası:
- Ölkəmizdə davamlı olaraq inkişaf prossesləri gedir. Bu inkişaf proseslərindən biri də Azərbaycanda sağlam ruhlu gənclərin böyüməsi məsələsidir. Dövlətimizin, hökumətimizin qayğılarından biri də Azərbaycan gənclərinin bütün sahələrlə birgə idman sahəsində də uğurlar qazanmasıdır. Bizlər dəfələrlə müstəqil dövlətimizin üçrəngli bayrağını yüksək zirvələrdə dalğalanmasının şahidi olmuşuq. Bu, sadəcə, qələbə qazanmış gəncin uğuru deyil, Azərbaycanın uğurudur. Buna misal kimi yaxın keçmişdə Ermənistanda dalğalanan Azərbaycan bayrağını göstərmək mümkündür. Xatırladım ki, Yerevanda keçirilən dzüdo yarışında bizim idmançılar ən yüksək nəticəni göstərərək, düşmən ölkədə himnimizi səsləndirmişdir. Bu, Azərbaycan gəncidir.
Lakin əfsuslar olsun ki, gəncliyi bu qədər inkişaf etmiş dövlətin daxilində ermənilərə işləyən, onların qarşısında müxtəlif öhdəçiliklər götürən nadanlar da var. Biz onları azərbaycanlı kimi qəbul etmirik və sözün əsil mənasında, bu kimi addımları atan insanları xəyanətkar kimi qəbul edirik.

Seymur İsayev, 32 yaş, memar:
- Heç bir halda, qəbul etmək mümkün deyil ki, guya Azərbaycanda hər hansı bir problem yaşanır. Bu, uydurmadan başqa heç nə deyil və həmin uydurmanı yayanlar da məhz ölkədə hökm sürən sabitliyi pozmaq istəyən qüvvələrdir. Bu qüvvələr, zənnimcə, özlərini müxalifətçi adlandıraraq xaricdə yaşayan və Azərbaycan əleyhinə işləyən erməni diasporaları ilə yaxından əlaqədə olanlardır. Onlar, eləcə də, bu əlaqələrində birbaşa pul-para müqabilində öhdəliklər götürüb, Azərbaycanda gedən inkişafa kölgə salmaq niyyətini güdürlər. Bu, nə qədər davam edəcək! Axı üç-beş nəfərlə ortaya çıxan bu adamların məqsədləri heç zaman reallaşmayacaq. Eyni zamanda, reallaşmayacaq bir şey üstündə iğtişaşlar törətməyin də yeri yoxdur. Əgər bu, baş verirsə, demək, onların məqsədi yalnız ermənilərdən pul qazanmaq kimi amillərdir. Məncə, belə dırnaqarası gənclər ifşa olunmalı və onları bu çirkin niyyətə sövq edənlər üzə çıxarılmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Digər xəbərlər