PDF Oxu

Sosial

  • 19

“İranın təbliğat maşınının qərəzliliyinin üzə çıxması müsbət hadisədir"

“İranın təbliğat maşınının qərəzliliyinin üzə çıxması müsbət hadisədir"
Son günlər dini məsələlər müəyyən dairələrin diktəsi ilə yenidən gündəmə gətirilir. Maraqlısı isə odur ki, Azərbaycanda tolerant bir mühitin mövcud olduğunu, bütün dinlər və təriqətlər üçün bərabər şəraitin yaradıldığını bilənlər, nədənsə, bu cür məsələlərlə inkarçılığa yol verirlər. Bunun səbəb və izahları başqa cür yozulsa da, Azərbaycan cəmiyyəti öz dini inanclarına görə, öz sərbəstliyini və tolerant bir mühitdə yaşadığını çox gözəl dərk edir. Sadəcə olaraq, ənənəvi qaydada bu cür şər və böhtanlardan özləri üçün müəyyən iqtisadi-siyasi dividendlər əldə etmək niyyətində olanlar növbəti dəfə iftira və yalandan ibarət informasiyalar ötürməklə məşğuldurlar. Amma bütün bunlar, həmişə olduğu kimi, bu dəfə də quru iddiadan başqa bir şey olmadığını isbatlayacaq. Çünki Azərbaycanda demokratik quruluş mövcuddur və ölkə beynəlxalq, sivil dəyərlə idarə olunur. Ölkəmizin "ana qanunu" olan konstitusiyaya görə, din dövlətdən ayrıdır. Yəni nə dövlət dini işlərə, nə də ki, din dövlət işlərinə müdaxilə edir. Eyni zamanda, ölkəmizdə inancından və mənsub olduğu dindən asılı olmayaraq, heç kəs təqib və təzyiqlərə məruz qalmır. Başqalarının isə kənardan oturub hansısa bir fövqəladə vəziyyət uydurması isə heç bir reallıqla uzlaşmır. Nə də ki, Azərbaycanda insanlar dini və sosial durumlarına görə, sınağa çəkilmirlər. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan insanının həyat səviyyəsi, demək olar ki, hər gün yüksələn xətt üzrə müsbət istiqamətdə dəyişir. Ölkəmizdə yeni-yeni iş yerləri açılır, sosial infrastrukturlar yenidən qurulur, cəmiyyətimiz daha mütərəqqi ideyalarla əhatə olunur. Bunun müqabilində isə hər hansı bir xoşagəlməz olay barəsində informasiyalar vermək, şayiələr yaymaq tamamilə uydurmadır. Tam əminliklə demək olar ki, Azərbaycanın bugünkü uğurunu gözü götürməyən və daima ölkəmizin güclənən maraqlarına zərbə vurmaq istəyən qüvvələr ənənəvi olaraq öz xislətlərini nümayiş etdirirlər. Təbii ki, cəmiyyətimiz bu cür hallara qarşı olduqca amansız və sərt mövqe nümayiş etdirir. Cəmiyyətimizin ayrı-ayrı təbəqələri, ictimai xadimlər, millət vəkilləri, politoloq və siyasətçilər kənar qüvvələrin Azərbaycanın daxili işlərini müzakirə etmək kimi iddiaya düşmələrini yanlış bir seçim kimi qiymətləndiriblər. Mətbuata açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu İranın təbliğat maşınının hicab məsələsini və bir qrup "islamçının" tutulması məsələsini qısa fasilədən sonra yenidən gündəmə gətirdiyini bildirib. Qeyd edib ki, bu məsələni gündəmə gətirməklə onlar məsələyə islamofobiya adı verməyə cəhd edirlər". O bildirib ki, bu məsələdə, eləcə də, digər hallarda İranın təbliğat maşını yalandan hədsiz dərəcədə geninə-boluna istifadə edir. "Yalanın belə çox işlənməsi nəinki müsəlmana, hətta müsəlman olmayana belə təhqirdir. Yalan danışmaq dinimizdə böyük günahlardan hesab olunur. Bir qrup Azərbaycan vətəndaşını müxtəlif vaxtlarda yoldan azdırıb həbsə atdıran İranın təbliğat maşını indi heç də müsəlmanların qayğısına qalmır" deyən M.Əhmədoğlu bir qrup Azərbaycan vətəndaşını 2010-cu ilin fevral ayında qızışdıraraq, cinayətə sürükləyərək, özlərinin qara niyyət və məqsədlərinə xidmət etdirdiklərini vurğulayıb. M.Əhmədoğlu Türkiyədən bir dəstə hizbullahçını "məzlumderçilər" adı ilə əhaliyə sırımağın əndazəni tamamilə aşdığını da dilə gətirib. "Türkiyə vətəndaşları olan məzlumderçilər əgər öz ölkələrinin orta məktəblərində hicaba olan münasibəti bilmirlərsə, bunu istənilən Azərbaycan vətəndaşından soruşub öyrənə bilərlər. Bunları araşdırmaq üçün İran rəhbəri Türkiyə, İran və Azərbaycanın din sahəsindəki birinci şəxslərindən ibarət komissiya yarada bilər. Bundan əlavə, dinimizdə qadının gizlətməli olduğu şeylərdən biri də onun səsidir. Azərbaycan qadınlarının bir qrupunu qışqırtmaqla hicab uğrunda mübarizəyə aparmaq əslində antihicabçılıqdır. Peyğəmbərimizin dövründə hicabın olduğunu deyənlər, həm də iddia edirlər ki, azan səsgücləndirici ilə verilib. Bu ziddiyyətlərin kökündə yalnız bir şey var: təki Azərbaycan və onun vətəndaşları üçün pis olsun. Azərbaycanda islamofobiyanın mövcud olduğunu demək üçün həqiqət İrandakı kimi yalan tərəfindən əvəzlənməlidir. Azərbaycanda islamofobiya ilə bağlı söylənilənlər təmiz imana söykənən təfəkkürün nəticəsi deyil, siyasiləşmiş iman əsasına formalaşan təfəkkürün doğurduğu nəticədir. Amma bunların dini möhtəkirliklə məşğul olan İranın din xadimlərinə, yəqin ki, aidiyyəti yoxdur. Çünki İranda belə düşünürlər və sevincək olublar ki, yaxın zamanlarda Azərbaycanda, ərəb ölkələrində olduğu kimi, xoşagəlməz hallar baş verəcək. Buna görə özlərinin əqidə düşmənləri hesab etdikləri qərbpərəst müxalifətə informasiya dəstəyi verməyə başlayıblar. İndidən demək olar ki, nə martın 9-u, nə 11-i, nə də 12-də Azərbaycan cəmiyyəti üçün sürpriz heç bir şey baş verməyəcəkdir. Amma İranın təbliğat maşınının qərəzliliyinin üzə çıxması isə artıq müsbət hadisədir" deyə M.Əhmədoğlu əlavə edib.

Digər xəbərlər