PDF Oxu

Sosial

  • 16

Novruz bayramının respublika səviyyəsində keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Novruz bayramının respublika səviyyəsində keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz və Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə dövlət səviyyəsində qeyd edilmiş, bununla da imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz və Ulu Öndərimiz Heydər Əliyev cənablarının bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, Ümummilli Liderimizin şəxsən iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev cənablarının adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində kütləvi şəkildə genişmiqyaslı tədbirlərin əməli nəticəsi olaraq, Azərbaycan xalqının milli sərvəti olan Muğam və Aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramının Bakı şəhərində yüksək əhval-ruhiyyədə və təntənə ilə keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İlaxır çərşənbə günü və Novruz bayramı münasibətilə şənliklərin keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq, 15 mart 2011-ci il tarixində İlaxır çərşənbə günü simvolik alovu yandırmaq üçün Bakının "Azneft" meydanından Suraxanı rayonu "Atəşgah" məbədinə doğru bayram karvanı yola düşəcəkdir. Bayram karvanı üçün xüsusi bəzədilmiş dəvələr, süvari dəstələri və milli geyimli cəngavərlər faytonlarda hərəkət edən musiqiçiləri, Dədə Qorqud və Bahar qızını, Novruz bayramının atributları olan Kosa və Keçəli yol boyunca müşayiət edəcəklər. Hərəkət zamanı səsgücləndirici qurğu vasitəsilə Ulu Öndərimiz Heydər Əliyevin kəlamları səsləndiriləcək, bayram təbrikləri söyləniləcəkdir.
El ağsaqqalı Dədə Qorqudun xeyir-duasıyla "Atəşgah" məbədindən gətirilmiş alovun köməkliyi ilə üç məşəl yandırıldıqdan sonra Qız Qalasının qarşısında İlaxır çərşənbə günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkil etdiyi konsert proqramı şəhər sakinlərinə təqdim olunacaqdır. Konsertin sonunda Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı olacaqdır.
Qeyd edək ki, tədbirin baş rejissoru əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Bəhram Osmanovdur.

Digər xəbərlər