"ATƏT-in Minsk Qrupunun formatının dəyişməsinə ciddi ehtiyac var. 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaradılan ATƏT-in Minsk Qrupu qətiyyən fəallıq nümayiş etdirmir, əksinə, münaqişənin uzanmasına yardımçı olur. Ona görə də, tərkibin dəyişməsi labüddür". Bu sözləri Macarıstanda səfərdə olan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Bəli, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini sübuta yetirəcək bütün dəlillər ortadadır. Buna misal olaraq, onu göstərmək olar ki, AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitənin yaradılmasında ermənilərlə bərabər Minsk Qrupunun üç həmsədr ölkəsi də çox ciddi narahat idi. Təbi ki, bunun kökündə münaqişənin həllinə ikili standartdan yanaşma prinsipi dayanır. Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması, 1 milyondan artıq əhalinin məcburi qaçqın və köçkün şəraitində yaşaması beynəlxalq ictimaiyyətə və həmsədr ölkələrə bəllidir. 19 illik fəaliyyətləri dönəmində bu qrup heç bir xüsusi fəallıq nümayiş etdirməyib. Konkret olaraq, Amerika, Rusiya və Fransanın Ermənistana çox ciddi təzyiq rıçaqları var. Amma bu təzyiq rıçaqlarından indiyə qədər üç həmsədr olan ölkə istifadə etməyib və etməsi də gözlənilmir. ATƏT-in Minsk Qrupu Ermənistana təsir etmək əvəzinə, təcavüzkar dövləti silahlandıran, münaqişənin dondurulmasına və uzadılmasına xidmət edir. Hətta Ermənistan hakimiyyətinə təsir etmə imkanları çox az olan Fransanın belə işğalçı dövlətin siyasi hakimiyyətinə ciddi siyasi təsir və təzyiq imkanlarına mövcuddur. Amma bu gün Ermənistanı silahlandıran dövlətlərdən biri də elə Fransadır. Bunu Rusiya haqqında da söyləmək olar. Rusiya işğalçı dövlətin Cənubi Qafqaz coğrafiyasında mövcudluğuna təminatçı olan və Ermənistanı sıfırdan yaradan dövlətdir. Bu gün təcavüzkar dövlətin iqtisadiyyatının yarısı Rusiyadan asılıdır. Həmçinin, eyni sözləri ABŞ haqqında da demək olar.
Politoloq Qabil Hüseynli də qəzetimizə verdiyi açıqlamasında fikirlərimizi bölüşdü. Bildirdi ki, bu gün ABŞ-la rəqabət apara biləcək ikinci bir ölkə yoxdur və dünyanın superdövlətlərindən biridir. ABŞ-ın istənilən ölkəyə təsir imkanları var. Amerika Cənubi Qafqazda çox güclüdür və istədiyi təqdirdə, Ermənistana, heç şübhəsiz, ciddi təsir edə bilər.
Q.Hüseynli Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində adları çəkilən hər üç dövlətin qətiyyən maraqlı olmadığını bildirdi.
ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini çox ciddi tənqid edən politoloq da bu tərkibin dəyişməsinə ehtiyacın olduğunu qeyd etdi: "Çünki hər dəfə, sadəcə olaraq, ictimaiyyəti aldatmaq üçün lazımsız, heç bir əhəmiyyəti olmayan bəyanatlar verir, çıxışlar edir, təkliflər irəli sürürlər. O zaman ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı qalardıq ki, zəbt olunmuş torpaqlarımız müharibə deyil, sülh yolu ilə işğaldan azad olunsun".
Politoloq onu da əlavə etdi ki, həmsədr ölkələr işğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin hansı əməllər törətdiyini, mədəniyyət abidələrini yerlə-yeksan etdiyini, beynəlxalq terrorizmlə məşğul olmaları və s. kimi iyrənc əməllərindən xəbərdardırlar. Amma bütün bunlardan xəbərdar olan ATƏT-in Minsk Qrupunun həmsədrləri heç bir ciddi addım atmır və işğalçı Ermənistanı sülhə məcbur etmir. Bəs onda həmsədrlərin hansı xeyirli əməl və fəaliyyətlərindən danışmaq olar? Bu qurum boş-boş, cəfəng bəyanatlarından başqa 19 il ərzində heç nə ilə yadda qalmayıb.
ATƏT-in Minsk Qrupunun formatının dəyişməsinin önəmli olduğunun söyləyən Q. Hüseynli bildirdi ki, yəqin ki, bu format dəyişsə və yeni format Ermənistanı sülhə məcbur etsə, münaqişə qısa zaman kəsiyində öz real həllini tapacaq.