“İşıq" qəzetinin 100 yaşı qeyd olundu
Dünən Mətbuat Şurasında Azərbaycanda ilk qadın nəşri olan "İşıq" qəzetinin 100 yaşı ilə bağlı mərasim keçirildi. Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov mətbu orqanın yaranma tarixindən bəhs edərək "İşıq" qəzetinin XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında böyük rolu olduğunu vurğuladı: "Həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul bir vəzifəni öz üzərinə götürmüşdür, qadınların təhsil, ailə-nikah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda gərgin əmək sərf edib.
Bu, o zaman olduqca çətin bir vəzifə idi. Üzərindən neçə müddət keçməsinə baxmayaraq, "İşıq" örnəkdir. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görüb. Bütün bunları nəzərə alaraq, ölkədə qadın jurnalistikasının inkişafında xidmətləri olan şəxslərin yaradıcılıqlarının qiymətləndirilməsi üçün "İşıq" qəzetinin şərəfinə eyniadlı mükafatın təsis olunması əhəmiyyətli addım olardı".
Ə.Amaşov, həmçinin, onu da vurğuladı ki, bu kimi mətbu orqanlar, eləcə də, orada çalışan qadın jurnalistlərin həyat və yaradıcılığı ilə bağlı geniş araşdırmaların aparılması vacibdir.
"İşıq" qəzetinin tədqiqatçısı, tarix elmləri namizədi Amaliya Qasımova, "Elm və həyat" jurnalının redaktor müavini Ülkər Hüseynova, "Azərbaycan" qəzetinin əməkdaşı Flora Xəlilzadə, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "Azərbaycan" qəzetinin əməkdaşı Rəsmiyyə Rzalı, qadın jurnalistlərdən Aygün Həsənova, Nigar Almanqızı, Arzu Soltan, MŞ İdarə Heyətinin üzvləri - YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu və digərləri çıxışlarında "İşıq" qəzetinin Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi özünə layiq yer tutduğunu qeyd etdilər.
Sonda çıxış edən "İşıq" qəzetinin ilk redaktoru olmuş Xədicə xanım Əlibəyovanın nəvəsi, kinorejissor Cəmil Fərəcov toplantı iştirakçılarına təşəkkürünü bildirdi.