PDF Oxu

Sosial

  • 12

Soçi görüşü Dağlıq Qarabağ münaqişəsini həll edəcəkmi?

Soçi görüşü Dağlıq Qarabağ münaqişəsini həll edəcəkmi?
Artıq Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan prezidentləri səviyyəsində keçirilməsi nəzərdə tutulan görüş yaxınlaşır. Rəsmi Moskva bu görüşün təşəbbüskarı rolunda çıxış edəcək. Bir çox siyasətçilər, ekspertlər bu görüşdə hansısa razılaşmanın baş tutacağına müəyyən ümidlərin olduğunu və artıq danışıqların Ermənistanla deyil, Rusiya ilə aparılmalı olduğunu bildirirlər.
Çünki de-fakto, bu gün Ermənistanı Rusiya dövləti idarə edir və işğalçı dövlətin hansısa bir qərarı qəbul etməsi yalnız rəsmi Moskvanın icazəsi ilə baş tuta bilər. Yəqin ki, Kreml münaqişənin sülh yolu ilə həllində maraqlı qüvvə olsa, o zaman Soçi görüşü Astana görüşünün davamı olmayacaq və Dağlıq Qarabağın qeyri-şərtsiz azad olunmasına zəmin yaratmış olacaq. Bütün faktorlar ortada ola-ola, doğrudan da, Rusiya rəhbərliyi praqmativ siyasət yeritsə, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda öz həllini tapacaq. Amma Kremldəkilərin düşünüklərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın qəti və birdəfəlik addım atması üçün, hələ ki, geosiyasi şərait yaranmayıb. Soçi görüşü ərəfəsi Rusiya XİN-in müavini Amerikanın Rusiyadakı səfiri ilə görüşüb və bu görüşdən əvvəl isə, Rusiya ilə Türkiyə təmsilçiləri arasında intensiv danışıqlar aparılıb. Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, neçə müddətdir ki, gündəmi zəbt etmiş Soçi görüşünə Azərbaycan tərəfi böyük iradə, əzm və ümidlə qatılacaq: "Məlum məsələdir ki, nəzərdə tutulan bu görüşdə təşkilatçı və aparıcı dövlət qismində Rusiya iştirak edəcək. Azərbaycan torpaqlarının 20%-ni zəbt etmiş Ermənistana ən böyük təsir və təzyiq rıçaqları məhz Rusiyaya məxsusdur. İndiyə qədər Azərbaycan, Rusiya və Ermənistan prezidentləri səviyyəsində keçirilən görüşlərin heç biri Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmayıb. Hər dəfə Sarkisyan qeyri-konstruktiv mövqe sərgiləyir. Onu əsas gətirərək ictimaiyyətdə Soçi görüşünə o qədər də böyük ümidlər yoxdur. Beynəlxalq ictimaiyyət düşünür ki, Ermənistan prezidenti Sarkisyan yenə də öz bəhanələrini, tələblərini və şərtlərini irəli sürəcək".
Millət vəkili bütün bunların fonunda Soçi görüşünə çox böyük ümid bəslədiyini də bildirdi və eyni zamanda, həmsədrlərin fəaliyyətsizliyi məsələsinə də toxundu. Bildirdi ki, ATƏT-in Minsk Qrupunun hər üç həmsədr dövləti münaqişənin həllinə o qədər də böyük güc sərf etmir. Və yaxud da münaqişənin sülh yolu ilə həllində maraqlı dövlətlər deyil. Çünki Ermənistan hər üç ölkədən tam asılı vəziyyətdədir və bu dövlətlər Ermənistana çox ciddi təsir gücünə malikdirlər.
Soçi görüşü ərəfəsi Ermənistan və Rusiya prezidentlərinin görüşünə toxunan millət vəkili vurğuladı ki, bu görüş zamanı Rusiyanın Ermənistana satacaq qazının qiymətinin artırılacağı bəlli oldu. Soçi görüşü ərəfəsi Rusiyanın işğalçı dövlətə belə bir "jest" etməsi müəyyən mənada olduqca düşündürücü məqamdır. Əgər bu "jest"in ardınca Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləsə, o zaman belə bir qənaətə gəlmək olar ki, bu, məhz Rusiyanın göstərişi ilə edilir. Yəqin ki, Rusiya danışıqlar zamanı müəyyən addımların atılmasına çalışacaq.
Millət vəkili onu da xüsusi olaraq, vurğuladı ki, bu gün güclənmiş, böyük və yenilməz Azərbaycan dövləti var. Daha Azərbaycan dövlətinin kompromis limiti tükənib. Azərbaycan təcavüzkar dövlət olan Ermənistana bundan sonra heç bir güzəştə getməyəcək. Bütün bunların fonunda dövlətimiz müharibənin başlanacağı təqdirdə, işğal altında olan torpaqlarını işğalçılardan geri qaytarmağa tam hazır vəziyyətdədir.
Millət vəkili, həmçinin, beynəlxalq qurumları, böyük dövlətləri regionda yeni bir müharibə ocağının yaranmaması üçün Ermənistanı sülhə məcbur etməyə çağırdı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümidlərin tam bitmədiyini də əlavə etdi.

Digər xəbərlər