PDF Oxu

Sosial

  • 11

GÖZƏLLİK...DOQQUZU DONDURMU?

GÖZƏLLİK...DOQQUZU DONDURMU?
Əlisa müəllim ömrünün indiki zirvəsini də beləcə "xəlvəti" aşdı-- yarım əsrlik duz-çörək yoldaşlarından pünhan... Görünür, mənim kimi o da hesab edir ki, üst-üstə gələn yaşımız təbiətin işidir, özü verib, özü də hesabını aparır...
Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlisa İsa oğlu Əhmədovun ömür yoluna bir görmə bucağından baxsaq, nəzərlərimiz yetmiş il əvvəlin Ağsu rayonundakı Çiyni kəndinə dikilər, zəmanəmizə on yeddi il yaxınlaşıb Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirib çıxarar, beş illik təhsildən sonra yenidən doğma diyara qaytarar, dörd il sonra bir daha Bakıya-AEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantura şöbəsinə dikilər. Burda estetika ixtisası üzrə əyani təhsil alan Ə.Əhmədov 1972-ci ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyası müdafiə edir, altı il sonra hazırda işlədiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru elmi adına layiq görülür.
"Ömür anketinin" əmək kitabçası bölməsində elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, peşəkar jurnalistika sahəsində işini də xatırlamaq yerinə düşər. O, sovet dönəmində respublikamızın baş ideoloji orqanı olmaqla yanaşı, ictimai-elmi fikrimizin inkişafında da özünəməxsus yer tutan "Azərbaycan kommunisti" jurnalında şöbə müdiri işləmiş, bu vəzifəyə elmi səviyyəsi və sərrast qələminə görə dəvət almışdı. Praktiki jurnalist işi onun qələmini daha da itiliəməklə yanaşı bu rəsmi orqanın ciddi siyasi üslubuna canlı dilimizin ifadə gözəlliyinin daha cəsarətlə yol tapmasına da kömək etdi. Əlisa müəllim milli dilimizin yar-yaraşıqlı, sığallı gözəlliyinin mahir sərrafıdır, ondan ustalıqla, qayğıkeşliklə istifadə edən qələm əhlidir. Bunu ona görə qətiyyətlə deyirəm ki, elmi yazılarının ilk oxucularından, bir çox nəşrlərinin redaktoru və ya rəyçilərindənəm.
Amma bu, Əlisa müəllimin yaradıcı portretinin zahiri tərəfidir, estetika elminin "şahı" Hegelin dili ilə desək, zahiri formasıdır. Onun daxilində isə, öz dahi mütəfəkkirimiz Nizaminin təbirincə, "sirlər xəzinəsi", mənalar dünyası durur. Gənc tədqiqatçı-estetik Ə.Əhmədov bax beləcə "doqquz donun" içində bircə gözəlliyin axtarışına çıxdı, onu elmi fəaliyyətinin mərkəzi mövzusuna çevrildi, estetiklik və etikliyin qarşılıqlı münasibəti formasında nəzəri tərtibatını verdi. "Gözəlliyin keşiyində", "Mədəniyyət, gözəllik, tərbiyə", "Estetiklik və etikliyin qarşılıqlı münasibəti" kitabları, "Kulturologiya" dərs vəsaiti və nəhayət, ötən il "İdrak işığında" adı altında ümumiləşdirdiyi müxtəlif illərin məqalələri, başqalarının elmi işlərinə verdiyi rəylər, eləcə də, onun öz əsərlərinə yazılmış resenziyalar toplusu bu axtarışların mətbu məhsulu oldu.
Hər belə halda əsas məsələ mövzu seçimindən çox onun həlli xüsusiyyəti ilə, məna tutmu ilə bağlıdır, estetikliklə etikliyin, gözəlliklə xeyrin nisbətinin necə müəyyənləşdirilməsindən asılıdır. Əlisa müəllim elmi-pedaqoji, eləcə də jurnalistlik fəaliyyətinin bütün məntiqini bu əbədi problemin dərkinə və başqalarına da çatdırılmasına yönəltmişdir. Estetik zövqün tədqiqindən başlayıb mənəvi gözəlliyin mahiyyətinə varmışdır. Amma bu axtarışlarına sxolastik akademizm yaddır. Əlisa müəllimin bütün yazılarının mayasında elmi əhatəliliklə, məntiqi dürüstlüklə birlikdə cəmiyyətin, xüsusən böyüyən nəslin vətəndaşlıq tərbiyəsi problemi durur. Professor Ə. Əhmədova görə, bu problemin həlli güclü iqtisadi, hüquqi, siyasi amillərlə yanaşı, hər bir milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan bədii və əxlaqi vasitə və dəyərlərin vəhdətindən də asılıdır. Çünki özünün dediyi kimi, "estetiklik və etikliyin vəhdəti bütöv, ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsini nəzərdə tutur. Bu cür şəxsiyyət gözəlliyin ən müxtəlif təzahürlərindən yaxşı baş çıxarmağı, onları layiqincə qiymətləndirməyi, dünyanın "gözəllik qanunları ilə" dəyişdirilməsində fəal iştirak etməyi bacardığı kimi, həm də özünün yüksək əxlaqi keyfiyyətləri, zəngin mənəvi aləmi ilə seçilməlidir".
Ə.Əhmədov ilk tədbirlərdən biri kimi bədii məhsulların sənətkarlıq səviyyəsi və əxlaqi mündərəcəsi, istiqaməti üzərində nəzarət funksiyasını həyata keçirən bir qurumun yaradılmasını vacib sayır. Onun fikrincə, belə bir qurum zərərli "bədii məhsulların" geniş ictimai məkana yol tapmasının qarşısını almağa kömək edər. Ola bilsin, bu ideya kiməsə Ümummilli Lider Heydər Əliyevin ləğv etdiyi senzuranın bərpası kimi görünsün. Amma həmin təklif irəli sürüləndən sonra ölkəmizdə mətbuat və televiziya şuralarının yaradılıb fəaliyyət göstərməsi heç də neqativ qarşılanmamışdır. Vaxtilə sovet dönəmində milli televiziya və radio verilişləri komitəsində bədii şura adlanan bir qurum fəaliyyət göstərirdi və o vaxt mövcud olan "Qlavlit"lə-- rəsmi senzura ilə heç bir əlaqəsi yox idi, televiziya və radioda nümayiş etdirilməli və ya səsləndirilməli olan bədii (məhz bədii!) materialların bədii-ideya məzmununa ictimai qiymət verirdi. Nüfuzlu sənət adamlarının üzv olduğu bədii şuradan keçməyən əsər ekran-efirə vəsiqə almırdı.
Əlisa müəllim yuxarıda müəyyən məqamlarına istinad etdiyimiz "Estetiklik və etikliyin qarşılıqlı münasibəti" monoqrafiyasından altı il sonra çap etdirdiyi "Kulturologiya" dərs vəsaitində də əsas ideyasına sadiq qalaraq bir daha təkidlə xatırladır: "Gözəllik insanın nəcib əxlaqi davranışı uğrunda mübarizədə qüdrətli silahdır. Gözəlliyə can atmadan əmək fəaliyyətindən həzz almaq olmaz, "insan ünsiyyətinin zinəti" və yüksək davranış mədəniyyəti onsuz mümkün deyildir".
Onun üçün gözəlliyin heç də doqquzu don deyil, bəlkə əksinə, onundan doqquzu elə mənəvi saflıqdır, əxlaqi kamillikdir, özündə və övladlarında tərbiyə etdiyi daxili gözəllikdir. Böyük oğlu Fuad ARDNŞ-də xidmətdədir, kiçik oğlu Fərhad rahat şəhər həyatını buraxıb doğma Ağsu rayonunda həkim işləyir. Müstəqilliyimizin ikinci ilində çap etdirdiyi sayca ikinci toplusuna--"Mənəviyyat, gözəllik, tərbiyə" kitabına əlavə şəklində iki yığcam bədii-publisistik yazı da daxil edilmişdir. Özünün qeyd etdiyi kimi, "bundan məqsəd 1990-cı ilin 20 yanvarında başımıza gətirilən faciənin dərinliyini, misilsizliyini bir daha yada salmaq..., gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin zəruriliyini xüsusi vurğu ilə nəzərə çarpdırmaqdır". "Yaralı pəncərə şüşəsi" və "Ülviyyənin portreti" adlanan həmin yazılar Əlisa müəllimin öz qızı-"Şəhidlər qarşısında hamımız günahkarıq" deyib 20 Yanvar şəhidlərindən ayrı yaşamaq istəməyən Ülviyyə balanın faciəli seçimi barədədir...
Həmin kitabının girişini belə tamamlayır: "Əgər bu kitabı oxuyub qurtardıqdan sonra oxucu özünü mənəviyyatca daha zəngin, gözəlliyə münasibətdə daha həssas hiss edərsə, müəllif özünü güdülən məqsədə çatmış bir insan sayacaqdır". Əlisa müəllimin bütün kitablarına aid etmək istədiyimiz bu fikrə biz də şərik çıxırıq.

Yasin Qaraməmmədli, fəlsəfə elmləri namizədi, dosent, AJB-in Həsən Bəy Zərdabi mükafatı laureatı

Digər xəbərlər