Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətdir
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirildi. Xocalı faciəsi zamanı, eləcə də, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli dövlətçiliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin "Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı"nı təsdiq etdini vurğuladı. Y.Məmmədov məhz təsdiqlənmiş tədbirlən planına uyğun olaraq Xətai rayonunda və Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, respublikamızın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anım mərasimlərinin və s. tədbirlərin keçirilməsi, eləcə də, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların hazırlanması və yayılması nəzərdə tutulduğunu bildirdi. Professor Y.Məmmədov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş birinci qətliam olmadığını vurğuladı.
Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvü Allahyar Xocalı Azərbaycan xalqının başına son əsrdə gətirilən bəlalardan, bədnam qonşularımız olan ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasətindən bəhs etdi. Bildirdi ki, xalqımız bu qədər müsibətlər və acılar yaşamasına baxmayaraq özünün milli kimliyini həmişə qoruyub saxlayıb və düşmənə qarşı düşmən hissi ilə yaşayıb.
Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbirin digər çıxışçıları xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı siyasətindən bəhs ediblər.
Tədbirdə ADPU-nun tələbələrinin Xocalı soyqırımına həsr etdikləri bədii kompozisiya nümayiş olunub.