“Matəm bayrağı" Türkiyə səfirliyinə təqdim ediləcək
Bu günlərdə Türkiyənin İstanbul şəhərində Əhməd Kabaklı adına Türk Ədəbiyyatı Dərnəyinin açılışı olub. Dərnəyin binası əsaslı yenidənqurmadan sonra insanların istifadəsinə verilib. Azərbaycanın "Milli Mədəniyyətin Müdafiəsi" İctimai Birliyin sədri Jalə Cəfərova bu tədbirdə iştirak edib və İstanbuldan çox böyük təəssüratlarla qayıdıb.
Söhbətimiz zamanı J.Cəfərova bildirib ki, türk dünyasının görkəmli şəxsiyyətlərindən olan böyük ədəbiyyatşünas Dədə Qorqud, Füzuli, Nəvai haqqında böyük tədqiqat əsərlərinin də müəllifidir. Eyni zamanda, türk dili haqqında misilsiz tədqiqatları ilə də məşhur olan Kabaklı türk ədəbiyyatının beşcildliyini də miras kimi qoyub gedib. O, öz əsərlərində yazır ki, öz dilini bilməyən insan heç zaman xalqına hörmət etməz.
Əhməd Kabaklının adını daşıyan Türk Ədəbiyyatı Dərnəyinin açılışı münasibətilə düzənlənən tədbirə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb. J.Cəfərova həmin tədbir haqqında məlumat verərək, bildirib ki, Rəcəb Tayyib Ərdoğan öz çıxışında çox mühüm məsələlərə toxunub. O, qeyd edib ki, ədəbiyyat bütün bəşəriyyətin həyatında çox önəmli rol oynayır. Belə ki, zaman-zaman qılıncların həll edə bilmədiyi məsələləri məhz qələmlər həll edib. Milli türkülərin səsləndirildiyi tədbirdə Azərbaycan xalq mahnısı "Sarı gəlin" də səslənib və alqışlarla qarşılanıb. J.Cəfərova onu da bildirib ki, Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Əhmət Kabaklının irsindən azərbaycanlı tələbələrin də uğurla bəhrələndiyini söylədiyini vurğulayıb və baş nazirə çıxışına görə təşəkkür edib. Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində keçirilən ədəbiyyat tədbirində onun səsləndirdiyi fikirlərə dəstək olaraq Azərbaycanın faciələrinə də daha çox diqqət yetirilməsi zamanının çatdığını deyib: "Zamanıdır ki, qələmlər elə qüdrətlə yazsınlar ki, artıq dünya bu həqiqətlərin fərqinə varsın, bu qələmlər ermənilərin ağ yalanlarının bütün dünyaya bəyan etsin".
Məlumat üçün bildirək ki, ictimai birlik artıq bir çox yaddaqalan aksiyalara imza atıb. 2002-ci ildə Fransa parlamentində uydurma "erməni soyqırımı" məsələsinin müzakirəsi zamanı isə ictimai birlik Jalə xanımın rəhbərliyi ilə üzərinə Azərbaycan həqiqətləri və "uydurma erməni soyqırımına yox deyirik" şüarı həkk edilmiş simvolik olaraq ağ kəfəni özündə ehtiva edən "matəm bayrağı" hazırlayıb və işğalçılara, onları dəstəkləyənlərə öz etirazlar bildirilib. Həmin "bayrağa" 3 min nəfərə yaxın Azərbaycan qadını imza atıb. O qadınlar Ermənistanın işğalçılıq siyasətini pisləyib və əsil soyqırımının ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədildiyini bəyan edərək bu fikirlərini "matəm bayrağına" həkk ediblər. Jalə xanım bu aksiyanın Azərbacanda fəaliyyət göstərən Türkiyə və digər ölkələrin səfirliklərinin də diqqətini çəkdiyini söyləyib. QHT rəhbəri həmin "matəm bayrağı"nı Türkiyə səfirliyinə təqdim etmək fikrində olduğunu da deyib.