PDF Oxu

Sosial

  • 15

XX əsrin ən böyük faciəsi

XX əsrin ən böyük faciəsi
Xocalı faciəsinin ildönümü, respublikamızın hər yerində olduğu kimi, Səbail rayonunda da geniş şəkildə qeyd olundu. Dünən Səbail rayon icra hakimiyyətində faciənin ildönümü ilə bağlı keçirilən tədbirdə Xocalı şəhərindən köçkün düşərək, rayonda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirildi. Mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdi. Səbail rayon icra hakimiyyətinin başçısı vurğuladı ki, Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildi, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıldı. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də, onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Xocalının, həmçinin, işğal altında olan torpaqlarımızın düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə, ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq, müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirdi: "Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir". Tədbirdə çıxış edən Xocalı rayon icra hakimiyyəti başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirdilər. Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon icra hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları təqdim olundu.

Digər xəbərlər