Günü-gündən güclənən Azərbaycan Ordusuna dövlət tərəfindən olan diqqət və qayğı onun ən müasir standartlara cavab verməsinə şərait yaratmışdır. Heç təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi dünyanın ən güclü orduları ilə müqayisə edilir. Amma ordunun güclənməsi yerli və xarici qüvvələri ciddi narahat edib. Son günlərdə bir hərbi hissədə baş vermiş insident də ordumuza qarşı təbliğatın aparılması üçün düşmənlərimizin əlinə düşən bir fürsətdir.
Burada xarici qüvvələrlə yanaşı, daxili qüvvələri də nəzərə almaq lazımdır. Onlar bu hadisəni şişirtməklə dövlətimizi və ordumuzu bu işdə günahlandırmaq və ən nəhayətdə, onu nüfuzdan salmaq məqsədi güdürlər.
Qeyd edək ki, bir neçə gün bundan öncə "N" saylı hərbi hissədə baş vermiş insident nəticəsində yeddi əsgərimiz dünyasını dəyişmişdir. Bununla bağlı dərhal Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılmağa başlamış və cinayəti törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görülmüşdür. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən məsələyə lazımi reaksiya göstərilmiş, hadisədə günahkar bilinən hərbi hissə komandiri tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, dövlətimiz tərəfindən orduya lazımi diqqət göstərilir və hər hansı bir neqativ hadisənin günahkarlarının cəzalandırılması üçün lazımi addımlar atılır. Burada şişirdilib qlobal səviyyəyə qaldırılası heç bir şey yoxdur. Bunu bizimlə fikirlərini bölüşən hərbi ekspertlər də bildirdilər.
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ REGİON ÖLKƏLƏRİ İÇƏRİSİNDƏ LİDERDİR
Hərbi ekspert
İldırım Məmmədzadə:
- İlk növbədə, demək istəyirəm ki, Azərbaycan qanunvericiliyinə görə, ordu, silahlı qüvvələr siyasətdən kənar institutlardır. Lakin bundan kiminsə öz siyasi məqsədləri üçün istifadə etməsi də təsadüf olunan hallardandır. Hesab edirəm ki, bu, düzgün münasibət deyil. Çünki biz burda yaxşı şəraitdə, ailəmizin içində yaşadığımız vaxtda bizim əsgərlərimiz soyuqda, çətin bir şəraitdə öz borclarını yerinə yetirərək, vətənimizin keşiyində dayanmışlar. Bu günlərdə bir nəfər əsgərin hansısa səbəbdən səriştəsizlik üzündən öz silahını yoldaşlarına tuşlamasına qarşı belə bir münasibət göstərmək isə bütün hərbçilərimizin çəkdiyi əziyyəti yerə vurmaqdır. Əlbəttə, biz bu hadisəyə dəstək vermirik. Bu cür hadisələrdən heç bir ordu sığortalanmayıb. Ən çox inkişaf etmiş ölkələrin ordularında belə bu tipli hadisələrə rast gəlinir. Bu, heç bir halda, siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Bizi kənardan izləyənlər var ki, onlar bundan psixoloji informasiya müharibəsində istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, əsgər siyasi məqamlarda istifadə olunan hansısa bir predmet deyil. İllərlə zabit, əsgər, gizirin çəkdiyi əziyyəti hansısa bir hərəkətlə qiymətləndirmək düzgün deyil.
Azərbaycan Silahlı Qüvvələri region ölkələri içərisində liderdir. Həm texniki, həm də maddi cəhətdən yüksək səviyyədə təchiz olunmuş ordumuz istənilən vaxt erməni silahlı qüvvələrini darmadağın edərək, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Erməni hərbi siyasi rəhbərliyi, erməni silahlı qüvvələri Rusiyanın silahlı qüvvələrinin kölgəsində yataraq, elə bilirlər ki, onlar kiməsə dişini qıcaya bilərlər. Əlbəttə, bu gün onlar müxtəlif manevrlər etməklə, göstərməyə çalışırlar ki, guya onlarda müasir silahlar mövcuddur. Lakin əslində, onlar Rusiya hərbi bazasının istifadə müddəti ötmüş, yararsız silahlarından istifadə edirlər.
HƏYATINI AZƏRBAYCANIN MÜDAFİƏSİNƏ HƏSR ETMİŞ HƏRBÇİLƏRİMİZ HAQQINDA İFTİRA YAZILAR YAZMAQ YOLVERİLMƏZDİR
"Tərxis olunmuş hərbçiləri maarifləndirmə" ictimai birliyinin sədri
Emin Həsənli:
- Son baş vermiş olay çox təəssüfdoğurucu bir faktdır. Dünyasını dəyişən bütün əsgərlərimizin ailələrinə başsağlığı verirəm. Bu, bizim hamımız üçün böyük itkidir. Amma həyat belə hadisələrdən sığortalanmayıb. Dünyanın bütün ordularında belə hadisələr baş verir. Düşmən ordusunda bundan dəfələrlə artıq belə hadisələr olub. Məsələn, iki-üç ay bundan öncə, Qarabağ bölgəsində 20-dən çox erməni əsgəri bir-birini güllələmişdi. Azərbaycan Ordusunun güclənməsi Azərbaycanı istəməyən bütün qüvvələri narahat edir. Bir məqamı hamı anlamalıdır ki, ordu nə iqtidarın, nə də müxalifətindir. Ordu bütövlükdə ölkəmizin, cəmiyyətimizindir. Ordu mövzusuna münasibət həssas olmalıdır. Ölkəmizdə yaradılan söz və mətbuat azadlığından istifadə edərək orduya qara yaxmağa yol vermək olmaz. Bu məsələdə vicdanın senzurası olmalıdır. Həmkarlarımızı, dostlarımızı səsləyirik ki, bu cür məsələlərdə həssas olsunlar. İki gündür ki, bəzi qəzetlər bu hadisəni manşetə çıxarıblar. Azərbaycan Ordusunda çox böyük işlər görülüb, kazarmalar, hərbi hissələr, hospitallar, hərbi təlim-tədris mərkəzlərinin, Hərbi Akademiyanın açılışları baş tutub. NATO-nun sülhyaratma proseslərində Azərbaycan əsgərləri çox layiqincə Azərbaycanı təmsil etmiş, dəfələrlə orden və medallara layiq görülmüşlər. Bu informasiyalar mətbuatda çox az verilib. Milli qəhrəmanlarımızın göstərdiyi şücaət mətbuatda az yer tutub. Amma bu cür xəbərlər qəzetlərin bəzən bir neçə səhifəsini əhatə edir. Bu, çox təəssüf doğurur. Region, eləcə də, digər ölkələrin kütləvi informasiya vasitələrinin hansı məqsədlərə qulluq etməsi məlumdur. Onlar istəmirlər ki, Azərbaycan güclü olsun. Azərbaycanın regionda gücünün, nüfuzunun artması onları narahat edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yaradılıb, Azərbaycan artıq özü silah istehsal edir, ordumuz gücləndirilir. Ali Baş Komandanın iştirakı ilə keçirilən hərbi paradlar da bunu sübut edir.
Həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş hərbçilərimiz haqqında iftira yazılar yazmaq yolverilməzdir. Onlar sərt şəraitdə belə vətənin müdafiəsindədirlər, düşmənlə üzbəüz səngərlərdədirlər. Onlar haqqında belə fikirlər yaratmaq onların özlərində, yaxınlarında çox böyük ruh düşkünlüyü yaradır. Bu insanlara kim bu haqqı verib ki, Azərbaycan Ordusunu, Azərbaycan dövlətini belə alçaldan yazılar yazsın. Ordu dövlətin ən əsas atributlarındandır.
Hər gün elə bir ölkə, elə bir ərazi yoxdur ki, orada insan tələfatı olmasın. Bu, müxtəlif səbəblərdən baş verir. İnsan olan yerdə, təbii ki, belə hadisələr olmalıdır. Bu isə hərbi sahədir. Böyük hərbi kontingentdə insanların psixoloji durumu kəskinləşə bilər. Əsgərlər də cinayət törədə bilər. Bunları təhlil etmək, araşdırmaq lazımdır.
Görülən işləri isə görməmək, onlara kölgə salmaq qəbuledilməzdir. Axı bu, bizim hamımız üçündür, dövlətimiz üçündür. Torpaqlarımızın 20%-dən artığı düşmən işğalı altındadır. Düşmən hər gün bizimlə informasiya müharibəsi aparır, cəbhədə atəşkəsi pozur. Son hadisədə isə düşmənin sevinməsi təbiidir. Amma bizim öz insanlarımızın buna sevinməsi təəssüf doğurur. Belə vəziyyətdə biz hərbçilərimizə mənəvi dəstək olmalıyıq. Onsuz da onlar hər birimiz kimi məyusluq hissi keçirir. Biz toparlanmalı, bir yumruq kimi olmalı, dövlətimizin ordu üçün gördüyü işləri qiymətləndirməliyik. Ali Baş Komandan ordunu hər an nəzarətdə saxlayır, lazımi dəstəyi göstərir və hərbçilərimizin sosial poroblemlərinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Bunların hamısı ölkədə vətənpərvərliyin yüksəldilməsi üçün atılan addımlardır. Şəhidlərimizin dəfnlərində ən yüksək səviyyəli dövlət rəsmiləri iştirak edir. Lakin bəzən bu dəfnlərdə iştirak edən bəzi jurnalistlər valideynlərin ən həssas vaxtlarında belə onların dərdinə şərik olmaq əvəzinə, lazımsız suallar verirlər. Belə şeylərə diqqətlə yanaşmaq lazımdır.
Hesab edirəm ki, ordumuz qarşısına qoyulan bütün məqsədlərə nail olacaqdır, torpaqlarımız işğaldan azad ediləcək və biz düşmənə öz layiqli cavab verəcəyik.
HƏR HANSI BİR HƏRBİ HİSSƏDƏ BAŞ VERƏN QANUNSUZLUĞU, TƏLƏFATI ÜMUMİ ORDUNUN ADINA YAZMAQ OLMAZ
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, ehtiyatda olan zabit Füzuli Rzaquliyev:
- Təbii ki, bu hadisə bizim hamımızı sarsıdıb. Hətta bununla bağlı bizim çox ciddi bir bəyanatımız da olub. Amma hər hansı bir hərbi hissədə baş verən qanunsuzluğu, tələfatı ümumi ordunun adına yazmaq olmaz. Bizim xalqımız tarixən döyüşkən xalq olub və indi də bu döyüşkənliyini saxlayıb. Əgər əmr olunarsa, Fərid kimi, Mübariz kimi yüzlərlə oğullarımız var. Sadəcə olaraq, atəşkəs dövründə qəhrəmanlıq, vətənpərvərlikdə müəyyən mürgüləmə var idi. Fərid və Mübariz xalqımızı bu mürgüdən silkələdi. Son hadisədə isə, günahkarlar məhz həmin hərbi hissəyə başçılıq edən komandirlərdirlər ki, onlar da öz layiqli cəzalarını aldılar. Sağ olsun cənab Prezidentimiz ki, bu məsələyə dərhal reaksiya göstərdi və lazım olan tədbiri gördü. Bü gün Azərbaycan Ordusu regionda ən güclüdür. Ermənistanla müqayisədə isə bizim ordumuzun büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Dövlətimiz bu sahədə bütün əziyyətləri çəkir, ona görə də bu hadisə ordumuzun adına yazılmamalıdır. Hansısa bir hərbi hissədə özbaşınalığın olması həmin hissənin komandirinin yerində olmamasından asılıdır. Təbii ki, istəmərik ki, bu hadisələr bir daha təkrar olunsun. Bu, ilk növbədə, düşməni sevindirmək deməkdir.
ORDUMUZUN DÖYÜŞ HAZIRLIĞI YÜKSƏK SƏVİYYƏDƏDİR, ŞƏXSİ HEYƏTDƏ RUH YÜKSƏKLİYİ VARDIR
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev:
- Bildiyiniz kimi, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur. İstər ordunun texniki təchizatı, istərsə də şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu gözü götürməyənlər də var. "N" saylı hərbi hissədə baş vermiş qanun pozuntusu, təbii ki, bizim hamımızı kədərləndirir. Heç kim istəməzdi ki, belə bir hal olsun. Amma bunu əlində bayraq edib, düşmənin xeyirinə fikir bildirənlər də az deyil. Elə Ermənistanın özü də bu barədə müxtəlif şayiələr yayır, şişirdir, qabardır ki, öz ordusunun xeyirinə bizim ordunu gözdən salsın. Amma bunu belə qiymətləndirmək olmaz. Uzun illərdir ordumuz əlisilahlı, döyüş vəziyyətində vətənimizin keşiyini çəkir. Dediyim kimi, heç kəs istəməzdi ki, bu hadisə baş versin. Amma cinayət baş verib, bununla əlaqədar hərbi prokurorluq araşdırma aparır. Günahkarlar tapılacaq və öz layiqli cəzalarını alacaqlar. Hansısa bir cinayətin baş verməsi orduya ləkə yaxmaq üçün şərait yaratmamalıdır. İnsanlarımız bu barədə mənfi fikir söyləməkdən çəkinməlidirlər. Sözügedən hərbi birləşmədə, bildiyiniz kimi, çox müsbət işlər görülüb. Orada bir neçə nümunəvi hərbi hissələr var. Hər şeyi unudub bircə faktdan yapışmaq lazım deyil. Bu hadisə, təbii ki, digər hərbi hissələrdə də məsuliyyəti artırır. Hansısa bir sahədə boşluqlar varsa, ona ciddi yanaşılacaq, nöqsanlar aradan götürüləcək. Ümumiyyətlə, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir, şəxsi heyətdə ruh yüksəkliyi vardır.