Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyədə səfərdədir
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir. Arzu Rəhimov Türkiyənin daxili işlər naziri Bəşir Atalayla görüşüb. Türkiyəli nazir görüşdən əvvəl jurnalistlərə bildirmişdir ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi ilə miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək. Onun sözlərinə görə, Azərbaycanla viza rejiminin ləğvi məsələsi üzrə də işlər davam edir.
Bəşir Atalay türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq, qardaş ölkələrimiz arasındakı əlaqələrin daha yüksək səviyyələrə qaldırılması istiqamətində səylərin davam edəcəyini söyləyib. Arzu Rəhimov Türkiyənin miqrasiya sahəsində zəngin təcrübəsi olduğunu vurğulayıb və bu təcrübədən ölkəmizin də faydalanacağını deyib. Bu gün iqtisadi potensialı güclənən Azərbaycan bir cazibə mərkəzinə çevrilir və bu kontekstdə Türkiyə ilə əməkdaşlığın inkişafı çox mühümdür.