"Prezidentlərin görüşünü taleyüklü görüş hesab edirəm"
"Elə bir vaxt yetişib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşma əldə olunmalıdır. Prezidentlərin görüşünü taleyüklü görüş hesab edirəm". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında son zamanlar aktivləşməyə başlayıb və eyni zamanda Rusiya münaqişənin uzadılmasının onun üçün müəyyən problemlərin yaratdığının şahidi olur. Bütün bu hadisələrin fonunda yeni fiqur İran ortaya çıxıb: "Eyni zamanda İranın vasitəçiliyi artıq gündəmə gəlib. İran prezidentinin xüsusi nümayəndəsi həm Azərbaycanda, həm də Ermənistanda səfərdə olub. İran da istəyir ki, Tehranda iki dövlət başçısının görüşünü təşkil etsin. Bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq Rusiya və ABŞ tərəfindən qısqanclıqla qarşılanır".