Xocalı soyqırımının 19 ili
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon gənclər və idman idarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının on doqquzuncu ildönümü ilə bağlı ənənəvi xarakter daşıyan güllə atıcılığı üzrə yarış keçirilibdir.
Tədbirin əvvəlində yarış iştirakçıları və qonaqlar yarışın keçirildiyi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma İctimai Birliyinin sədri, keçmiş döyüşçü Əlövsət Qasımov tərəfindən təşkil olunmuş Xocalı soyqırımına həsr olunmuş foto-sərgi ilə tanış oldular.
Sonra yarış keçirildi. Yarışda Səbail rayonunun 15 orta məktəbinin komandası iştirak etdi. Tərkibi 3 nəfərdən - 2 oğlan və 1 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxmış və respublikada, ilk dəfə olaraq, məhz Səbail rayonunda keçirilən bu yarışda müasir kiçik çaplı pnevmatik snayper tüfənglərindən istifadə etməklə hər bir üzv 5 güllədən istifadə etmişlər. Yarışların gedişini Səbail rayon gənclər və idman idarəsi, Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən etmişlər.
Yarışlara yekun vurulduqdan sonra Səbail rayonunun Badamdar qəsəbəsində ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş 236 saylı orta məktəbdə Daxili Qoşunlar tərəfindən yaradılmış hərbi hazırlıq kabinetində yarışın mükafatlandırma mərasimi keçirildi. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışaraq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim ön plana çəkdiyini toplaşanların nəzərinə çatdırdılar.
Səbail rayonunun məktəblərinin komandalarının yarışına yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 91 saylı orta məktəbin, 2-ci yerə 190 saylı orta məktəbin və 3-cü yerə isə 239 saylı orta məktəbin komandaları layiq görülmüş, şəxsi yarışlarda 190 saylı orta məktəbin şagirdi Əbülfəz Hüseynli birinci yeri, 239 saylı orta məktəbin şagirdi Fəridə Mustafayeva ikinci yeri və 132 saylı Təhsil Kompleksinin şagirdi Kəmaləddin Əliyev üçüncü yeri tutdular.
Yarışda hər üç yerləri tutmuş komandalara və ən sərrast atıcılara müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələr təqdim olundu.