PDF Oxu

Sosial

  • 11

Azərbaycan dünyanın diqqət mərkəzindədir

Azərbaycan dünyanın diqqət mərkəzindədir
Böyük Britaniyanın məşhur "Royal Holloway" Universitetinin "Azərbaycan" Cəmiyyəti Londonda Azərbaycanın tanıtımı ilə bağlı tədbir keçirib. Cəmiyyətdən verilən məlumata görə, mərasimə Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov da qatılıb. Tədbiri giriş nitqi ilə açan cəmiyyətin sədri Cəbrayıl İsmayılov Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün dünyada diaspora təşkilatlarımızın, cəmiyyətlərin fəal olmasının vacibliyini vurğulayıb.
C.İsmayılov tədbirin keçirilməsinin də məhz bu məqsədə xidmət etdiyini dilə gətirərək, bildirib ki, Azərbaycanın tarixi ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almaq üçün ölkəmizin yürütdüyü siyasət, mədəniyyətimiz, tariximiz təbliğ olunmalıdır.
Azərbaycan tarixi, siyasəti barədə tədbir iştirakçılarına dolğun məlumat verən universitetin tələbəsi Babək Məmmədzadə isə erməni işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd- yuvasından didərgin düşdüyünü diqqətə çatdırıb. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi yönündə danışıqlar aparıldığını söyləyən B.Məmmədzadə Azərbaycan Prezidentinin dediyi kimi, danışıqlar səmərə verməzsə, hərb yolunun qaçılmaz olduğunu vurğulayıb. Ölkəmizin strateji-coğrafi zonada yerləşdiyini söyləyən universitet tələbəsi, Azərbaycanın əksər xarici ölkələrin maraq dairəsində olduğunu bildirdi. Natiq nitqində Azərbaycanın qədim tarixi, müstəqillik dövrü, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə dövlətçilik ənənələrinin qüvvətləndirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə yürüdülən müstəqil siyasət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Universitetin doktoranturasında təhsil alan azərbaycanlı tələbə Vüsal Musayev söz alaraq, ölkəmizin iqtisadiyyatının dinamik inkişafından danışıb. Azərbaycan iqtisadiyyatının günü-gündən gücləndiyini bildirən V.Musayev ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi baxımdan iş birliyi qurduğunu da diqqətə çatdırdı.
Cəmiyyətin nümayəndəsi İsmayıl Məlikov isə Azərbaycanın qədim mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin dünyanın hər bir yerində təbliğinin vacib olduğunu söyləyən İ.Məlikov hər bir azərbaycanlının mənfur düşmənlərimizə mədəni sərvətlərimizə sahib çıxmağa əngəl törətməli olduğunu bildirib: "Azərbaycan muğamı ölkəmizin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sayəsində layiqincə təbliğ olunur. Xaricdə yaşayan, təhsil alan hər bir azərbaycanlının borcudur ki, bu ənənəni yaşatsın. Məhz bu gün biz öz mədəni dəyərlərimizə sahib çıxmaqda səy göstərməliyik. Çünki ermənilər Azərbaycanın mədəniyyətinə xas olan musiqini, dəyərli əsərlərimizi öz adına çıxmaqda davam edir".
Tədbirdə Araz Quliyev də Azərbaycanda biznes mühiti, turizmin imkanlarından danışıb. O, qeyd edib ki, ölkədə turizm sektoru və sahibkarlığın inkişafı üçün böyük həcmdə Dövlət Proqramı həyata keçirilibdir. Xüsusilə, regionlarda biznes mühitinin yaradılması və yerli turizm imkanlarının genişləndirilməsi baxımından yeni infrastruktur layihələr reallaşdırılır. O, bir məqamı da xüsusi olaraq vurğulayıb ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı ildən-ilə artır.
Mərasimə universitet tələbələri ilə yanaşı, elm adamları, xarici ölkələrin tələbələri də qatılıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, Azərbaycanın qədim musiqi incisi sayılan ozan sənəti nümayiş olunub.

Digər xəbərlər