PDF Oxu

Sosial

  • 13

BMT ABŞ-ın bir qurumuna çevrilir

BMT ABŞ-ın bir qurumuna çevrilir

BMT-nin, AŞPA-nın və ATƏT-in Dağlıq Qarabağa dair çıxardığı qətnamələrin bu günə qədər icra olunmaması həmin qurumların nüfuzuna xələl gətirməklə yanaşı, Ermənistanın dünya birliyinə qarşı çıxdığını söyləməyə əsas verirmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.

Elman Nəsirov,
politoloq:

- Bu, bir həqiqətdir ki, BMT-nin, AŞPA-nın qəbul etdiyi qərarlar heç bir halda işğalçı Ermənistan tərəfindən yerinə yetirilmir. Qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi, həmin təşkilatların nüfuzuna çox böyük ləkədir. Əgər bu günləri dünyanın beynəlxalq universial təşkilatı olan BMT və onun Təhlükəsizlik Şurası, Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamələr qəbul edilirsə və qərarların yerinə yetirilməsi mexanizminə malik deyilsə, onda, heç şübhəsiz ki, həmin beynəlxalq təşkilata olan inamı və etibarı itirir. Nəticə etibarilə Azərbaycan ictimaiyyətində də belə bir fikir formalaşır ki, beynəlxalq təşkilatlara inanmağa dəyməz. Bu isə nəticə etibarilə həmin beynəlxalq təşkilatların heç də istəmədiyi və maraqlarında olmadıqları müharibə variantını xeyli aktuallaşdırmaq deməkdir. Əlbəttə ki, bunun da əsas günahı və məsuliyyəti, məhz həmin beynəlxalq təşkilatların üzərinə düşür. Halbuki bütün hallarda Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır. Bir sözlə, işğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərini qəbul etmir və onları kobud şəkildə pozur. Burada ən dəhşətlisi odur ki, həmin prinsiplərin müdafiəsində dayanmalı olan beynəlxalq təşkilatlar buna dözür və özlərini elə aparırlar ki, sanki belə də olmalıdır. Bu isə son nəticədə beynəlxalq hüququn işləmədiyi qənaətinə gəlir. Əslində, bu ifadə çox düzgün bir ifadədir ki, bugünkü dünyada hüququn gücü yox, gücün hüququ işləyir.

Cümşüd Nuriyev, politoloq:

- Hesab edirəm ki, özünə hörmət edən beynəlxalq qurumlar, qəbul etdiyi qərarların da icrasına nəzarət etməlidir. Bunu etiraf etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı, əslində, ABŞ-ın təşkilatıdır. 1991-ci ildə BMT cəmi bir qərar çıxardı. Bu da Küveytin işğalı ilə bağlı idi. Burada ABŞ qısa bir müddət ərzində səhrada tufan planı hazırladı, onu icra etdi və İraqı oradan çıxardı. Nəyə görə, belə bir addım Azərbaycana qarşı atılmır. Bu, hələ də anlaşılmır. Ümumiyyətlə, ABŞ-ın ermənilərə qarşı olan sevgisi və xristian həmrəyliyi də anlaşılandır. Amma məsələ ondadır ki, Azərbaycan hər zaman Qərb və ABŞ üçün lazım olan bütün iqtisadi, siyasi addımları atıb. Lakin bütün bunlara baxmayaraq, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. Ümumiyyətlə, bu, tək Azərbaycana qarşı hörmətsizlikdir. Bu, ABŞ-ın Qafqaz siyasətinin əsas ana xəttidir. Yəni, ABŞ bilavasitə dövlətləri özündən asılı vəziyyətdə saxlamaqla öz ideyalarını həyata keçirməyə çalışır. Bu qurumların özünə hörmətsiz yanaşması, təbii ki, bizi ağrıdır. Eyni zamanda, bu həm də Azərbaycanın gücünü göstərir ki, Azərbaycan bütün bu qədər beynəlxalq güclərə tab gətirə bilən bir dövlətdir. Çünki çox ağıllı siyasət yürüdür. Biz hər şeyin beynəlxalq hüquq çərçivəsində həll olunmasını istəyirik.

Digər xəbərlər