PDF Oxu

Sosial

  • 14

ŞƏFFAFLIQ İNKİŞAF DEMƏKDİR

ŞƏFFAFLIQ İNKİŞAF DEMƏKDİR
Azərbaycanda məqsədyönlü şəkildə aparılan islahatlar nəticəsində ötən ildə sosial iqtisadi sahədə mühüm uğurlar əldə olunub. Statistik məlumatlara əsasən, demək olar ki, yoxsulluq 9,1 faizə enib, əhalinin orta aylıq əmək haqqı 400 dollara yüksəlib, 900 mindən çox yeni iş yerləri yaradılıb. İqtisadiyyata 15 milyard manat investisiya qoyulub ki, bunun da 80 faizi yerli sahibkarların payına düşür. Ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri aparılıb.
Təbii ki, uğurlu nailiyyətlər fonunda neqativ halların baş verilməsi, vətəndaşların incidilməsi, süründürməçiliyə, korrupsiya hallarına yol verilməsi həyata keçirilən quruculuq işlərinə, sosial-iqtisadi uğurlara kölgə salır. Bu azmış ki, Azərbaycanın nüfuzuna xələl gətirir. Nəzərə almaq lazımdır ki, bu cür arzuolunmaz hallara qarşı dövlət səviyyəsində mübarizə aparılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər) və Fəaliyyət Planını təsdiq edilməsi qeyd olunan mübarizə tədbirləri sırasındandır. Yanvarın 27-də ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasının keçirilməsi və bu iclasda narahatlıq doğuran problemlərin aradan qaldırılması üçün icra strukturlarına, nazirliklərə konkret tapşırıqların verilməsi dövlətin arzuolunmaz məsələnin köklü surətdə həll edilməsi istiqamətində genişmiqyaslı mübarizə tədbirləri həyata keçirdiyini göstərir.
Qeyd etmək yerinə düşər ki, inkişaf etmiş ölkələr ədalət prinsiplərinin bərqərar olması, məhkəmə hüquq sistemində islahatların aparılması və ədalətli qərarların çıxarılması, icra orqanlarında, maliyyə sistemində şəffaflığın təmin edilməsi, infrastruktur layihələrin və digər proqramların həyata keçirilməsi hesabına əldə edə bilmişdir. Bu nailiyyətlərin əldə olunması yalnız dövlət üzərinə qoyulmamalıdır. Bütün ictimaiyyət, vətəndaşlar bir olmalı, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması iqtisadiyyatın daha da möhkəmlənməsinə xidmət etməlidir. Bu halda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə tədbirləri effektli nəticələr verər. Yerinə düşər ki, bununla bağlı kifayət qədər Azərbaycan dövlət başçısı tərəfindən sərəncamlar, fərmanlar imzalanıb, qanunvericilik bazası yaradılır.
Bir sözlə, nöqsanlarla ciddi mübarizə aparmaq üçün uğurlu vətəndaşlıq mövqeyi ifadə olunmalıdır. Düzdür, daxil olan şikayətlərə və aparılan araşdırmalara əsasən, demək olar ki, bəzən dövlət qurumlarının bəzi vəzifəli şəxsləri üzərlərinə düşən məsuliyyəti lazımınca dəyərləndirmir və bu da vətəndaşların konkret mövqe bildirmələrinə problemlər yaradır. Necə ki, redaksiyamıza daxil olan şikayət məktublarına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi yerli təşkilatlarının vəzifəli şəxsləri öz qulluq mövqelərindən sui-istifadə etdiklərindən vətəndaşların haqlı narazılığına səbəb ola bilən problemlərin yaranmasına yol açırlar. Şikayət məktublarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Binəqədi, Nizami, Qazax, Şabran və Yasamal rayonlarında apardığımız araşdırmalarda vətəndaşların haqlı olduğu üzə çıxdı. Məlum olur ki, həqiqətən də, sosial yardım və sosial müavinət almaq üçün rayonun əhalinin sosial müdafiə mərkəzlərinə müraciət edənlərə ayrılmış plastik kartların və onların pin-kodlarını götürərək, bankomatlardan vətəndaşlara çatacaq pulları mənimsəyirlər. Artıq mətbuatdan da məlum olduğu kimi, bu cür qeyri-qanuni metodlardan istifadə etdiklərinə görə, nazirliyin 40 nəfər məsul işçisi işdən azad olunub. Goranboy, Qobustan, Gəncə və Sumqayıt sosial müdafiə mərkəzlərinin rəisləri işlərindən azad olunmaqla cinayət məsuliyyətinə cəlb olunublar. Təəssüf və təəccüb doğuran hal odur ki, mövcud durumdan nəticə çıxarmayanlar hələ də var.
Şabran şəhəri R.Behbudov küçəsi, ev 66-da qeydiyyatda olan və 20 Yanvar küçəsi, ev 16-da kirayədə yaşayan Həsənov Nurəli Cabir oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubunda rayonun Sosial Müdafiə Mərkəzinin "fəaliyyəti" nəticəsində ünvanlı sosial yardım ala bilmədiyindən narazılıq edir: "Həyat yoldaşım və mən heç yerdə işləmirik. Ailə üzvlərindən heç kəsin adına, pay torpağı, fərdi mənzil tikilməsi üçün torpaq sahəsi, həyatyanı, avtomobil yoxdur. Ailəmizin gəlir mənbəyi yoxdur. Bu səbəbdən də 2009-cu ilin avqust-sentyabr aylarında lazımi sənədləri toplayıb, ünvanlı dövlət sosial yardımı almaq üçün Şabran rayon sosial müdafiə məntəqəsinə təqdim etmişəm. 2009-cu ilin sentyabr ayından guya mənə "ünvanlı sosial yardım" ödənilir. Belə ki, "ünvanlı dövlət sosial yardımı" almaq üçün, Kapital Bankın kartı mənə 2009-cu ilin sentyabr ayında yox, 2010-cu ilin yanvar ayında, özü də açıq şəkildə verilmişdir. 5 aylıq ünvanlı sosial yardım, Şabran rayon sosial müdafiə mərkəzinin əməkdaşları tərəfindən, kartı məndən icazəsiz açdıqları üçün, hesabımdan oğurlanaraq mənimsənilmişdir".
Şikayətçi Şabran rayon sosial müdafiə mərkəzinin müdiri Dəyanət müəllimdən oğurluq halının aradan qaldırılması üçün tədbir görməməsinin səbəbini soruşduqda, "belə məsləhət olub" cavabını aldığını söyləyib: "2010-cu ilin sosial yardımını almaq üçün çox cəhdlər etmişəm. İdarə müdiri Dəyanət müəllim məni onun-bunun yanına göndərməyi adət halına çevirib. Çarəsiz və zəif durumdayam. Müdir vəzifəsindən istifadə etməklə,ünvanlı dövlət sosial yardımı almaq üçün kartımı açıb, hesabıma girib beş aylıq pulumu oğurlayaraq mənimsəmişlər.
Binəqədi rayonunun Binəqədi qəsəbəsində yaşayan Faiq Quliyev də redaksiyamıza ünvanladığı şikayət məktubunda sosial müdafiə mərkəzinin rəhbəri Eyvaz müəllimdən şikayətli olduğunu qeyd edir. Yazır ki, müdafiə mərkəzinin rəisi ona çatacaq 2010-cu ilin üçün maddi yardımı mənimsəyib: "Eyvaz müəllim başda olmaqla, Binəqədi rayon sosial müdafiə mərkəzinin əməkdaşları Gəncə şəhərinin sosial müdafiə mərkəzi tərəfindən onun ünvanına çatacaq 500 manata yaxın vəsaitini mənimsəyiblər. Bununla bağlı, şikayət etsəm də, haqqımı müdafiə edə bilməmişəm".
Qeyd etmək yerinə düşər ki, bəzən dövlət sosial müdafiə fondlarının uşağın anadan olmasına görə, valideynlərin almalı ola biləcək müavinətləri də mənimsəyirlər. Faktla bağlı redaksiyamıza daxil olan şikayətlərə əsasən, demək istəyirik ki, uşağın anadan olmasına görə, müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi Dövlət Sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işə götürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə tənzimlənir. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir.

Digər xəbərlər