Vətəndaş cəmiyyəti gələcəyimiz naminə
Dünən "Caspian plaza" hotelində "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "Gənc nəslin formalaşmasında İncəsənətin rolu: problemlər və perspektivlər" mövzusunda tədbir keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən "ELS"-in rəhbəri İradə Yaqubova hər bir şəxsə uşaq yaşlarında göstərilən qayğı və diqqətin gələcəkdə onun fiziki, əqli və mənəvi cəhətdən inkişafına ciddi təsir göstərdiyini bildirdi. Qeyd etdi ki, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən, problemlərin həlli ardıcıl olaraq, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilib. İ.Yaqubova uşaqların mənəvi, əxlaqi tərbiyəsində incəsənətin, xüsusən də, musiqinin böyük rola malik olduğunu da diqqətə çatdırdı. Vurğuladı ki, gənc nəslin formalaşmasında və onun milli-mənəvi ruhda yetişməsində musiqinin və incəsənətin müstəsna əhəmiyyəti vardır. O, ailələrdə və təlim-tərbiyə mərkəzlərində, uşaq bağçalarında, tədris olunan musiqi proqramları və dərsliklərin də xüsusi önəmini qeyd etdi. İ.Yaqubova məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi ilə məşğul olan pedaqoji kadrların da xüsusi təhsil almalarının və onların estetik ruhunun formalaşmasında musiqi vərdişlərinə geniş yer verilməsinin də vacibliyini söylədi.
Tədbirdə çıxış edən bəstəkar Oqtay Zülfüqarov da gənc nəslin vətənpərvər və dünyagörüşə malik formada yetişməsində radio və televiziyaların xüsusi təbliğat vasitələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. O, gəncliyimizin sağlam, psixoloji durumunun tam təmin olunması üçün atılan addımlardan, görülən işlərdən də bəhs etdi.
Bəstəkar Oqtay Rəcəbov da çıxışında uşaq yaşında tədris olunan fənlərin və digər vasitələrin gələcəkdə öz effektiv nəticələrinin büruzə verdiyini də diqqətə çatdırdı. Bildirdi ki, bu Azərbaycan gəncliyi sağlam təfəkkür əsasında öz inkişafının müəyyən mərhələsini yaşamaqdadır.