PDF Oxu

Sosial

  • 9

Korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdəndir

Korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdəndir
AMEA Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib. Elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi yığıncağı AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələ haqqında məlumat verib. O bildirib ki, yanvarın 27-də ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. Dövlət orqanlarının iştirakı ilə keçirilən bu iclasda komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, ölkə rəhbərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin və aparılan islahatların nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını söyləyib. İclasda ölkə həyatının bəzi sosial sahələrində hələ də mövcud olan və Azərbaycanın maddi-mənəvi inkişafına xələl gətirən neqativ halların olduğunu, ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə saldığını, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirdiyini söyləyib. Korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdən olduğunu qeyd edən M.Kərimov bu istiqamətdə ölkə başçısı tərəfindən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)" və Fəaliyyət Planının təsdiq edildiyini, qanunvericilik və iqtisadi sistemlərdə, eləcə də, idarəetmədə icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət strukturlarının fəaliyyətinin şəffaflığı, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, bir sözlə, qanunun aliliyi və sosial ədalət kimi fundamental əsasların qorunub saxlanması istiqamətlərində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O, AMEA-nın sosioloji və hüquqi, həmçinin, iqtisadi sahələrində əldə olunan mütərəqqi elmi-nəzəri təcrübələrin korrupsiyaya qarşı mübarizədə tətbiq edilməsi, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı elmi-praktiki əməkdaşlığın dərinləşdirilməsi, elmi araşdırma, ekspertiza, təhlil, proqnozlaşdırma, təbliğat, mütəxəssis hazırlığı işlərinin səmərəliliyinin yüksəldilməsi imkanlarına malik olduğunu, korrupsiyaya qarşı mübarizədə elmin bilavasitə iştirakının zəruriliyini qeyd edib. AMEA RH-nin elmi-katibi, filologiya elmləri namizədi Sərxan Xavəri AMEA RH tərəfindən hazırlanmış korrupsiyaya qarşı mübarizə tədbirləri haqqında qərar layihəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İclasda çıxış edən AMEA RH-nin maliyyə-iqtisad şöbəsinin rəisi, iqtisad elmləri namizədi Zakir Nəcəfov elm üzrə ayrılmış xərc maddələrinin iqtisadi təsnifatı üzrə bölüşdürüldüyünü, ölkədə gedən uğurlu iqtisadi inkişafla bağlı bu xərclərin son 5 ildə 3,3 dəfə artırıldığını qeyd edib. O, subyektiv səbəblərdən elmi müəssisələrin fəaliyyətində normativ hüquqi sənədlərin düzgün tətbiq olunmadığını və ya nöqsanlara yol verildiyini, həmçinin, beynəlxalq əlaqələrin gücləndirilməsində və büdcədənkənar gəlirlərin istifadəsində, ekspedisiya işlərinin sərbəst aparılmasında yaranan problemləri tənzimləmək üçün normativ hüquqi sənədlərin təkmilləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Həmçinin, müzakirə olunan mövzu ilə əlaqədar yerlərdə maliyyə intizamına riayət edilməsi, qarşıya çıxan məsələlərin mövcud qanunvericilik çərçivəsində həll edilməsini qeyd edib. İclasda çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirdi ki, hazırlanmış qərar layihəsində əsas məqsəd AMEA-nın fəaliyyətində korrupsiya yarada biləcək mühitin təhlil edilməsi, ölkədə və ümumiyyətlə, cəmiyyətdə baş verə biləcək korrupsiya proseslərinin analiz olunması, bu proseslərin qarşısının alınmasına elmi dəstək göstərilməsidir. Cəmiyyətimizdə belə neqativ halları yaradan səbəblərin araşdırılmasının vacibliyini vurğulayan alim sözügedən məsələdə şəffaflığın təmin olunması, bəzi qanunların, normativ-hüquqi bazanın yenidən təhlil edilməsi, sənədləşdirmə prosesində yaranan problemlərin müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi ilə aradan qaldırılmasının vacibliyini qeyd edib. Sözügedən məsələ ilə bağlı çıxış edən akademiklər Bəkir Nəbiyev, Arif Həşimov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, hüquq elmləri namizədi Aytən Mustafayeva, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə ölkədə korrupsiya yaradan amillərə toxunaraq, bu neqativ halların aradan qaldırılması ilə bağlı bəzi təkliflər verdilər və ölkə Prezidentinin apardığı bu siyasəti dəstəklədiklərini qeyd etdilər.

Digər xəbərlər