PDF Oxu

Sosial

  • 17

“Korrupsiyaya qarşı mübarizə ümumxalq maraqları ifadə edir”

“Korrupsiyaya qarşı mübarizə ümumxalq maraqları ifadə edir”

Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasını giriş sözü ilə açan komitə sədri Qərib Məmmədov ötən il ərzində həyata keçirilən tədbirlər və görülən işlər barədə məlumat verdi. Q.Məmmədov bildirdi ki, Azərbaycan dövlətçiliyinin memarı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, təşəbbüsü və Azərbaycan xalqına diqqət və qayğısının nəticəsi olaraq həyata keçirilməyə başlanmış və bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən, ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə bağlı 2010-cu ildə də bir sıra təxirəsalınmaz tədbirlər görülübdür.
Komitə sədri torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkənin  8 641 506  hektar vahid torpaq fondunun 2 032 744 hektarının bələdiyyə mülkiyyətinə verildiyini söylədi: "1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status  almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində    Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olmuşdur".
2010-cu ildə 30398 vətəndaşın adına   fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan və ölçü sənədlərinin hazırlandığını deyən Q.Məmmədov komitə tərəfindən  2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verildiyini vurğuladı.
Komitə sədri "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində 2010-cu ildə 1370 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edildiyini dedi: "Eyni zamanda, 451 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb, 919 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, 43485 manat cərimə olunub, bundan 14046 manat ödənilib, 29439 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta hallarının 2-si vəzifəli, 93-ü hüquqi və 1275-i isə fiziki şəxslər tərəfindən törədilmişdir".

Torpaq müsabiqələri
və hərracları 

Q.Məmmədov torpağın hərraclar və ya müsabiqələr vasitəsilə verilməsi ilə bağlı görülən işlər barədə də açıqlama verdi: "Ötən il respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 1773 hərrac və müsabiqə təşkil olunubdur. Torpaq bazarında hərrac və ya müsabiqələrin komitə tərəfindən təşkil edilməsi respublikada torpaq münasibətlərinin tənzimlənməsinə və daha da təkmilləşdirilməsinə zəmin yaratmaqla yanaşı, torpaqların mühafizəsi və istifadəçiliyi sahələrində dövlət nəzarətinin daha da gücləndirilməsi işlərində ciddi dönüş yaratmış və bu sahədə şəffaflığı təmin etmişdir".
Komitə sədri, həmçinin, Heydər Əliyev Fondunun rəhbərliyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi: "Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılması və təbliğ olunmasına kömək etmək məqsədi ilə birgə layihə həyata keçirilir. Layihə çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun virtual muzeyinin yaradılması  və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulmuşdur".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri cənab Ramiz Mehdiyevin 2011-ci il 27 yanvar tarixində keçirdiyi iclasda verdiyi tapşırıqlarla bağlı kollegiya iclasında Q.Məmmədov hələ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" çərçivəsində komitə tərəfindən torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi məqsədi ilə  təxirəsalınmaz tədbirlər görüldüyünü söylədi. Komitə sədrinin sözlərinə görə, bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi barədə qanunun qəbul olunması, torpaq müsabiqələri və hərraclarının şəffaflığını təmin etmək üçün 5 nəfərdən ibarət komissiya yaradılıb: "2 nəfər komitə əməkdaşlarından, 3 nəfərin birinin ictimaiyyət nümayəndəsindən, birinin bələdiyyə assosiasiyalarının nümayəndələrindən, birinin isə yerli icra hakimiyyətinin nümayəndəsindən ibarətdir. Bütün görülən işlərin həyata keçirilməsində məqsəd, torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində şəffaflığı təmin etmək, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısını almaqdan ibarətdir".

Digər xəbərlər