PDF Oxu

Sosial

  • 684

Dağ vüqarlı igid - FOTO

Dağ vüqarlı igid - FOTO

Ramiq Teymur oğlu Tağıyevin Azərbaycan Ordusunun şanlı zəfərlə bitirdiyi Vətən müharibəsində 30 il həsrətini çəkdiyimiz Qarabağın azadlığa qovuşmasında xüsusi yeri oldu. Lerik rayonunun Kəlvəz kəndində təvəllüd tapan bu dağ vüqarlı igid yağ düşmənlə haqq savaşımız başlanan gündən döyüşdə olmaqla, hər qarış Vətən torpağının qisasını almaq məqsədilə onlara ürəyincə qan uddura bilir. Zəfər günü şəhidlik məqamına çatanda da “Can Vətən” deyib gənc ömrünü ona bağışlayır...
Ramiq Tağıyev orta məktəbi bitirəndə sadə təbiəti, yurduna bağlılığı, Vətənə, xalqına məhəbbəti onu yaşıdlardan qat-qat uca göstərir. 2016-cı ildə el-oba öz oğlun böyük ehtiramla Ordu sıralarına yola salır. Ramiq uşaqlıqdan arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi xidmətə başlayır. Xidmət etdiyi müddət ərzində əsl vətəndaş, mənəvi cəhətdən yetkin, vətənpərvər əsgər olmaqla özünü zabitlərə, əsgərlərə sevdirir. Hamı onun mərdliyinə, təlimlər zamanı göstərdiyi döyüş məharətinə heyran kəsilir. Vətəninə lazım olduğunu anlayıb, burada qalıb kiçik gizir rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam edir. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirir, peşəkarlığı, cəsurluğu ilə seçilir. Erməni dığaların namərdliyi isə onu torpaq naminə daim qisasa çağırır. Sentyabrın 27 –də Vətən müharibəsi başlanan gündən Ramiq ölüm-dirim savaşında erməni dığalarına vurduğu sarsıdıcı zərbələri hesabına bunları təsdiq edir.
Vətənini hər şeydən üstün, hər şeydən qiymətli bilən gizir Ramiq Tağıyev Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərində düşmənə göz açmağa imkan vermir. Və hər dəfə azad olunan Vətən torpaqlarını görəndə polad biləklərinə yeni güc, qüvvə gəlir. Qeyri-bərabər döyüşlərdə yüksək şəxsi rəşadət və şücaəti çiyin-çiyinə vuruşduğu əsgər yoldaşlarını böyük inamla zəfərə doğru aparır.
Şuşanın azad edilməsində R. Tağıyev göstərdiyi hünərlə sözün əsl mənasında tarix yazır. İştirak etdiyi bütün əməliyyatları uğurlu alınır. Üz-üzə gəldiyi erməni dığalarını sağ buraxmır. Şuşada Azərbaycanın üç rəngli bayrağı dalğalana qədər döyüşür. Bu dünyadan da qürur hissi ilə köçür. Çünki 30 il əsarətdə olan Qarabağı son nəfəsdə azad görür...
Dövlət başçının sərəncamına əsasən Vətənin igid oğlu Ramiq Tağıyev ölümündən sonra “ Vətən uğrunda”, “ Cəbrayılın azad olunmasına görə” və “ Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər