Son zamanlar radikal müxalifət dairələrində qarşılıqlı ittihamlar getdikcə pik nöqtəsinə çatmaqdadır. Belə ki, özünə qarşı hücumların səngimədiyini görən Müsavat başqanı İsa Qəmbərov adekvat addımlar atmaq qərarına gəlib. O özünə yaxın bildiyi mətbuat səhifələrindəki açıqlamasında müxalifətdə təmsil olunan siyasi partiyaları və onların sədrlərini xəyanətdə suçlayıb.
Bildirib ki, müəyyən qruplar Qərbin gizli qüvvələri ilə əməkdaşlıq edərək düşərgədaxili qalmaqallara səbəb olurlar. Bundan hiddətlənən bəzi partiya sədrləri onun bu açıqlamasının əsassız olduğunu qeyd etsələr də, digərləri əksinə olaraq, məhz Qəmbərovun Qərbin müəyyən dairələrinin maraqlarına işlədiyini vurğulayıblar. Hətta İ.Qəmbərovun bu addımının hələ parlament seçkiləri ərəfəsində müxalifətin birlik yaratmaq cəhdlərinə qarşı yönəldiyini və bu ideyaya ağır zərbə olduğunu deyiblər.
Əvəz Temirxan: "İsa Qəmbərovu məhkəməyə verəcəm"
Məsələyə münasibət bildirən Azərbaycan Liberal partiyasının (ALP) sədri Əvəz Temirxan da Müsavat başqanı İ.Qəmbərovun müxalifət daxilində təxribat yolu tutduğunu inkar etməyib. Bundan təəssüfləndiyini deyən Temirxan qeyd edib ki, əgər onun əlində belə bir fakt varsa, buyursun, ortaya qoysun ki, hər kəsə hansı müxalifət partiyasının kimlərə "işlədiyi" məlum olsun. Yoxsa vaxtaşırı bu cür açıqlamaların verilməsi İ.Qəmbərovun, sanki tapmaca oynadığını göstərir: "Ciddi siyasətçi oxu atıb, yayı gizlətməz. Əgər İ.Qəmbərovun əlində hər hansı bir partiyanın, hər hansı bir siyasətçinin xarici ölkəyə işləməsi, yaxud onun xüsusi xidmətinin agenti olması barədə fakt varsa, açıb ortaya qoysun".
Ə.Temirxan Müsavat başqanının bu sözlərini ALP-yə aid edəcəyi təqdirdə, onların məhkəmədə görüşə biləcəyini vurğulayıb. Hər hansı bir xarici ölkənin agenti olmaq, onun əmrlərini yerinə yetirmək Vətənə, dövlətə xəyanət olduğundan, belə bir ağır cinayəti bilib gizlətməyin özü də ağır cinayətdir. Eləcə də, bu barədə kimisə əsassız olaraq, təqsirli bilmək də cinayətdir. Ə. Temirxan bildirib ki, İ.Qəmbərov ALP-yə böhtan atır: "Bu, dözülməz bir haldır. İ.Qəmbərova lazımi cavabını verəcəyik. İndi müxalifət daxilində yaranmış siyasi qarşıdurmaya görə birbaşa İ.Qəmbərov məsuliyyət daşıyır. Bütün müsavatçılar həmrəy olaraq, öz başqanlarını bu cür təxribatlardan əl çəkməyə təhrik etməlidirlər".
Fuad Əliyev: "İ.Qəmbərov ABŞ-ın gizli qüvvələrinə işləyir"
Azərbaycan Liberal Demokrat partiyasının (ALDP) sədri Fuad Əliyev bu yaxınlarda qəzetimizə verdiyi müsahibəsində bildirib ki, İ.Qəmbərov müxalifət partiyalarının xarici ölkələrə işləməsi ilə bağlı ittihamları irəli sürərkən, sadəcə, bir ölkənin, ABŞ-ın adını çəkməyib. Yəqin ki, onun özü də Amerikaya işləyir. Hansısa partiyanın xarici dövlətlərin maraqlarına işlədiyini deyirsə, buyursun, onu sübut etsin. Onun sözlərinə görə, Müsavat başqanının bu tip bəyanatlar verməsinin əsas səbəbi müxalifətin blok şəklində birləşməsinə mane olmaqdan ibarətdir: "O, bununla, çalışır ki, müxalifət partiyaları birləşməsin və pərakəndə vəziyyətə düşsün. Yəni İ.Qəmbərovun bu fikirlərini əsassız sayıram. Onun məntiqi ilə desək, onun özü də ABŞ-a işləyir. Hətta bunu ABŞ-a ünvanlanmış mesaj kimi qiymətləndirmək də olar".
Onun fikrincə, bu fikirlərilə İ.Qəmbərov Amerikaya demək istəyir ki, gəl, əməkdaşlıq edək.