Sərhədi pozanlar saxlanılıb
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmiş və yanvar ayı ərzində aşağıdakı nəticələr əldə olunmuşdur.
Dövlət sərhədini pozduqları üçün 44 halda 85 nəfər saxlanılmışdır. Sərhəd rejim qaydalarını pozduğuna görə, 43 halda 87 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülmüşdür. Qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində yanvar ayının 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Tehran-Bakı" aviareysində 9 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı saxta Böyük Britaniya pasportları ilə saxlanılmışdır. Yanvarın 22-də isə Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində dövlət sərhədini pozmağa cəhd göstərərkən, 5 nəfər Banqladeş Demokratik Respublikası vətəndaşı saxlanılmışdır.
Axtarışda olan 79 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 62 kiloqram 422,9 qram narkotik maddə - 45 kiloqram 5 qram həşiş, 13 kiloqram 60 qram tiryək, 4 kiloqram 362,4 qram heroin aşkar edilərək, götürülmüşdür. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduqlarına görə Cəlilabad rayon sakinləri Xudiyev Mirələm Muxtar oğlu, Əliyev Mais Naib oğlu və Beyləqan rayon sakinləri Ələkbərov Ceyhun Akif oğlu, Ələkbərov Babək Akif oğlu, Mahmudov Ruhi Mirzə oğlu barədə həbs qətimkan tədbiri seçilmişdir və istintaq aparılır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 64 halda ümumi dəyəri təqribən 486 min 885 manat olan qaçaqmal, o cümlədən, bir ədəd ov tüfəngi, 16 ədəd 16 mm-lik patron, 8 ədəd 16 mm-lik giliz, 10,2 kiloqram barıt, 236 ədəd alışdırıcı, 750 tir tüfənginin pistonu, tir tüfəngi üçün 1 ədəd optik nişangah, 886 ədəd pirotexnik vasitə, 300603 ABŞ dolları, 1653 manat Azərbaycan pulu, qayıq, 38575 metr tor, 448,7 kiloqram müxtəlif növ balıq, çoxsaylı mobil telefon və aksesuarları, müxtəlif adda spirtli içkilər, siqaretlər, digər sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.