Paytaxtda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir
Yanvarın 29-da və 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz, ət və digər ət məhsulları çıxarılmışdı.
"Təzə bazar" MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 9 tona yaxın məhsul, o cümlədən, 1,2 ton ət, 0,2 ton ağartı, 2,5 ton tərəvəz, 2 ton kartof, 0,2 ton bostan məhsulları, 2 ton meyvə, 2,5 min ədəd yumurta gətirilərək satışa çıxarılmışdır. Burada qiymətlər bazardakından 20-25, hətta 30 faiz ucuz idi.
Yasamal rayonu ərazisində, Şərifzadə keçəsində yerləşən Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada meyvə-tərəvəzin bolluğu, çeşidin müxtəlifliyi ilk baxışdan diqqəti cəlb edirdi. Şənbə və bazar günləri burada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 78,5 ton meyvə-tərəvəz satılmışdır. Yarmarkada əksər məhsullar bazarlara yarıbayarı ucuz təklif olunmuşdur.
Metronun "Əhmədli" stansiyasının yaxınlığındakı "Bakı" kinoteatrı və "Azəri" ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
Alıcılarla və sakinlərlə etdiyimiz söhbətlərdən o da məlum oldu ki, onların böyük əksəriyyəti hər şənbə və bazar günləri bu yarmarkalara gələrək, istədikləri ərzaq, meyvə-tərəvəz və ət məhsullarını ala bilmək imkanı əldə edirlər.
Mehralı Axundov, Bakı sakini, usta: "Mən, demək olar ki, həftənin hər şənbə və bazar günləri dövlətimiz tərəfindən təşkil olunmuş bu yarmarkaya gəlir və çox sərfəli qiymətlərlə alış-verişimi edirəm. Bəzi yerlərdə, təşkil edilmiş yarmarkalar haqqında gərəksiz söz-söhbətlər yaratmağa çalışanlara da sözüm odur ki, əgər onlar, həqiqətən də, buna inanmırlarsa, nəyə görə özləri də buradan istifadə edirlər?"
Sona Xəlilova, Bakı sakini, musiqi müəlliməsi: " Mən təşkil olunmuş bu əlverişli şəraitə görə ilk öncə dövlətimizə və hökumətimizə minnətdarlığımı bildirmək istərdim. Çünki bu yarmarkalar vaxtında təşkil olunmasa idi sadə vətəndaşlar bazarlara gedərək, dəyərindən qat-qat baha məhsulları almaq məcburiyyətində qalacqdılar. Nəticədə həm məhsulların keyfiyyət baxımından, həm də maddi tərəfdən təmin olunmamaq kimi hallarla rastlaşmağa məcbur olacaqdıq. Mən yenə də öz Dövlət Başçımıza xalqına göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərimi bildirirəm ki, bu cür şərait yaradaraq, xalqının firavan həyatı üçün əlindən gələni əsirgəmir". Mirismayıl Məmmədov, ət məhsullarının satıcısı, Kürdəmir sakini: "Burada yarmarka rəhbərliyi tərəfindən biz satıcılara yaradılmış şərait çox əlverişlidir. Öz məhsullarımızı özümüz gətirib, özümüz də satırıq. Həmçinin, yaradılmış təmizlik və saxlanma şəraiti məhsullarımızın xarab olmasının qarşısını alır. Bu isə ət və ət məhsullarının keyfiyyətinin itirilməməsi üçün vacib şərtlərdəndir. Açığı bazarlarda belə şəraiti bizə heç kim yaratmır..."
Sənubər Babayeva, meyvə-tərəvəz satıcısı, Quba sakini: "Hər şey burada lazımi qaydadadır. İstər satıcıların iş şəraiti, istər məhsulların təmiz şəraitdə saxlanılması, istərsə də alıcılar üçün yaradılmış normal şərait. Əsas məsələ odur ki, bazarlardan fərqli olaraq, burada hər iki tərəf-həm alıcılar, həm də satıcılar çox razıdırlar. Allah həm dövlətimizdən, həm də Prezidentimizdən razı olsun ki, xalqının, millətinin qeydinə-qayğısına qalır".
İşçi qrupun qərargahından, eləcə də, yarmarkalara nəzarət edən səlahiyyətli şəxslər tərəfindən verilən məlumata görə, şənbə və bazar günləri burada bir çox rayonlardan gətirilmiş müxtəlif adda 243 ton meyvə-tərəvəz və digər məhsullar satılmışdır.
Qeyd edək ki, yerlərdə müşahidə etdiyimiz yarmarkalardan başqa, Suraxanı rayonu ərazisində də satış yarmarkaları təşkil olunmuşdur. "Günəş" ticarət mərkəzində və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində şənbə və bazar günləri müxtəlif adlarda meyvə-tərəvəz və ət məhsulları satılmışdır.