Rusiya regionda arzuolunmaz qonağa çevrilir
İqtisadi, hərbi güc və stabillik- bütün bu amillərin hər üçü Azərbaycan dövlətində var. Azərbaycan tək regionda deyil, bütün MDB daxilində böyük gücə malikdir. Bunun da nəticəsi olaraq, bu gün bir çox ölkələr Azərbaycan dövləti ilə iqtisadi əlaqələrini daha da genişləndirmək niyyətindədir.
Millət vəkili Musa Qasımlının da qeyd etdiyi kimi, Azərbaycan dövlətinin qazandığı bütün bu uğurlar, nailiyyətlər ziyanverici ermənilərdə çox böyük narahatlıq doğurur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətindən tam fərqli olaraq, Ermənistanda vəziyyət olduqca çox çətindir, əhalisinin getdikcə sayı azalır və onlar işləmək üçün xarici ölkələrə üz tuturlar.
İqtisadiyyatı tənəzzülə uğramış Ermənistan-Rusiya və Ermənistan münasibətlərinə toxunan M. Qasımlı bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rusiya faktorunun olduqca çox böyük rolu və əhəmiyyəti var. Əslində, Ermənistan Cənubi Qafqazda Rusiyanın dəstəyi ilə dövlətçilik qazanmış bir ərazi vahididir. Ermənistanın özünün tarixən qətiyyən dövlətçiliyi olmayıb. Rusiyanın dəstəyilə Ermənistan dövlətçilik əldə edə bilib. Rusiyanın əlində bir alətə çevrilən Ermənistanın, eyni zamanda, qonşu ərazilərinə iddiaları olub. Bu isə, 1918-ci ildə Gürcüstanla müharibəyə gətirib çıxarıb.
Millət vəkili vurğuladı ki, ermənilər həmin vaxt Azərbaycanla da müharibəyə başlayıb. Ərazisi olmayan bu dövlət qonşu dövlətlərin əraziləri hesabına ərazi əldə etmək istəyib. Bütövlükdə isə, onu həyata keçirmək üçün Rusiyaya arxalanıb və Rusiyaya Ermənistan ona görə lazım olub ki, Qafqaz regionunda möhkəmlənmək üçün onun əlində daxili faktora ehtiyac yaranıb. Erməni faktoru regionda möhkəmlənmək üçün Rusiya üçün hər zaman lazım olub və ermənilərdən təkcə bizim regionda deyil, eyni zamanda, Türkiyəyə münasibətdə də ermənilərdən bir faktor kimi istifadə edib və müasir tariximizdə də eyni hadisənin şahidiyik.
Millət vəkilinin sözlərinə görə, tarixən olduğu kimi, indi də həmin tendensiya sanki bir varislik olaraq saxlanmaqdadır. Dünya arenasında heç bir söz haqqı olmayan Ermənistan dövləti heç bir halda bütün parametrlərə görə, özündən qat-qat güclü olan, həm ərazisi, həm iqtisadiyyatı, həm də digər parametrlərə görə böyük olan Azərbaycan ərazisini işğal altında saxlaya bilməzdi. Bunun yeganə səbəbi var ki, Ermənistanın arxasında Rusiya amili dayanıb. Çünki Rusiya dünyanın fövqəldövləti olmaq iddiasında və postsovet məkanını getdikcə öz nəzarətinə götürmək arzusu ilə yaşayan bir dövlətdir.
Azərbaycan torpaqlarının işğal edilməsində Rusiyanın Ermənistana böyük dəstəyi olub. Çünki Ermənistanın heç zaman Azərbaycanla müharibə aparmağa gücü və qüvvəsi çatmaz. Azərbaycan ərazilərini işğal etmək üçün Ermənistanın insan ehtiyatı, iqtisadi gücü, hərbi sənaye kompleksi yoxdur. Belə olan halda, sual yaranır ki, Azərbaycan ərazilərini Ermənistan hansı dövlətin köməyi ilə işğal etmişdir: "Bu gün rus-erməni dostluğunun heç bir sübuta ehtiyacı yoxdur və bu əməkdaşlıq Rusiyaya regionda heç bir hörmət və nüfuz gətirmir. Rusiya düşünməlidir ki, nəyə görə birdən-birə Cənubi Qafqazda nüfuzdan düşdü? Ermənistanla əməkdaşlıq etmək Rusiyaya digər xalqlar arasında nifrətdən başqa heç nə yaratmır. Rusiya dövləti Ermənistana nə qədər dayaq olacaqsa, Moskva o zamana qədər də Cənubi Qafqazda arzuolunmaz bir qonağa çevriləcəkdir. Əgər Rusiya Azərbaycanla sıx əməkdaşlıq əlaqələri yaratsa, o zaman regionda çox yüksək hörmət və nüfuza sahib olacaqdır. Rusiya tam bir nüvə dövlətidir və nəinki Ermənistanı, demək olar ki, bir çox region dövlətlərini özünə tabe etmək iddiasındadır. Amma bütün vasitələrdən istifadə edib, Azərbaycan öz haqlı səsini bütün dünyaya çatdıracaq və torpaqlarını işğaldan azad edəcək. Bunun üçün də Rusiya Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidir və Dağlıq Qarabağ konfliktinin həllində obyektiv mövqe tutmalıdır".