PDF Oxu

Sosial

  • 20

Azərbaycan həqiqətləri beynəlxalq təşkilatların hesabatlarında təhrif olunur

Azərbaycan həqiqətləri beynəlxalq təşkilatların hesabatlarında təhrif olunur
Bir neçə gün bundan öncə, dünyanın nüfuzlu təşkilatlarından sayılan "Human Rights Watch" təşkilatı verdiyi qərəzli hesabatla ictimaiyyət arasında böyük bir narazılığın yaranmasına səbəb olub.
Hesabatda Azərbaycan və Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı qeyd olunanlar özündə reallığı əks etdirməməklə yanaşı, eyni zamanda, bəzi olmayan məqamların da qabardılması ilə seçilib. Heç bir halda Azərbaycan gerçəkliyi ilə uzlaşmayan bu hesabat ölkəmizdə, demək olar ki, bütün sahələrdə nöqsanların olduğunu göstərir. Xüsusilə, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı problemlərin olduğunu nümayiş etdirən hesabat ölkə ictimaiyyəti tərəfindən də geriş miqyasda tənqid olunur və buna qarşı etirazlar nümayiş etdirilir.
"Human Rights Watch" və digər bu kimi təşkilatların yaydıqları hesabatların əsil mahiyyəti və bunun arxasında dayanan məqsəd barədə bizimlə fikirlərini bölüşən millət vəkili Fəzail Ağamalı bildirdi ki, onlar belə hesabatlar verməklə özünün mötəbərliyinə kifayət qədər şübhələr yaradır. "Bu cür təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdə davam edirlər. Bu, artıq ənənə xarakteri daşıyır. Həmin təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və təkmilləşməsi, Azərbaycanda demokratik institutların formalaşması, insan hüqüq və azadlıqlarının qorunub saxlanması sahəsində ardıcıl xarakter daşıyan addımların atılması ilə bağlı faktları bir kənara qoyaraq, ayrı-ayrı şəxslərin subyektiv fikirlərinə söykənən, həqiqəti özündə əks etdirməyən dosyelərə əsaslanaraq, bu cür hesabatları işləyib hazırlayırlar. Burada belə bir sual ortaya çıxır: "Human Rights Watch" və digər buna bənzər təşkilatların bəziləri birbaşa Azərbaycanda hansı müşahidələri aparıblar? Bunun təhlilini aparmaq və mənə elə gəlir ki, bundan sonra konkret nəticələr çıxarmaq olar. Onlar isə bunu etmirlər və faktiki olaraq, Azərbaycanın düşməninə çevrilmiş Leyla Yunusova kimi insanların dosyelərinə əsaslanaraq, öz hesabatlarını tərtib edirlər və bu hesabatların gerçəkliklə heç bir əlaqəsi yoxdur. Burada əsas məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və bununla da, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu zəiflətməklə bu gün Qarabağ uğrunda gedən diplomatik savaşda Azərbaycanın mövqelərini zəiflətmək və ermənilərin indiki status-kvosunu möhkəmlətməkdir. Daxildə isə indiki iqtidarla cəmiyyət arasında uçurum yaratmaq, inamsızlıq, etimadsızlıq yaratmaq və beləliklə, Azərbaycanı zəif bir dövlətə çevirmək məqsədi var. Bu da, əlbəttə, Azərbaycanı istəməyən beynəlxalq güclərin, eyni zamanda, Ermənistan və onu müdafiə edən qüvvələrin tamamilə strateji məqsədlərinə qulluq edən bir niyyətdir. Lakin düşünürəm ki, bu cür təşkilatlar Azərbaycanda gedən həqiqi proseslərin üstündən yan keçməklə bu və ya digər olmayan nöqsanları qabartmaqla özünün mötəbərliyinə kifayət qədər şübhələr yaradır".
"Human Rights Watch"-un son hesabatında yer almış ölkəmizdə vicdan azadlığı sahəsində, xüsusilə, problemlərin olması məsələsinə millət vəkili tərəfindən də aydınlıq gətirildi və bunun heç bir reallığı əks etdirmədiyi bildirildi. "Onların hesabatlarında, demək olar ki, bütün məqamlar qərəzlidir. Eyni zamanda, onların daha çox diqqət verdiyi sahələrdən biri də din azadlığı, vicdan azadlığı ilə bağlı problem olması fikirləri kütləviləşdirmək, ictimailəşdirməkdir. Heç bir fakta söykənməyən bu cür uydurmaları beynəlxalq cəmiyyətin, dünyanın diqqətinə çatdırmaqla Azərbaycanın nüfuzuna zərbələr vurmaqdır. Azərbaycan o ölkələrdəndir ki, burada bütün dinlərə Azərbaycan xalqının çox dözümlü münasibəti var. Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlər bərabər şəkildə bərabər imkanlarla, bərabər hüquqlarla fəaliyyət göstərir və hər hansı bir dinə qarşı bu və ya digər şəkildə dözümsüzlük yoxdur. Əgər bu gün bu cür təşkilatlar bu yaxınlarda həbs olunan Azərbaycan "İslam" partiyasının liderlərini müdafiə edirlərsə və bu liderlər də islam inqilabı ilə Azərbaycanı İranı molla rejiminin əlaltısına tabe etdirmək niyyəti güdənləri müdafiə edirlərsə, onda onların əsil mahiyyəti üzə çıxır. Çünki bu islam partiyasının indi həbs olunan üzvləri təkcə dini baxışlarına görə saxlanılmamış, eyni zamanda, aparılan axtarış nəticəsində onların evlərindən silah-sursat tapılmışdır və onların fəaliyyətində dini baxışların sırf illüziya xarakteri daşıdığı aşkar olunmuşdur. Digər dinlərə qarşı da münasibətdə Azərbaycanda istər yəhudilərin, istərsə də, xristianların söykənmiş olduğu dəyərlərə çox hörmətlə yanaşılır, onların məbədləri var və insanlar gedib orada Allah qarşısında öz ibadətlərini edirlər və beləliklə, özlərinin dini baxışlarını sərbəst şəkildə ifadə edirlər. Eyni zamanda, Azərbaycanda bütün milli etnik qruplar Azərbaycan türkləri ilə bərabər hüquqlara malikdirlər. Onlarla misal çəkmək olar ki, Azərbaycanın istər icra hakimiyyətində, istər Milli Məclisində, istər məhkəmə hakimiyyətində, istərsə də, digər sahələrdə milli etnik fərq qoyulmadan hər kəs Azərbaycan vətəndaşı kimi öz bacarıq və qabiliyyətinə görə cəmiyyətdə mövqe tutur və özünün cəmiyyətə, dövlətə, Azərbaycan xalqına öz töhfələrini verir".
F.Ağamalı, həmçinin, bu təşkilatların öz hesabatlarında Ermənistanda olan gerçəklikləri, burada baş verən qanun pozuntularını əks etdirməməsini onların həqiqətləri deyil, maraqları ifadə etməsi ilə və müəyyən qüvvələrə xidmət etməsi əlaqələndirdi.

Digər xəbərlər