PDF Oxu

Sosial

  • 12

BSU ilə Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

BSU ilə Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələri surətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim-tələbə mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisas artırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. BSU-nun dünyanın bir çox tanınmış təhsil ocaqları ilə sıx əlaqələri mövcuddur ki, bunlardan biri də Türkiyə istiqaməti üzrə müxtəlif orijinal layihələrin həyata keçirilməsi və sıx əlaqələrin daha da möhkəmlənməsi ilə bağlıdır. Bu əlaqələr zəminində, Bakı Slavyan Universiteti artıq Türkiyə Respublikasının Qafqaz Universiteti (Qars), Ankara Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), İstanbul Kültür Universiteti (İstanbul), Qazi Universiteti (Ankara) və digər sanballı təhsil və elm ocaqları ilə əməkdaşlıq edir. Ümumiyyətlə, BSU-nun yaradılmasından bu günə kimi xarici dövlətlərin universitetləri və müxtəlif elmi qurumlarla 50-dən çox müqavilə imzalanmışdır. Universitet tərəfindən xaricdə aparılan işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə, azərbaycanşünaslığın təbliği dayanır.
Bu əlaqələrin məntiqi davamı olaraq 28 yanvar tarixində əməkdaşlıq proqramı çərçivəsində Türkiyənin məşhur Ordu Universitetinin nümayəndə heyəti - Ordu Universitetinin rektoru, professor Haluk Kefelioğlu və Türk Dili və Ədəbiyyatı bölümü başqanı dosent İsmayıl Doğa universitetin qonağı oldu. Bakı Slavyan Universitetində qonaqların qarşılanması üçün geniş proqram hazırlanmışdır. Bu proqramda BSU ilə tanışlıqla yanaşı, qonaqların Bakı şəhərində gəzintisi, Qobustan milli tarix-bədii qoruğuna və Atəşgah məbədinə səfəri də nəzərdə tutulmuşdu.
Ordu Universitetinin Azərbaycan universitetləri arasında ilk əməkdaşlıq müqaviləsi məhz BSU ilə bağlanır. Müqavilənin imzalanma mərasimindən əvvəl nümayəndə heyətinin Türkiyə Araşdırmaları Mərkəzində BSU-nun türkiyəşünas tələbələri ilə səmimi görüşü keçirildi. İmzalanma mərasimini giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdullayev qonaqları salamladı və onlara bu dəvəti qəbul edib gəldikləri üçün səmimi təşəkkürünü bildirdi:"Bizim bir qrup müəllimimiz bu yaxınlarda Ordu Universitetində təşkil olunmuş konfransda iştirak etmişdi. Mən bir daha rektora bizim nümayəndə heyətinə göstərdikləri diqqətə və qyağıya görə dərin minnətdarlığımı bildirirəm. Elə o zaman da Ordu Universitetində biz belə bir ortaq fikrə gəldik ki, əlaqələrimiz daha sıx qurulmalıdır və bunun nəticəsidir ki, artıq bu gün əməkdaşlıq haqqında müqavilə imzalayırıq. Bizim artıq Türkiyənin digər tanınmış universitetləri ilə Avropa universitetləri ilə sıx əlaqələrimiz var. Mənə elə gəlir ki, Ordu Universiteti ilə işbirliyi bizim müəllim və tələbələrimiz üçün də çox faydalı olacaq. İnanıram ki, bu müqavilə kağız üzərində qalmayacaq, gerçəkləşdiriləcək və siz də bunun şahidi olacaqsınız". Ordu Universitetinin rektoru professor Halik Kefelioğlu dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirdi: Bakı Slavyan Universiteti Azərbaycanda ilk əməkdaşlıq etmək istədiyimiz universitet idi. Bundan əvvəl biz Gürcüstan, Qazaxıstan və Qırğızıstan universitetləri ilə əməkdaşlıq etmişik. İndi isə Azərbaycanda sizlərləyik və burda olmaqdan da qürur və şərəf hissi duyuruq. BSU ilə əməkdaşlıq etməyi çox arzuladıq. Belə universitet yaratdığınıza görə başda hörmətli rektor olmaqla, bütün universitet əməkdaşlarına təşəkkürümü bildirirəm və sizləri təbrik edirəm".
Tədbir qarşılıqlı əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması ilə yekunlaşdı.

Digər xəbərlər