Respublikada epizootik vəziyyət sabitdir
Məlum olduğu kimi, yanvarın 10-dan "quş qripi" xəstəliyinə görə ölkə ərazisində başlanmış ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1368 baş ev quşunun qan nümunələri, eləcə də, 23 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin "Səs" qəzetinə verdiyi məlumata görə, müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib.
Bu nəzarət tədbirləri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də, respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
Xatırladırıq ki, "quş qripi" xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də, "Ovçular və Balıqçılar" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də, xidmətin "Qaynar xətt"inə (tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda, Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar, o cümlədən, quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Dövlət Baytarlıq Xidməti onu da bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də, quş əti və məhsullarının satışı qadağandır. Onu da xatırladır ki, ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında qeydiyyatda olan baytarlıq nəzarəti obyektlərində baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur.
"Quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək, növbəti monitorinqin yanvarın 31-də başlanması nəzərdə tutulur.
Hal-hazırda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.