2010-cu ildə Azərbaycanda İİV-ə yoluxanların sayı 459 nəfərdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata istinadən, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 23.11.2010-cu il tarixində dərc etdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunmuşdur. Belə ki, son 10 ildə yeni yoluxma hallarının və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilmişdir. Hesabatda göstərilir ki, ümumilikdə, 2009-cu ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 33,3 milyon təşkil etmişdir ki, onlardan da 15,9 milyonu qadın, 2,5 milyonu uşaqdır. Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı 1,8 milyon olmuşdur. Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya, əsasən, yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmış, lakin son illər cinsi yolla yoluxanların sayı artmışdır. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır. 2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil etmişdir. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olmuşdur.