Müxalifət yönümlü mətbuat riyakarlıqdan əl çəkmir
Daima ikiüzlülük edərək, davamlı riyakarlıqdan usanmayan müxalifət düşərgəsində baş verən son olayalar daha çox diqqət çəkməkdədir. Bədnam niyyətlərini müxtəlif çirkin vasitələrlə reallaşdırmaq istəyində olan müxalifətin mətbu təmsilçiləri hər vəchlə həmin çirkablardan istifadə etməklə özlərini gündəmdə saxlamağa çalışırlar.
Bu dəfə də onlar məhz yalan və iftira yolunu seçməklə "gündəmin nəbzini" tutmaqda maraqlı görünrürlər. Daha dəqiq desək, öz şəxsi maraqlarını olmayan "vicdanlarına" qurban verirlər. Çünki yanlış yol, seçilmiş səhv taktika, həyasızlıq sindromu və saxta müxalifətçilik bunların qanına və canına yeriyib. Hər zaman özünü düşündüyündən yüksək görmək iddiası, daxili və xarici mədəniyyətsizlik, birmənalı şəkildə təsir altında olmaq şeytanlaşmış radikal müxalifət üçün ənənəvi metodikadır. Elə müxalifətin təsir dairəsində olan onların istək və arzularını öz səhifələrində daha çox qabartmağa çalışan müxalifət mətbuatı hansı dərəcədə düzgün taktika seçdiyini belə dərk etməyi düşünmür.
Milli-mənəvi dəyərlərimiz, toxunulmaz keyfiyyətlərimiz, ağsaqqala, ağbirçəyə olan hörmət və ehtiramımız üzərində mətbuatımızın öz yolunu seçməsi hər bir məqamda doğruya istiqamətlənən addımdır. Amma çox təəssüf və təəccüblə qeyd etməliyik ki, bəzi hallarda toxunulmaz bu tendensiya ya məqsədli, ya da kor-koranə şəkildə pozulur. Bütün bunlara rəğmən isə unutmaq olmaz ki, dünən də, bu gün də, sabah da, Azərbaycan mətbuatında hörmət və ehtiram göstəriləcək şəxslər olacaq və bunların sırası da həmişə zəngin olub. Mətbuatımızın ağsaqqallarından biri olan, ömrünü, milli mətbuatımızın inkişafına, onun daha da tərəqqi etməsinə, modernləşməsinə, yeniləşməsinə bağlamış "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərov məhz belə şəxslərdəndir. Onun müasir Azərbaycan mətbuatında yeri və rolu olduqca böyükdür və danılmazdır. A.Əsgərovun həm "SƏS" qəzetinə rəhbərlik etdiyi dövrə, həm də ondan öncəki və sonrakı ictimai fəaliyyətinə nəzər salan dünənin, bu günün və gələcəyin jurnalisti bu şəxsin simasında mətbuat-insan münasibətlərinə daha yaxın ola bilər. Çünki A.Əsgərov kimi mətbuat nümayəndələri Həsən bəy Zərdabidən üzübəri Azərbaycanda milli məfkurənin, tarixi dəyərlər üzərində yüksəlişin tərənnümçüsü olublar və olmaqdadırlar. Ona görə də, mətbuatımızın canlı, şanlı korifeyləri haqqında söz deyib fikir yürüdəndə bir qədər diqqətli olmaq lazımdır. Əks halda cəmiyyət sənə və mənə A.Əsgərov kimi mətbuat ağsaqqalına qoyduğumuz hörmətdən əlavə də qiymət verir. Bu olmasa "Xural" qəzetinin saxtakar baş redaktoru Əvəz Zeynallının hansı "qiymətə" layiq görülüb, eyni aqibətlə üzləşməsi qaçılmaz olacaq.
Qeyd edək ki, özünü müstəqil mətbuat vasitəsi kimi qələmə verməklə "Xural" qəzeti Ə.Zeynallının kənardan aldığı sifarişləri öz səhifələrində əks etdirir. Yəni, öz "kişiliyini" pula satır. Çünki birbaşa sifarişlərlə və riyakarlıqlarla əldə edilən bu cür vəsaitlər Ə.Zeynallı kimilərinin AXCP (i) sədri Əli Kərimovla, Müsavat başqanı İsa Qəmbərovla bir ələ oynamasını açıq şəkildə göstərmiş olur.
Lakin onun saxtakarlıqları bununla da bitmir. Daha dəqiq desək, Ə. Zeynallının "qeyrəti" bütün çərçivələrdə özünü əks etdirir. Onun daha da "irəli gedərək" yuxarıda qeyd etdiyimiz kimi ölkəmizin tanınmış, tükənməz hörmətə layiq insanlara, dövlət xadimlərinə qarşı alçaqcasına, riyakarcasına hərəkətləri sağlam düşüncəli ictimaiyyət tərəfindən şiddətlə qınanır. Rəhbər şəxslərə, dövlət xadimlərinə, dünya miqyasında tanınan alimlərə, elm adamlarına, akademik və professor ordusuna qarşı yersiz ittihamlar irəli sürməklə, bir növ özlərinə divident qazanmaq istəklərini nümayiş etdrməklə, onların kölgələrində "məşhur" olmaq istəyən bu üzdəniraq, radikal təxəyyüllü "jurnalistlər", yəqin ki, törətdikləri murdar əməllərinə görə həm xalqın, həm də lazımi dövlət orqanlarının qarşısında mütləq cavab verməli olacaqlar.