Bununla yanaşı, bəzi dindarların fəaliyyəti, onların əməlləri islam dininin qanunlarına, milli-mənəvi dəyərlərimizə, əxlaq normalarımıza ziddir və vətəndaşlarda dinə qarşı mənfi münasibətin formalaşmasına şərait yaradır. Şəmkir rayonu, Yenihəyat kənd sakini redaksiyamıza müraciət edərək, ciddi probleminin həllində yardımçı olmağımızı istəyib.
Məlumata görə, o, 2008-ci ildə xəstə qızı Gülarəni (ad şərtidir - red.) bir neçə həkimin yanına aparıb, lakin qızı sağaltmaq mümkün olmayıb. "Bundan sonra biz onu kəndimizdə "seyid molla" kimi tanınan Vəliyev Müsahib Məhərrəm oğlunun yanına apardıq ki, ona baxsın. Müsahib qızıma baxandan sonra, bizə dedi ki, qız xəstədir və bir neçə gün mənim evimdə qalmalıdır ki, onu müalicə edim. Biz də onunla razılaşdıq və qızım onun evində üç gün qaldıqdan sonra evə gətirdik. Aradan bir il keçəndən sonra qızımı həmkəndlimizlə nişanladıq. 2010-cu ildə el adəti ilə toy elədik və qızım Gülarəni gəlin köçürdük. Toy axşamı məlum oldu ki, qız bakirə deyil. Araşdırma zamanı məlum oldu ki, 2008-ci ildə həmkəndlimiz, "seyid" kimi tanıdığımız Müsahib Vəliyev qızın köməksiz vəziyyətindən istifadə edərək, hədələyib və zorlayıb. Biz bu barədə Şəmkir rayon prokuroruna və rayon polis şöbəsinə müraciət etdik, lakin bu günə kimi məsələ öz müsbət həllini tapmayıb. Hadisəni törətmiş şəxs hazırda azadlıqdadır. Qızım mənə bildirdi ki, Müsahib onu hədələyib və kiməsə xəbər verəcəyi, təqdirdə, fəlakətə düçar olacağımı deyib. Müsahib qızımın köməksiz vəziyyətindən sui-istifadə edərək, onun həyatını puç edib".
Qeyd edək ki, bu müraciət müəllifinin dedikləri çoxsaylı kənd sakininin imzası ilə təsdiq olunur. Vətəndaş bu hala daha dözə bilmədiyini yazır və müvafiq orqanların işə qarışmasını istəyir.
Məlumat üçün bildirək ki, bu yaxınlarda televiziya kanalları həmin məsələni işıqlandırmış, M.Vəliyevin evi qarşısına toplaşmış kənd sakinlərinin hiddətini, onların mollanın kənddən qovulması tələbini əks etdirən material yaymışlar.
Artıq XXI əsrdə, qloballaşma, elmi-texniki tərəqqi, informasiya dövründə yaşamağımıza baxmayaraq, təəssüf ki, hələ də cəmiyyətimizdə Müsahib Vəliyev kimi "mollalar" və onun toruna düşən belə vətəndaşlar az deyil. Gündəlik həyatımızda guya "mollalar"ın, "seyid"lərin çarəsi mümkün olmayan xəstələri "sağalt"dıqları, müxtəlif yollarla, məsələn "dua" yazmaqla insanları aldatdıqları, addımbaşı "pir"lər yaratmaqla insanların etibarından sui-istifadə etmələri kimi hallara rast gəlirik. Regionlarda, xüsusilə də, kənd yerlərində yas mərasimlərində "molla"ların primitiv, islam dininin tarixi və mahiyyəti ilə əlaqəsi olmayan uzun-uzadı çıxışları, bəsit nağılları artıq insanlarda gülüş və istehzaya səbəb olur.
Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsi bu cür hallarla mübarizə aparmır, bəzi hallarda isə kənd və rayon əhalisinin nifrətinə səbəb olmuş, öz bədnam əməlləri ilə ad çıxarmış şəxsləri dəstəkləyir, onları müxtəlif dini vəzifələrə təyin edir. Məsələn, 2009-cu ildə QMİ-nin bölgə qazisinin təqdimatı və öz ərizəsi ilə işdən azad olunmuş Masallı rayonu Sərçuvar kəndinin axundu Rahib Qafarov Aşura ərəfəsində yenidən vəzifəsinə bərpa edilib. Buna səbəb kimi onun 2008-ci ildə uğurlu imtahan verməsi göstərilir. QMİ azyaşlı qızla ailə quran R.Qafarova kənd sakinlərinin münasibətinin mənfi olduğunu nəzərə almayıb. Təsadüfi deyil ki, mollaların belə bədnam əməllərindən istifadə edən radikal dini təriqətlərin nümayəndələri öz ideyalarını təbliğ edir, ictimai şüura təsir göstərmək istəyirlər.
Dindən xəbərsiz "dindarlar"
Son günlər radikal müxalifət düşərgəsində cərəyan edən proseslərə biri də əlavə olundu. Nə qədər maraqlı olsa da bu proses də öz süniliyi ilə xarakterizə olunur. Bəzi maraqlı qüvvələr ölkədə mövcud ictimai sabitliyi, normal münasibətləri pozmağa yönəlmiş məsələləri daha çox qabartmağa çalışırlar. Ölkəmizin mövcud iqtisadi inkişafını qəbul edə bilməyən, regional və beynəlxalq siyasi müstəvidə əldə etdiyimiz uğurlarla barışmaq istəməyən pozucu niyyəti olanlar cəmiyyətimizdə müəyyən dərəcədə gərginlik yaratmağa hesablanmış addımlar atmaq niyyətinə düşüblər. Belə ki, bu günlər "İslam" partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı ölkədə siyasi vəziyyəti gərginləşdirmək istəyində olan müxalifət mətbuatı böhtanlı yazılar verir, heç bir halda niyyətlərinin baş tutmayacağına əmin olaraq, məhz dini məsələləri qabarıq şəkildə ictimai müstəviyə çıxarmağa çalışır. Amma bütün bunların fövqündə isə unutmaq olmaz ki, bu gün Azərbaycan cəmiyyəti öz inkişafının ən yüksək səviyyəsindədir. Ona görə də, gerilikçi ideya və fikirlərlə müasir cəmiyyətmizə təsir etmək və onun düzgün istiqamət xəttinə zərbə vurmaq qeyri-mümkündür. Bu gün Azərbaycan vətəndaşlarının 95 faizdən çoxunun müsəlman olduğu bildirilir. Biz də həmin statistika məlumatlarına uyğun olaraq özümüzü müsəlman adlandırırıq. Lakin bu müsəlmanlıq daha çox zahiri əlamət olaraq qalır. Bəs gəlin görək, bizim din adamı, din rəhbəri, dinin təmsilçisi adlandırdığımız şəxslər və ya dinlə bağlı qurumların rəhbərlərini dinin təmsilçisi kimi göstərmək olarmı? Onların əməllərinə görə dini dəyərlərə müsbət münasibət bəsləmək doğrudurmu?
Bizimlə həmsöhbət olan ictimaiyyət nümayəndələri, cəmiyyətin ayrı-ayrı təbəqələrinin təmsilçiləri bu cür məsələlərin məqsədli şəkildə gündəmə gətirildiyini vurğulayırlar. Çünki daha mütərəqqi ideyalar arxasınca gedən Azərbaycan cəmiyyəti bu cür cılız yanaşmalara, ifrat dini fanatizmə, birmənalı olaraq, öz mövqeyini ortaya qoyacaq. Din pərdəsi altında isə öz maraq və istəkləri ilə yanaşı, müəyyən riyakar qüvvələrin sifarişlərini yerinə yetirənlər isə cəmiyyət hiddətindən qurtula bilməyəcəklər. İnkişafımızın təməlində gerilikçi və çürük ideologiyalar dayanmadığı üçün müasir Azərbaycan gəncliyi, ictimaiyyətin aktiv təbəqəsi, həmişə olduğu kimi, bu dəfə də, yolunu azmışlara, təsir altına düşənlərə doğru yolu göstərəcəklər.