Bəlli olduğu kimi, Ermənistanın qeyri-ciddi, destruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar müəyyən mənada səngiyib. Bununla bağlı, problemin hərb yolu ilə həllinin qaçılmaz olduğu barədə ciddi fikirlər səsləndirilir və belə davam edərsə, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməli olacağı bildirilir. Ümumiyyətlə, hazırkı mərhələdə danışıqların dayandırılması münaqişənin sülh variantının gündəmdən çıxarıldığını və bu mənada, müharibənin qaçılmaz olduğunu söyləməyə əsas verirmi? Müvafiq suallara aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Musa Qasımlı,
tarix elmləri doktoru, professor, millət vəkili:
- Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair görüşlərin intensivliyinin azalmasının təqsiri Ermənistan hakimiyyətinin üzərinə düşür. Ermənistan böyük dövlətlərin və ATƏT-in Minsk Qrupunun səylərini heçə endirir, münaqişənin həllini uzatmağa, "oldu-bitdi" vəziyyətini qəbul etdirməyə çalışır. Ona görə də, regionda yaranmış bütün gərginlik üçün məsuliyyət Ermənistanın üzərinə düşür. Hesab edirəm ki, Ermənistanın hərbi təcavüzünün nəticələri dinc yollarla aradan qaldırılmazsa, Dağlıq Qarabağ münaqişəsi sülh vasitəsilə həll olunmazsa, Azərbaycan istənilən variantı seçmək hüququna malikdir.
Elşad Mirbəşiroğlu,
politoloq:
- Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi bizim üçün yenilik deyil. Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi öz həllinin tapmamasının səbəbi Ermənistanın bilərəkdən müxtəlif bəhanələrlə, əsaslandırılmamış arqumentlərlə münaqişənin həllindən qaçmasıdır. Hazırda danışıqlar prosesində müəyyən durğunluğun, müəyyən bir seyrəkliyin əmələ gəlməsinin bir sıra səbəbləri var. Burada məsələyə kompleks yanaşmaq lazımdır. Ermənistan tərəfi bu günə qədər aparılan danışıqların yalançı sülh prosesi münaqişənin həllinə gətirməyəcəyini artıq sübut edib. Yəni işğalçı tərəf göstərdi ki, aparılan danışıqlar, ancaq prosesi uzatmağa xidmət edir. Bu baxımdan, Azərbaycan tərəf dəfələrlə bəyan edib ki, yalançı sülh prosesi sonsuzluğa qədər davam etdirilə bilməz. Azərbaycan bu danışıqları, ona görə davam etdirir ki, sözügedən danışıqların konkret nəticəsi olsun. Digər tərəfdən, ötən ilin sonlarında ATƏT-in Astana Sammitində bizim gözləntilərimiz çox böyük idi. Lakin dünyanın aparıcı dövlətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eyni zamanda, Ermənistanın məsələyə olduqca biganə münasibəti bizim bu gözləntilərimizi doğrultmadı. Bu baxımdan, hesab edirəm ki, məhz Astana Sammitindən sonra da danışıqlar prosesinə ümid əhəmiyyətli dərəcədə azalmış oldu. Danışıqlar prosesində tərəflərin görüşlərində seyrəkliyin yaranması və bu prosesin səngiməsinin səbəbi, məhz bu kimi neqativ amillərdir. Ermənistan tərəf dinc vasitələrlə münaqişənin həll olunacağına heç bir ümid vermir. Bu baxımdan, hesab edirəm ki, səmərəsiz danışıqların aparılmasındansa, belə durğunluğun yaranması yaxşıdır ki, tərəflər öz işlərini və atacağı addımları görsünlər. Məsələ burasındadır ki, danışıqlar prosesində müəyyən bir səngimənin yaranması Ermənistan tərəf də böyük bir narahatçılıq doğurmaqdadır. Ermənistan tərəf artıq hiss edir ki, Azərbaycan bu mənasız danışıqlara son qoymaq istəyir və öz ərazilərini hərbi vasitə ilə işğaldan azad etməyə üstünlük verir. Hesab edirəm ki, əlimiz danışıqlardan tamamilə üzülməmişdir. Biz kifayət qədər diplomatik imkanlarımızdan da istifadə edirik ki, Ermənistana təsiri olan ölkələr, bu təsir vasitələrini işə salsınlar və Ermənistanı sülh danışıqlarına vadar etsinlər. Bir sözlə, biz bu istiqamətdə ümidlərimizi itirməmişik. Bir sülhsevər, beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan dövlət olaraq, son məqama kimi, biz bu məsələnin dinc vasitələrlə həll olunmasına çalışırıq. Əgər proses bu cür davam edərsə və səmərəsiz danışıqlardan başqa gündəmə heç nə gəlməzsə, Azərbaycan tərəf artıq bu prosesdən, təbii olaraq, imtina etmək hüququna malik olacaq və hərb yolunu seçmək məcburiyyətində qalacaq. Dünyanın güc mərkəzləri və bu təsir imkanına malik olan dövlətlər Azərbaycanı hərbi vasitəyə əl atmaqdan çəkindirmək üçün Ermənistana ciddi təzyiq etməlidirlər ki, rəsmi Yerevan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilsin.