PDF Oxu

Sosial

  • 19

BMT qətnamələri icra olunacaq

BMT qətnamələri icra olunacaq
BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, bu quruma üzv olan hər bir ölkə öz suverenliyini, müstəqilliyinin qoruya bilər və öz ərazisində işğala qarşı ədalətli müharibə aparmaq əsasları var. Əgər hansısa dövlət öz ərazisində hərbi əməliyyatlar apararsa, bu, həmin dövlətin tam haqqıdır və başqa bir dövlətin buna qarışmağa qətiyyən hüququ yoxdur. Bu mənada, Azərbaycan dövləti istənilən halda BMT nizamnaməsinin 51-ci maddəsindən yararlanmaq hüququna tam malikdir.
Söhbət etdiyimiz millət vəkili Musa Qasımlı və politoloq Cümşüd Nuriyev BMT nizamnaməsinin 51-ci maddəsinə öz münasibətlərini bildirdilər.

Millət vəkili Musa Qasımlı:

- İşğalçı Ermənistanın Azərbaycan dövlətinə qarşı təcavüzü, zorakılığı BMT nizamnaməsinin 51-ci maddəsinin kobud surətdə pozulması deməkdir. Azərbaycan təcavüzə məruz qalan, Ermənistan isə təcavüzkar ölkədir. Bütün bunlarla bərabər təcavüzkar Ermənistan BMT nizamnaməsini və ATƏT prinsiplərini çox kobud surətdə pozub. Amma Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı hər hansı bir addım BMT nizamnaməsinə və ATƏT prinsiplərinə tamamilə uyğundur. Azərbaycan dövləti öz ərazilərini istənilən yolla azad etmək hüququna malikdir. Amma hansısa müəyyən addımları atmazdan əvvəl mütləq beynəlxalq şərait və qüvvələr nisbəti ciddi surətdə təhlil edilməlidir. Regionda hərbi əməliyyatların başlanması dünyadakı şəraitə çox ciddi surətdə təsir edə bilər. Azərbaycan başqa dövlətin ərazisində hərbi əməliyyatlar keçirmir. İşğal altında olan ərazilərini işğaldan təmizləmək üçün hərbi variantdan istifadə etmək istəyir. Hal-hazırda 192 ölkə BMT-yə üzv olub və bu dövlətlərin hər birinin tam haqqıldır ki, öz ərazi bütövlüyünü təmin etsin. Buna görə də, heç kim Azərbaycan dövlətinə irad tuta və dövlətimizin daxili işinə qarışa bilməz. Təbii ki, bu da Ermənistanı qıcıqlandırır. Bunun da nəticəsi olaraq terrorçu Ermənistan bütün çıxarılmış qətnamələri, qərarları çox kobud şəkildə pozur.

Politoloq Cümşüd
Nuriyev:

- Beynəlxalq hüququn 10 prinsipi var və onlardan ən birincisi istənilən dövlətin öz ərazi bütövlüyünü bərpa etməkdir və nəzərə almaq lazımdır ki, həmin 10 prinsipin beşi qəbul olunandır. Mənfur ermənilər və ermənipərəst qüvvələr iddia edirlər ki, öz müqəddəratını təyinetmə sonradan qəbul olunan prinsiplərin içərisinə daxildir və sonradan səkkizinci yer tutur. Həmin prinsiplərin içərisində ən önəmlisi və birincisi ölkələrin ərazi bütövlüyüdür. Ermənistan isə, bütün prinsipləri pozduğu kimi, bu prinsipi də pozub və hətta Azərbaycan dövlətinin ərazi bütövlüyünə qəsd etməklə bərabər, həm də Azərbaycanın daxili işlərinə də qarışır. Azərbaycanın işğal olunmuş ərazilərində separatizmlə, beynəlxalq terrorizmlə, silah və qaçaqmalçılıqla, narkotika alveri və digər iyrənc əməllərlə məşğuldur. BMT Təhlükəsizlik Şurasının beş, BMT Baş Assambleyasının iki qətnaməsi, bundan başqa AŞPA-nın da məlum qərarı var və hər bir dövlət öz ərazi bütövlüyünü tamamilə bərpa etmək hüququna tam malikdir. Həm də BMT nizamnaməsinin 53-cü maddəsində dövlətlər əraziləri işğal olunanda, alternativ addımlar atmaq səlahiyyətini özündə saxlayır. Yəni BMT nizamnaməsinin tək 51-ci maddəsi deyil, ümumilikdə, digər maddələrin, o cümlədən, Azərbaycanın qoşulduğu digər beynəlxalq aktlar da bu məsələdə dövlətimizin tamamilə haqlı olduğunu bir daha sübut edir. Ona görə də, Azərbaycan dövlətinin yürütdüyü ağıllı və müdrik siyasət Ermənistanı bütün hallarda beynəlxalq aləmdə birmənalı şəkildə çətin vəziyətə salır və erməniləri bir növ kapitulyasiyaya məruz qoyur.
Cümşüd Nuriyev onu da bildirdi ki, müasir politologiyada 4 tip lider var. Bunlar bayraqdar, xilaskar, xidmətkar və ziyankardır. Azərbaycan dövləti üçün bayraqdar və xilaskar statusunda Ümummilli Liderimiz Heydər Əliyev çıxış edib. Hal-hazırda isə, Ulu Öndər Heydər Əliyev siyasətini çox böyük uğurla, əzmlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev xidmətkar və bayraqdar statusu ilə çıxış edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün xarizmatik, güclü lideri var. Bunula yanaşı, Azərbaycan dövləti iqtisadi gücə, hərbi potensiala malikdir. Eyni zamanda, beynəlxalq hüquq artıq bütünlüklə Azərbaycanın bu işdə haqlı olduğunu qəbul edir. BMT nizamnaməsinin 51-ci maddəsi təsadüfən gündəmə gəlməyib. Azərbaycan dövləti həmin maddədən mütləq yararlanmalıdır. Amma dövlətimiz həmişə çox ağıllı bir siyasət yürüdüb və o maddənin tətbiqinin zamanını gözləyir. Hal-hazırda yaxın 1-2 ay ərzində bu maddənin reallaşması o qədər də ağıllı addım olmaz. Azərbaycan müəyyən müddət ərzində bu məsələlərə hazırlaşmalıdır. Ondan sonra Azərbaycan bir dövlət olaraq, bu addımı ata bilər və bu dövlətimizin tam haqqıdır. Ümumiyyətlə, beynəlxalq hüquqda başqa dövlətin ərazisinə girəndə bağlanmış iki tərəfli sazişlər tam hüquqi qüvvəyə malik olur. Ermənistanın qoşulduğu Kollektivlik Təhlükəsizlik Müqaviləsi, MDB və Rusiyayla bağlı digər müqavilələrdən irəli gələn tələblər hüquqi gücə malik olur ki, başqa bir dövlət Ermənistanın ərazisinə girsin.

Digər xəbərlər