Evlilik verilişləri əxlaqımıza, mənəviyyatımıza vurulan zərbədir
Bunu birdəfəlik anlamaq lazımdır. O şey ki, bizim milli əxlaqımıza, milli qürurumuza və mədəniyyətimizə ziddir. Məhz bütün bu meyillərə, millətimizin əxlaqını pozan şoulara, qondarma layihələrə qarşı ciddi mübarizə aparılmalıdır. Birbaşa sözümün canına keçirəm.
ANS-də yayımlanan "Toy olsun" evlilik verilişinin Azərbaycana heç bir dəxli yoxdur. Burada o "oyun" qalmır ki, verilişin aparıcıları çıxarmasınlar. Millətin bakirə qızlarını, gəlinlərini, yaşlı qadınlarını efirə çıxarıb, bütün dünyada rüsvay edirlər. Özlərinə reytinq qazanmaq naminə insanların şəxsiyyətini, heysiyyətını alçaltmaq olmaz. Mən əsassız danışmıram. "Toy olsun" verilişinə evlənmək üçün gələn bir qızı (adı yadımda deyil) verilişin aparıcıları biabır elədilər. Hiss olunurdu ki, həmin qızda psixi çatışmazlıqlar var. Bəs bunun günahı kimdədir? O xəstə qız günahkar deyil, onu efirə çıxaran şəxslər günahkardır ki, psixi xəstəni şouya çıxarıb, deyib-gülürlər. Axı o xəstə qız nə elədiyini bilmir. Özlərini hamıdan üstün göstərmək, özünü ən ideal "kişi" hesab etmək, efirdə qızlarımızı, oğlanlarımızı müxtəlif yollarla alçaltmaq nə dərəcədə əxlaqi məsələdir!?
Ora gələn insanlarda da günah az deyil. Bir də görürsən ki, "Toy olsun" verilişinə bir qız çıxır və deyir ki, "mən hündürboy, yaraşıqlı və biznesmen oğlan axtarıram". Vallah, bu, əxlaqsızlıqdır. Adamı yandıran odur ki, bir az sonra həmin qızın atası da verilişə zəng vurur, ya da gəlir və deyir ki, "mən istəyirəm qızım yaxşı oğlana ərə getsin". Bu, nə qeyrətdir, bu, hansı kişilikdir axı!? Hamı bilməsə də mən bilirəm ki, bu verilişdə və ATV-də artıq bağlanan "Onun yarısı" evlilik verilişində pərdəarxası çox məqamlar var. Ora evlənmək istəyənlərin bir hissəsi sözləşib, bir hissəsi isə aldadılıb gəlirdi. Qalan bir neçə şəxs isə küçədən-zaddan gəlirdi. Yaşlı qoca kişi evdə arvadını, uşaqlarını, nəvələrini qoyub gəlib efirdə evlənmək istəyir. Sizcə, normal adam və qeyrəti olan kişi bunu edərmi? Əgər televiziyada evlənmək o qədər müasir və gözəl şeydirsə, Elgiz və Zaur nə üçün burada evlənmirlər? Görəsən, onlar razı olarmı ki, qohumları (xüsusən, qızlar) gəlib televiziyada özlərinə "ər" axtarsınlar?
Onlar razı olarmı ki, babası yaşında kişi nənəsini qoyub özünə "zənən" axtarsın? Qardaşlar, bu şəriətimizə də, dinimizə də, əxlaqımıza qarşı da düşmənçilikdir. Sizi inandırım ki, burada evlənən olsa da, belə tez bir zamanda boşanacaqdır. "Toy olsun" verilişində telefon vasitəsilə gedən dialoqa fikir verin. Kişinin adı yadımda deyil.
- Mən sizə görə zəng vururam.
- Sağ ol, ay xanım. Neçə yaşınız var?
- Yaşım 50-dir. Sənin neçə yaşın var?
- 62 yaşım var.
- Mənim öhdəmdən gələ biləcəksən?
- Hə, gələrəm. Yaxşı pul qazanıram. Üstəlik, pensiya da alıram.
- Onu demirəm e, o birisini. Axı sənin yaşın çoxdur.
- Nə olsun çoxdur?!
- Mənim öhdəmdən gələ bilməzsən.
- Allah qoysa gələrəm, görərsən.
İndi, ay camaat, fikirləşin, bu, bizim 50 yaşında "qadın", o da ki, 62 yaşında "kişi". Dialoqları küçə danışığı rəmzinə çevrilib. Mən inanmıram ki, normal adam bu verilişlərə çıxıb "ər" ya da "arvad" axtara.
Yadımdadır Rusiyadan "Toy olsun" verilişinə evlənməyə gəlmiş Günel adlı bir qız bəlkə iyirmi oğlan dəyişdi, heç birini də bəyənmədi. Birinə dedi qıçın əyridi, birinə dedi burnun yekədi, birinə də dedi pulun yoxdur və sairə. Sonra qaçdı "Onun yarısı" verilişinə. Orda da "yarı"sını tapa bilmədi. İndi Elgizə, Zaura, Ulviraya sual verirəm: "Azərbaycan qızı budur? Onun kimiləri niyə 10 milyonluq əhalinin gözünə soxursunuz? Sizcə yeniyetmə qızlarımız, oğlanlarımız iştirakçılardan və sizdən necə nümunə götürəcək?
Çox utanılası vəziyyətdir. Ən çox siz utanmalısınız. Amma dəxli nədir?! Onsuz da hər gün utanmadan efirə çıxıb 2-3 saat camaatın zəhləsini tökürsünüz. Elə bilirsiniz əhalinin sizlərdən çox xoşu gəlir? Əl çəkin bu iyrənc əməldən. Televiziya ilə evlənmək, evləndirmək gülüncdür, səfehlikdir, anormallıqdır. Kim nə deyir desin, istəyirsiniz məni öldürün, amma deyəcəm. Həmişə belə gic-gic, millətin əxlaqı ilə oynayan verilişlər ANS və ATV-dən çıxır. Vaxtilə ATV-də "Qəfəs" verilişi gedirdi. Bax, bu veriliş Azərbaycan teleməkanına "abırsızlıq sindromu" gətirdi. Mən dəfələrlə görmüşəm ki, bu verilişin iştirakçısı olan Cəmilə adlı qızı metroda, yolda görəndə gənc qızlar və oğlanlar qaçıb ondan "avtoqraf" alırdı. Özü də hamısı gənclər-tələbələr. Bax, buna ağlamaq lazımdır. Onsuz da bu evlilik verilişləri mənim "gülüş hüceyrələrimi" qətlə yetirib. Təxminən bir neçə ay bundan əvvəl Türkiyədə monitorinq keçirilmişdi. Türkiyədə evlilik verilişləri daha çoxdur. Monitorinqin nəticələri belə oldu: evlilik şousuna çıxan insanların, evlənmək istəyənlərin 10 faizi psixi xəstə, 50 faizi ailəsi olmayanlar, daha doğrusu kimsəsizlər, 10 faizi qondarma tanışlıq və 30 faizi isə aldadılıb gətirilənlərdir. Bu, bizim üçün də reallıq deyilmi?!
Heç yadımdan çıxmır. Bir gənc oğlan bu verilişlərin birində çıxıb ağlayır ki, ona evi, maşını olan qızlar zəng vursun. Artıq adətlərimiz tərsinə cərəyan edir.
İndi "arvada arvad" olmaq istəyən "kişilər"in də sayı artmaqdadır. Allah qorusun bizləri bu biabırçı bəladan.
Vallah, heç yaxşı şey deyil, bağlayın bu verilişləri çıxıb getsin.
Bu şoularla bağlı millət vəkili Sabir Rüstəmxanlı dedi ki, mən bu verilişlərə baxmıram və elə bir fikrim də yoxdur: "Özünə münasib adam axtarmaq olar. Bunu qəzetlər vasitəsilə və müxtəlif vasitələrlə eləmək olar. Yəni insanın üzü görünmədən. Belə verilişlərin heç bir mənası, keyfiyyəti yoxdur. Əslində, onlar aktyorluq edirlər. Mən o verilişlərin əleyhinəyəm. Bu verilişlər Türkiyədə də var. Bizimkilər onu-bunu yamsılamaqla məşğuldurlar. Bu milləti yaratmaq, millətimizi məhv eləmək, milli əxlaqımızı pozmaqdan başqa heç nəyə xidmət etmir. Ümumiyyətlə, bütün əxlaq normalarını ayaqlayan belə verilişlər, filmlər təzə deyil. Bu, millətin heysiyyətı ilə oynamaqdır. Tanışlıq verilişləri ola bilər, amma üz görünmədən. Məsələn, elan verməklə. Amma bu şəkildə olmaz. Biri oturur, beşi gəlir, heç birisini də bəyənmir. Sabah yenə beş nəfər gəlir. Bu, biabırçılıqdır.