PDF Oxu

Sosial

  • 10

Dindən çirkin məqsədlər üçün yararlanmaq olmaz

Dindən çirkin məqsədlər üçün yararlanmaq olmaz

Dini tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanda müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib, Bakıda dünya dini liderlərinin sammiti keçirilib. Azərbaycanda vicdan və dini etiqad azadlığı tam təmin olunub, hər bir vətəndaşın hüquq və azadlıqları dövlət tərəfindən təmin olunur və qorunur. Lakin...
...yaradılmış əlverişli şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dindarlar xarici dairələrin dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyir, Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə əməli tədbirlər həyata keçirməyə cəhd göstərirlər.

Azərbaycanda dövlət-din münasibətləri həmişə yüksək səviyyədə olub
Artıq 20 ilə yaxındır ki, Azərbaycan özünün müstəqilliyini bərpa edib. Tarix üçün çox kiçik olan bu müddətdə ölkəmiz keçmiş SSRİ-yə daxil olan respublikalar arasında iqtisadi və siyasi cəhətdən müqayisə olunmaz dərəcədə yüksək sürətlə inkişaf edib. Azərbaycan artıq müasir dünyanın, bütün mütərəqqi beynəlxalq qurumlarının həqiqi üzvüdür. Ölkəmizdə bütün dini icmalar azad şəkildə fəaliyyət göstərir. Söz azadlığı, mənəvi dəyərlərin qorunması təmin edilib.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. İndi Azərbaycanda çox az yaşayış məntəqəsi tapılar ki, orada hansısa bir məbəd olmasın. Ölkədə bütün dini icmalar sərbəst və azad fəlaiyyət göstərir.
Lakin dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.
Bu yaxınlarda hicab məsələsi ilə bağlı bəzi dindarların etirazı xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilib və dəstəklənib. Yadınızdadırsa, hicab məsələsi ilə bağlı iranlı ayətullah Nasir Məkarim Şirazi də eyni mövqedən çıxış etmişdi. O da Azərbaycanda orta məktəblərdə hicaba qoyulan qadağaya qarşı çıxaraq, əhalini bu qərara qarşı müqavimət göstərməyə çağırmışdı.

Məktəblilərə hicab (çadra) tələbinin heç bir hüquqi, mənəvi əsası yoxdur
Hicab (çadranın müasir variantı) məsələsində ölkə ictimaiyyəti, ziyalılar ortaya vətəndaş mövqeyi qoyaraq, bəyan etdilər ki, orta məktəblərdə şagirdlərin hicabla dərsə gəlməsi heç bir kriteriyaya sığmır. Azərbaycan dünyəvi və hüquqi dövlətdir, dövlət-vətəndaş münasibətləri buna əsaslanır. Azərbaycanda dövlətin dinə münasibəti dünyəvilik prinsipinə söykənir. Azərbaycan məktəbləri də dünyəvi məktəblərdir. Dünyəvi məktəblərin də prinsipləri ondan ibarətdir ki, dünyəvilik qaydalarını gerçəkləşdirsin.
Heç bir valideyn azyaşlı övladının başını bağlayıb məktəbə göndərə bilməz. Bu, heç də dini azadlığı məhdudlaşdırmaq deyil, bu, əslində, həmin uşağın azadlığını əlindən almaqdır. Qoy həmin uşaq böyüsün, həyata özünün baxışları formalaşsın, ondan sonra özü müəyyən etsin ki, hicabdan istifadə etsin, ya yox.
Ümumiyyətlə, insanın din seçimi azaddır, bəlkə həmin uşaq yetkinlik yaşına çatdıqda şüurlu şəkildə araşdıracaq və başqa dini seçəcək və ya ateist olacaq? Bu, onun öz təbii və kontitusion hüququdur. Heç bir qüvvənin bu hüquq onun əlindən almaq haqqı yoxdur.

18 yaşına çatana qədər gənclərin tərbiyəsi üçün dövlət məsuliyyət daşıyır
Konstitusiyamıza görə, Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər onların tərbiyəsi üçün dövlət də məsuliyyət daşıyır. Orta məktəblərdə öz övladının gələcək taleyinə istiqamətləndirilən valideynlər də bilsinlər ki, gənclərin sabahı üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. Dünyəvi dövlətin dünyəvi məktəbinin prinsipini pozmaq, vətəndaşın dövlət qarşısındakı borclarını gerçəkləşdirməməsi deməkdir.
Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri var. O vəzifələrdən biri də layiqli övlad böyütməkdir. Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər həmin gənclərin tərbiyəsinə dövlət məsuliyyəti hissi ilə yanaşır və onların dini, dünyəvi dünyagörüşünün formalaşması üçün əlindən gələni edir. Əgər 18 yaşından sonra gənc dünyəvi təhsil ocaqlarında deyil, dini təhsil ocaqlarında təhsil alacaqsa, onun geyiminə dövlət müdaxilə etmir.
Azərbaycan Konstitusiyasında uşaqların dini hərəkətlərə sövq edilməsi ilə bağlı bənd yoxdur. Azərbaycan sivil ölkədir, hər bir insanın dini azadlığı təmin olunub. Ölkədə mütləq sivil dövlətin əsasları orta məktəbdə ən yüksək səviyyədə təmin edilir. Konstitusiyada insan haqlarının bütün tərəfləri həll olunub. Heç kimin Konstitusiyanın bəndlərini dəyişməyə ixtiyarı yoxdur.

Radikal dini qüvvələr ölkənin təhlükəsizliyi üçün ciddi problem yaradır
Xəbər verdiyimiz kimi, yanvarın 8-də rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, onun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Dəyanət Səmədovun evində və işlədiyi elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 əl qumbarası, habelə, yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb.
Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb,
faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə cinayət işi açılmış və istintaqa başlanıb.
Yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülüb.
Göründüyü kimi, radikal dini qüvvələr təkcə zorakılıq və qarşıdurma çağırışları etmir, həm də silahlanaraq öz niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Lakin Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq nümayiş etdirərək, radikal dindarların və onların xarici havadarlarının cinayətkar əməllərini ifşa edib və müvafiq tədbirlər həyata keçirib.

Azərbaycan dünyəvi dövlət və tolerant cəmiyyət modelinə sadiqdir
Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir.
Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.
Təəssüf ki, XX qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən, din amilindən istifadə etməklə ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar.
Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.
Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

Digər xəbərlər